«Mən özümə hörmət etdiyim üçün saxta ittihamlar irəli sürən adamlara hörmət edə bilmərəm»
Xədicə İsmayıl: «Həbsxanaya düşməklə oradakı gizlinləri də öyrəndim…»
Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın məhkəməsi yekunlaşmaq üzrədir. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə artıq təqsirləndirilən, zərərçəkmiş və şahidlərin dindirilməsi mərhələsi yekunlaşıb. Bu məhkəmə prosesində hazırda sənədlərin tədqiqi mərhələsidir. Sənədlərin tədqiqinin bugünkü iclasda başa çatacağı gözlənilir. Hətta prokurorun da elə bu gün çıxış edərək, Xədicə Ismayıla cəza istəyəcəyi istisna olunmur.
Yeri gəlmişkən, prosesin sürətlə aparılması Xədicə Ismayılın etirazına səbəb olub və o, bununla əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə məktub ünvanlayıb. Jurnalist dünənki məhkəmə iclası başlayan kimi həmin məktubu elan edib. Məktubda qeyd edib ki, Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesi tələsik və aşırı sürətlə aparılır: “Nəticədə mənim müdafiə hüququm pozulur. Məhkəmə iş üçün zəruri olan əlavə sənədləri tədqiq etməkdən imtina edir. Vəkillərlə ünsiyyət hüququm məhdudlaşdırılır. Ailəmlə görüş hüququm da pozulur. Mən belə başa düşürəm ki, Ramella Allahverdiyeva bu işi bitirməmiş məzuniyyətə buraxılmayacaq. Kurort mövsümü isə başa çatmaq üzrədir. Mən də tələsik mühakimə olunmağımı istəmirəm. Mən gözləyə bilərəm. Hakimlər məzuniyyətdən qayıdandan sonra bu iş normal şəkildə davam etdirilsin”.
Hakim məktubu qəbul etməyib, Xədicə Ismayıla onu poçt vasitəsilə göndərməyi tövsiyə edib.
Hakimlərə etiraz
Xədicə Ismayıl daha sonra Ramella Allahverdiyevanın sədrlik etdiyi, Novruz Kərimov və Tamilla Nəsrullayevadan ibarət hakimlər heyətinə etiraz verib. Jurnalist vəsatətini əsaslandırarkən bildirib ki, bu məhkəmə tərkibi bugünədək onun və müdafiəçilərinin qaldırdığı vəsatətlərin heç biri təmin etməyib: “Məhkəmə iş üçün əhəmiyyətli olan şahidləri dindirməkdən imtina edir, zəruri sənədlərin işə əlavə olunmasına imkan vermir. Açıq-aşkar prokurorluğun mövqeyini dəstəkləyir. Məhkəmə tərkibinə daxil olan Novruz Kərimov Ramella Allahverdiyevanın təqsirləndirilən şəxsi təhdid etməsinə haqq qazandırır. Bununla da qanunu pozur. Bu məhkəmə tərkibi ittiham tərəfinin dediklərini sözbəsöz təkrarlayır, ittiham tərəfi ilə qanunsuz həmrəylik nümayiş etdirir. Ədalətsiz qərarlar verərək vəsatətlərimizi rədd etməklə, ədalətli mühakimənin həyata keçirilməsinə mane olur. Mən məhkəmə tərkibinin dəyişdirilməsini, bu üç hakimin qanunsuz əməllərinin araşdırılması üçün Məhkəmə-Hüquq Şurasına müraciət olunmasını xahiş edirəm. Novruz Kərimov təkcə qanunsuzluğa don geyindirmir, həm də protokollardakı saxtakarlığa istinad edir. Hakimin yalan danışmasının yolverilməzliyini nəzərə alaraq hesab edirəm ki, bu məhkəmə tərkibi bu işə baxa bilməz”.
Məhkəmə etirazın baxılmamış saxlanılmasına qərar verib.
Daha sonra Xədicə Ismayıl vəsatət qaldıraraq, məhkəmədən onun imzası olan hər hansı müqavilə və ya ödəniş tapşırığının ortaya qoyulmasını istəyib: “Ittiham aktında göstərilib ki, guya mən ”Azadlıq" radiosuna işçiləri xidmət müqaviləsilə işə cəlb edərək, onların büdcəyə daha az vergi ödəməklə işləməsinə şərait yaratmışam və beləliklə də büdcəyə ziyan vurmuşam. Mənim imzam olan hər hansı müqavilə və ya ödəniş tapşırığı yoxdur, varsa, ortaya qoyun".
Vəsatət təmin olunmayıb.
