İki aylıq seçim hökumətində AKP və HDP təmsil olunacaq
MHP və CHP yeni Nazirlər Kabinetini «boykot» etdi
Türkiyədə yeni hökumətin qurulması üçün ayrılan 45 günlük vaxt avqustun 25-də tamam olur. Ona qədər ya koalisyon hökumət qurulmalı, ya da prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə seçim hökumətinə qərar verilməli idi. Iyulun 9-da koalisiya qurmaq vəzifəsini üzərinə götürən baş nazir Əhməd Davudoğlu bu müddət ərzində müxalifət partiyaları ilə keçirdiyi görüşlərin heç birində müsbət nəticə əldə edə bilmədi. Davudoğlu iddia edir ki, koalisiyanın qurulması üçün əlindən gələni edib. Qarşı tərəfin bu məsələ ilə bağlı qənaəti isə tam fərqlidir. CHP və MHP hesab edir ki, AKP koalisiya qurmaqda maraqlı olmayıb və ittifaq da bu səbəbdən baş tutmayıb.
Gözlənilən siyasi gediş
Indi bütün bunlar geridə qalıb. Və dünəndən başlayaraq Türkiyənin siyasi həyatında həlledici qərarların qəbuluna başlanılıb. Baş nazir Əhməd Davudoğludan yeni hökuməti qurmaq vəzifəsini təhvil alan Ərdoğan bu missiyanı ya seçkidə AKP-dən sonra ən çox səs toplamış partiyaya – CHP-yə həvalə etməli, ya da özünün quracağı seçim hökumətinə qərar verməli idi.
Dünən Prezident Külliyyəsində jurnalistləri qəbul edən Ərdoğan çıxışı zamanı bu məsələ ilə bağlı niyyətinin nə olduğuna dolayı yolla aydınlıq gətirdi. Ərdoğan ona işarə etdi ki, yeni hökuməti qurmaq vəzifəsini CHP-yə verməyi düşünmür və müvəqqəti seçim hökumətinə üstünlük verir.
Bu xəbərin təsdiqini tapması Ərdoğanın seçim hökumətinə getməsi demək idi. Bu halda, parlamentdə təmsil olunan bütün siyasi partiyalar hökumətə deputatlarının sayı qədər üzv verməlidirlər. MHP belə bir hökumətdə yer almayacağını əvvəlcədən açıqlamışdı. Deməli, seçim hökuməti qurulacağı təqdirdə, orada AKP, CHP və HDP təmsil olunacaq.
“Beştəpənin” ünvanını bilməyənlərə ayıracaq vaxtımız yoxdur”
Dünənki görüşlərinin birində Ərdoğan yenə yeni hökumətlə bağlı fikirlər səsləndirdi və onun “Beştəpənin” ünvanını bilməyənlərə sərf edəcək vaxtımız yoxdur” deməsi CHP-yə rədd cavabının verilməsi demək idi. “Beştəpə” deyərkən Ərdoğan CHP-nin “boykot” etdiyi prezident sarayını nəzərdə tuturdu.
Türkiyə prezidentinin bu açıqlamasından sonra yeni hökuməti qurmaq vəzifəsinin CHP-yə verilməyəcəyi tam aydın oldu. Və dərhal bütün nəzərlər seçim hökumətinə yönəldi. Türkiyə Cümhuriyyətinin siyasi tarixində ilk dəfə olaraq qurulacaq seçim hökuməti nə demək idi və bundan sonra hansı addımlar atılmalı idi?
Türkiyə mətbuatının yazdıqlarından belə məlum olur ki, bu halda Ərdoğan Konstitusiyaya uyğun olaraq parlamentin sədri Ismət Yıldızla məsləhətləşməli və bundan sonra millət vəkillərindən birinə yeni hökuməti qurmaq vəzifəsini həvalə etməlidir. Iddialara görə, bu şəxs baş nazir Əhməd Davudoğlu olacaq.
Seçim hökumətində 26 nəfərdən ibarət Nazirlər Kabineti fəaliyyət göstərəcək. Qaydalara görə, Nazirlər Kabinetdə 4 partiya öz nazirləri ilə təmsil olunmalıdır. Bu halda da AKP-nin payına 11, CHP-nin payına 6, MHP və HDP-nin payına isə ayrı-ayrılıqda 3 nazir postu düşəcək. MHP seçim hökumətinə nazir verməyəcəyi üçün bu partiya üçün nəzərdə tutulan yerləri ya parlament daxilindən, ya da kənardan müstəqil namizədlər tutacaq. Daxili işlər, nəqliyyat və ədalət nazirləri isə tərəfsiz məmurlar arasından seçiləcək.
Müvəqqəti Nazirlər Kabineti növbəti seçkiyə qədər fəaliyyət göstərəcək. Erkən seçkiyə qərar verilən kimi Mərkəzi Seçki Komissiyası seçkinin konkret tarixini açıqlayacaq. Ilkin məlumatlara görə, erkən seçki ən tezi oktyabrın 18-də, en geci isə noyabrın 22-də keçiriləcək.
CHP-dən Ərdoğana rədd cavabı
Türkiyə prezidentinin yeni hökuməti qurmaq vəzifəsini CHP-yə verməməsinə qarşı tərəfdən sərt cavab gəldi. Bu dəfə də CHP AKP-dən gələcək təklifi bəri başdan rədd etdi və seçim hökumətinə nazir verməyəcəyini bildirdi. CHP-nin imtinası o deməkdir ki, seçim hökumətinin formalaşdırdığı Nazirlər Kabinetində yalnız iki partiya təmsil olunacaq. MHP və CHP-nin rədd cavabından sonra boş qalan 9 nazir yerinə kimlərin gətiriləcəyi isə hələ ki məlum deyil. Bu yerlər AKP ilə HDP arasında da bölüşdürülə bilər, bura müstəqil namizədlər də gətirilə bilər.
Iddialara görə, baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə qurulacaq seçim hökumətində AKP-yə 11, HDP-yə 3 yer veriləcək. Qalan 12 nazir isə tərəfsizlər arasından seçiləcək. 26 nazirdən üçünün (daxili işlər, nəqliyyat və ədalət naziri) müstəqillər arasından seçilməsi isə birbaşa Konstitusiyanın tələbidir.
Ərdoğandan müxalifətə lətifəli cavab
Seçim hökumətinə “yox” deyən CHP bu qərarına aydınlıq gətirdi. Partiya sədrinin müavini Haluk Koç bildirdi ki, Ərdoğanın hökuməti qurmaq vəzifəsini CHP-yə verməməsi faktiki olaraq milli iradənin qəsb edilməsidir: “Ərdoğan CHP-li bir seçimin ortaya çıxmasına açıq şəkildə mane olur. Bütün demokratik dəyərləri çeynəyir. Milli iradəni öz hakimiyyət maraqları üçün girov götürür. Ortalıq qan gölünə dönüb, o da Qaçaq sarayda lətifə danışmaqla məşğuldur”.
CHP yetkilisinin bəhs etdiyi lətifəni Ərdoğan dünən onu tənqid edən müxalifət liderlərinə cavab olaraq danışmışdı: “Deyir, ata, bir oğru tutmuşam. Oğlum gətir… Gəlmir, ata. Burax getsin. Getmir, ata”. Bunların vəziyyəti bax belədir. Sonra da çıxıb deyirlər ki, prezident hökumət qurmağa mane olur. Gəldiz, amma prezident sizi qapıdan qovdu?! Əl sıxışdınız, amma prezident əlinizə vurdu?!”.
Gültəkin