Daha bir vəsatət əlavə şahidlərin dindirilməsi barədə olub. Həmin şahidlər “Interpress” saytının redaktoru Ramal Hüseynov, “ann.az” saytının rəhbəri Nailə Bağırova və “Aznews” saytının baş redaktoru Elçin Zahiroğlu idi. Xədicə Ismayıl vəsatəti belə əsaslandırıb: “Ittiham aktında Ramal Hüseynovun ifadəsinə istinad olunub. Çağırın onu, burda dindirin. Prokurorluğa daha bir şans vermək istəyirəm ki, mənim Tural Müstafayevi işləməyə qoymadığımı sübut edən bircə fakt ortaya qoysun. Burada dindirilən şahidlər bildirdilər ki, istintaqda təzyiq altında ifadə veriblər. Prokuror da burada yalan danışır ki, guya Tural Mustafayev və digərlərinə təzyiq olmayıb. Prokurora xatırladım ki, yalan danışmaq nə onun vəzifəsinə yaraşır, nə də qanunlara”.
Qeyd edək ki, Xədicə Ismayılın məhkəmədə əlavə şahid kimi dindirilməsini istədiyi şəxslər Tural Mustafayevin çalışdığı saytların rəhbərləridir.
Məhkəmə bu vəsatəti də təmin etməyib. Ramella Allahverdiyeva qərarı belə əsaslandırıb: “Mustafayev burada ifadə verərkən sizə böhtan atdığını etiraf etdi. Digər bir neçə şahid də onun mövqeyini müdafiə edərək, ibtidai istintaqa ifadələrindən imtina etdi. Məhkəmə bütün bunlara müşavirə otağında qiymət verəcək. Ona görə də əlavə şahidlərin dindirilməsinə ehtiyac yoxdur”.
“Bu, tamamilə fantaziyadır”
Müdafiə tərəfinin növbəti vəsatəti Konstitusiya Məhkəməsinə müraciətlə bağlı olub.
“Istintaq orqanı Xədicə Ismayılı Xarici Işlər Nazirliyində akkreditasiyadan keçmədən ”Azadlıq" radiosunda jurnalist fəaliyyətilə məşğul olmaqda günahlandırır. Xatırladım ki, dövlət başçısının 2 sentyabr 2002-ci il tarixli, bəzi fəaliyyət növlərinə lisenziya verilməsi qaydalarının təkmilləşdirilməsinə dair fərmanı var. Jurnalist fəaliyyəti lisenziya tələb edən fəaliyyət növü kimi orada öz əksini tapmayıb. Sadəcə, istintaq orqanı belə fantaziya uydurub və Xədicə Ismayılın fəaliyyətini qanunsuz sahibkarlıq kimi qiymətləndirib. Ona görə də xahiş edirik ki, Konstitusiya Məhkəməsinə sorğu verərək, qanunvericiliyə görə jurnalistikanın lisenziya tələb edən fəaliyyət növü olub olmadığını dəqiqləşdirəsiniz", – deyə vəkil Cavad Cavadov bildirib.
Xədicə Ismayıl da vəkilinin vəsatətini müdafiə edib: “Bu, tamamilə fantaziyadır, sizin prezidentiniz mətbuat işçilərini yığıb deyir ki, xarici mətbuata çıxış əldə etmək lazımdır. O biri tərəfdən isə siz xarici mediada jurnalist kimi fəaliyyət üçün lisenziya tələb edirsiz. Birinci növbədə mövqeyinizi müəyyənləşdirin. Mətbuat lisenziyalaşdırılmamış fəaliyyət növüdür. Bu, konstitusiyada təsbit olunmuş mətbuat azadlığı normasına uyğun olaraq belə müəyyənləşdirilib”.
Bu vəsatət də təmin olunmayıb.
Vəkil Cavad Cavadovun daha bir vəsatəti Tibb Universitetinin dosenti, psixiatr Araz Mənuçehrinin əlavə şahid kimi dindirilməsi haqda olub. Çünki iş üzrə zərərçəkmiş qismində tanınan Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimli məhkəməyə ifadəsində Turalın ciddi psixi problemlərinin olduğunu, bu üzdən adıçəkilən həkimə müraciət etdiklərini bildirmişdi. Onun sözlərinə görə, həkim Tural Mustafayevə müalicə olunmayan psixopat diaqnozu qoymuşdu.
Məhkəmə həkimin dindirilməsilə bağlı vəsatəti də təmin etməyib.
Daha sonra Xədicə Ismayıl vəsatət qaldıraraq, məhkəmədən vəkillərilə məsləhətləşmələr aparmaq üçün bir həftə vaxt istəyib: “Mənim müdafiəçilərlə ünsiyyətimə kifayət qədər şərait yaradılmır. Məhkəmənin özündə belə, vəkillərimlə məsləhətləşə bilmirəm, nəzarətçilər söhbətimizə qulaq asırlar. Müdafiəçilərimin mənə sənəd verməsinə də mane olurlar. Mənim müdafiə hüququm pozulur. Digər tərəfdən, hər gün məhkəməyə gətirilməklə mənim açıq havada gəzmək, ailəmlə görüşmək hüququm da pozulur. Mən məhkəmədən bir həftə vaxt istəyirəm ki, vəkillərimlə rahat məsləhətləşmək imkanım olsun”.
Hakim vəsatəti təmin etməyib, amma prosesdə iki saatlıq fasilə elan edib.
“İradınızı Con Kerriyə ünvanlaya bilərsiz”
Fasilədən sonra Xədicə Ismayıl bir daha məhkəmə prosesinin tələsik aparılmasına etiraz edib: “Yəqin kurorta tələsirsiz. Bəlkə də Avropa ölkələri vaxtında sanksiya tətbiq etsəydi, indi Karlovı Varıya tələsməzdiniz. Bizim hüquqlarımızı özünüzün istirahət hüququnuza qurban verirsiz. Mən məhkəmənin tələsik şəkildə keçirilməsinə etiraz edirəm”.
Daha sonra Xədicə Ismayıl Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) madədsilə verilən ittiham istisna olmaqla, digər ittihamlar üzrə ifadə verib. 125-ci maddə üzrə ifadə verməməsini isə Tural Mustafayevin məhkəmədə iştirak etməməsilə əsaslandırıb. O, Mustafayevin məhkəmədə iştirakının təmin olunmasını istəyib.
Xədicə Ismayıl ifadəsində bildirib ki, Azad Avropa/Azadlıq Radiosunun nümayəndəliyinin rəhbəri kimi vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınma və 3-cü şəxsin xeyrinə mənimsəmədə ittiham edilir: “Mən Azərbaycan nümayəndəliyinin rəhbəri olmamışam. Bakı bürosu Azərbaycan nümayəndəliyi deyil. Mən heç kimi işə götürməmişəm, mənim özümü işə götürüblər. Mən heç kimlə müqavilə bağlamamışam. Mənimlə müqaviləyə Con Kapler imza atıb. Ümumiyyətlə, ”Azadlıq" radiosunun Bakı bürosu deyə hüquqi şəxs olmayıb. Bakı bürosu radionun şöbələrindən biri olub. Büro rəhbəri kimi mənim işim keyfiyyətli məhsul ortaya qoymaq, işçi qüvvəsini effektiv bölmək olub. Ümumiyyətlə, Qərb mediasında iki qanad olur – maliyyə və yaradıcılıq. Mən yaradıcılıq qanadına baxmışam, maliyyə işlərinə aidiyyatım olmayıb. Radiodaki digər işçilər kimi mən də işə götürülmüşəm. Işimin öhdəsindən də yaxşı gəlmişəm. Elə ona görə də həbs olunmuşam. “Azadlıq” radiosunun ölkədəki həqiqətlərin üzə çıxarılması baxımından əvəzsiz xidmətləri olub.
Tezliklər və lisenziyalarla bağlı müqavilələr də Bakı bürosu və ya Azərbaycan nümayəndəliyilə deyil, ABŞ-ın Yayım Idarəetmə Şurası ilə bağlanıb".
Xədicə Ismayıl Azadlıq Radiosunun hüquqi nümayəndəsi Adil Ismayılovun sorğuları əsasında Teleradio Şurası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Teleradio Istehalat Birliyinin verdiyi məktubların surətlərini ifadəsinə əlavə kimi məhkəməyə təqdim edib. Həmin məktublardan bəlli olur ki, radionun 2009-cu il yanvarın 1-ə qədərki yayımı qanunsuz olmayıb: “Lisenziyanı ABŞ Yayım Idarəetmə Şurası alıb, həmin qurum da Vaşinqtonda yerləşir, rəhbəri də ABŞ Dövlət katibidir. Bu məsələ ilə bağlı hər hansı iradınız varsa, Con Kerriyə ünvanlaya bilərsiz”.
Dustaqlara ət, pendir verilməlidir, amma verilmir
Xədicə Ismayıl büro rəhbərliyindən istefa verdikdən sonra radioda ştatdan kənar çalışmasının səbəbini də açıqlayıb: “Azərbaycanda elə redaksiya yoxdur ki, orada ştatlı işçilərlə yanaşı, ştatdan kənar işçilər də olmasın. Mən özüm rəhbər vəzifədən çıxandan sonra ştatdankənar işləməyə üstünlük vermişəm. Mən azadlığıma üstünlük verdiyimə görə, başqa qurumlarla da əməkdaşlıq etmək üçün bu seçimi etmişəm. Kefim istəyəndə gəlirdim, istəməyəndə yox. Mənə ştatlı işçi kimi əmək müqaviləsi bağlamaq təklif olunmuşdu, özüm istəməmişəm.
Mən burada qatığın ağ olduğunu sübut etməklə məşğulam. Çünki ittiham tərəfinin ən adi məsələləri belə anlamaq problemi var. Başa düşürəm, tapşırıq verilib ki, məni tutmaq lazımdır. Heç olmazsa, bir az səy göstərəydilər, nəsə ortaya qoyaydılar. Intiqam müəllimin işində nəsə düzüb-qoşublar, mənim işimdə bunu da eləməyiblər. Küsürəm sizdən, Intiqam müəllimə qoyduğunuz hörməti mənə də qoyardınız.
Belə adi şeylər haqqında uzun-uzadı danışmaq intellektimi təhqir edir. Hətta daltoniklər də başa düşür ki, qatıq ağdır. Amma prokurorluq işçiləri bunu başa düşmür. Bakı bürosunun Azərbaycan nümayəndəliyi olmadığını başa düşmək üçün məni 8 ay həbsdə saxlamaq lazım idi? Məni həbsdə saxlamaq üçün dövlət bu qədər xərc çəkməli idi?
Yeri gəlmişkən mən həbsxanaya düşməklə oradakı gizlinləri də öyrəndim. Məsələn, bildim ki, məhbuslara ət, pendir verilməlidir, amma verilmir. Prokurorluq orqanlarının harda, necə saxtakarlıq etdiyini, kimdən rüşvət aldığını orada öyrəndim. Yaxşı olar ki, prokurorluq bu cür korrupsiya hallarını araşdırsın".
Xədicə Ismayıl dövlət ittihamçısı Ramazan Hadıyevin suallarını da cavablandırıb. Dindirmə zamanı Xədicə Ismayıl heç kimi işdən çıxarmaq səlahiyyəti olmadığını bir daha vurğulayarkən prokurorla aralarında belə bir dialoq olub:
Xədicə Ismayıl:
– Anlamaq çətinliyiniz varsa və ya danışdığım dili başa düşmürsüzsə, bunu deyin, bilək.
Prokuror:
– Xədicə Ismayıl, mən özümə hörmətlə yanaşıram, ona görə də sizə hörmət edirəm, sizdən də bunu gözləyirəm.
Xədicə Ismayıl:
– Mən özümə hörmət etdiyim üçün saxta ittihamlar irəli sürən adamlara hörmət edə bilmərəm.
Dindirmə zamanı Xədicə Ismayıl 125-ci maddə üzrə sualları cavablandırmaq imtina edib. Bildirib ki, yalnız Tural özü məhkəməyə gələndən sonra suallara cavab verəcək. Məhkəmə iclas katibi məlumat verib ki, Tural Mustafayevin özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Atası isə oğlunun yeri barədə məlumatsız olduğunu, onun neçə gündür ki, evə gəlmədiyini bildirib.
Prokuror 125-ci maddə üzrə suallarını səsləndirsə də, Xədicə Ismayıl onları cavabsız qoyub. Yalnız prokurorun “Sizi martın 8-də ”Status" kafesinə kim və hansı məqsədlə dəvət etmişdi?" sualına ironik cavab verib: “Orada dövlət çevrilişi planını müzakirə edirdik”.
Prokurorun Tural Mustafayevin hansı səbəbdən birdən-birə onun üçün düşmənə çevrilməsi barədə sualını da Xədicə Ismayıl cavabsız qoymayıb: “Mən heç kimi düşmən hesab etmirəm. Hətta Ilham Əliyevi də düşmən saymıram. Mən, ümumiyyətlə, düşmənçilik və nifrət hissindən uzağam. Bu hissi daşıyan adamlar zəif adamlardır”.
Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb. “Azadlıq” radiosunun ofisindəki axtarış protokolu, məhkəmə mühasibatlıq ekspertizasının rəyi, Tural Mustafayevin intiharı ilə əlaqədar Bakı Şəhər Prokurorluğunun Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin rəisinə ünvanlandığı məktub elan olunub.
Məhkəmə prosesi bu gün davam edəcək.




