Səkkiz min pul alıblar, oynamaqlarına bax…

AXCP-yə qarşı kampaniya necə ifşa edildi; Cəbhəçilərin əqidəyə sədaqəti hakimiyyəti şoka saldı; Razi Nurullayev qeyri-ciddi durumda…

Hə, bu nağıl da belə bitdi. “Razi əməliyyatı” ilə AXCP-ni yan üstə qoyacaqları haqda İlham Əliyevə verilən ümidlər 8 nəfərlik ölüvay bir mətbuat konfransı ilə puça çıxdı. Yəqin, İlham Əliyev də bu gün Beynəlxalq Mətbuat Mərkəzində Razi Nurullayevin sağında-solunda otuzdurulan adamların kimliyini dəqiqləşdirib, onlardan 4-nün çoxdan AXCP-dən çıxarıldığını, 1-nin isə ümumiyyətlə “lipa” olduğunu öyrənəcək və bu “iki cüt, bir tək” adam üçün xərclənən filan qədər pulun hesabını soracaq. Nədə də olmasa, “haqq-hesab”da İlham Əliyev dəqiq və güzəştsiz təsiri bağışlayır…

Bu “Razi əməliyyatı” nə üçün hazırlanmışdı, İlham Əliyev onu niyə sanksiyalaşdırmışdı və sonunda o, niyə nağıla döndü, hamısına abzas-abzas aydınlıq gətirəcəyik. Hələliksə, o mətbuat konfransındakı mənzərə barədə bir neçə kəlmə.

7+1 ora niyə yığışmışdı?

Ondan başlayaq ki, Rəfael Becanov adlı heç vaxt AXCP-yə aidiyyatı olmamış bir adamı niyə Nurullayev kampaniyasına qoşublar, heç cür anlaşılan deyil. Məgər, sayları 7 olsaydı bundan daha gülüncmü görünəcəkdilər? “Gülünc” burada ümumi mənzərəyə aid edilir, əslində. Adamların fərdi görünüşləri daha çox faciəvi idi, nəinki gülməli. Elə bil siyasi planlarını elan etməyə yox, ölüm hökmlərini dinləməyə yığılmışdılar. Üz-gözlərindən əzab yağırdı. Sanki, qəlblərinin dərinliyində ruhlarını Şeytana qapdırdıqlarını dərk edirdilər.

O mənzərənin gözlər önünə sərdiyi daha ciddi nəticə isə budur ki, AXCP üzvlərinin mütləq əksəriyyətini nə şirnikləndirib ələ almaq olur, nə də qorxudub əqidəsindən döndərmək. Ona görə də ümid bu və ya başqa səbəbdən artıq AXCP-dən çıxarılmış adamlara qalıb. Onlar da o qədər azdır ki, sıraya “lipa” da qoşurlar…

İndi isə “Razi əməliyyatı” barədə.

Xalq Cəbhəsi Əliyevin lüksünü necə pozdu?

Hər şey 2013 seçkisindən sonra üçün qurulan planların pozulmasına görə başladı. İlham Əliyev açıq saxtakarlıq və dünya ilə düşmən kəsilmək hesabına olsa da, prezident kürsüsünü saxlayanda yeganə təsəllisi bu idi ki, daxildə siyasi rəqib problemi qalmayıb. Bir tərəfdən təsir edə bildiklərini çəkib Milli Şuradan çıxarıb, aşkar-gizli əlaqədə olduqları partiyalardan “Dialoq müxalifəti” düzəldib, üstəlik yeni “cib müxalifəti” layihəsini işə salıb, bugünlərdə baş redaktoruna medal verdiyi keçmiş tənqidçisini “hökumətin ən çox oxunan qəzeti”nə çevirib və s. O biri tərəfdən isə Xalq Cəbhəsinin qərargahını partlatdıraraq, onu və Milli Şuranı hətta iclas keçirmək imkanından da məhrum edib, onlara qarşı təzyiqləri gücləndirib, onların gücünə güc qatan vətəndaş cəmiyyətinə divan tutub və s. Bütün bunlar İlham Əliyev hökumətinə ən azı daxildəki vəziyyətə görə rahat olmaq lüksü yaradırdı ki, birdən Xalq Cəbhəsi hər şeyi alt-üst etdi. Onun təşəbbüsü və əsas donorluğu ilə 2014-cü ilin payızında Milli Şura əvvəl siyasi məhbuslara azadlıq tələbilə, sonra da bahalaşma əleyhinə izdihamlı mitinqlər keçirdi. Bu, daxildəki vəziyyətlə bağlı arxayınlaşmış Əliyev hakimiyyəti üçün əsl “soyuq duş” oldu. Hakimiyyət anladı ki, əsas siyasi rəqib nəinki sıradan çıxıb, əksinə bir qədər də güclənib və başqa siyasi oyunçular yoxa çıxdığından, müxalifət düşərgəsinin tək təmsilçisinə çevrilib. Bu da bütün narazı elektoratı məhz onun ətrafında cəm edir. Buna görə də Xalq Cəbhəsinə qarşı yeni əməliyyata qərar verildi – bu əməliyyat baş tutacağı təqdirdə Milli Şuranın da zədələnəcəyi nəzərə alınmaqla.

Köhnə plan yeni təqdimatda

AXCP-yə qarşı yeni plan özlüyündə çox ciddi olub. Partiya rəhbərliyindən aldığımız xəbərlər göstərir ki, plana əsasən ranqlı funksionerlərdən kimlərisə “qarmağa keçirib”, onların vasitəsilə “cəbhəçi ovuna” başlanmalı və müəyyən vaxtdan sonra “AXCP-də bölünmə” şousu təşkil edilməliymiş. Göründüyü kimi, plan kəmiyyət baxımından yenidir, məzmununun keyfiyyətsizliyi baxımından isə əvvəlkilərin təkrarıdır. Bunu hətta “Qüdrət Həsənquliyev əməliyyatı”nın “kopirovkası” da adlandırmaq olar. Görünür, oralarda, hakimiyyət kabinetlərində yeni ideyalar doğura biləcək başlardan korluq çəkirlər. Hər nədirsə, bu dəfə AXCP-dən tapıb qarmağa keçirdikləri Razi Nurullayev özünə heç bir cəbhəçini cəlb edə bilmədi. Görünür, cəbhəçilər onun “ov” üçün vasitə olduğunu anlamağa çətinlik çəkməyiblər. Beləliklə, Əliyev komandasının xeyli pul xərclədiyi “ov mövsümü” iki cüt bir tək keçmiş AXCP üzvünü Nurullayevin yanına qoşmaqla başa çatdı.

Pul və zora qarşı sınmaz iradə

Bu “əməliyyat”da babat “otkat”ın – maliyyə fırıldağının olduğunu düşünənlər də var. Amma məsələ təkcə kimlərinsə AXCP-nin hesabına varlanmaq istəyindən ibarət ola bilməz. Bu, olsa-olsa prosesin gedişində vərdişkar olduqları korrupsiyaya yol verməkdir. Prosesi pul gücünə yürütmək cəhdi isə hakimiyyətdəkilərin başqalarını da özləri kimi təsəvvür etmələri ilə izah oluna bilər. Necə deyərlər, hərə öz arşını ilə ölçür. Onlara görə, pul siyasi mövqedən daha üstündür, pulun keçərli olmadığı hallarda isə qorxu öz işini görər. Onlar özlərinə baxıb, pul və hədə qarşısında siyasi mövqeyindən imtina etməyən insan tipi tanımırlar. Bu yanaşma ilə də hakimiyyətin bütün gücü, MTN-dən “Bandotdel”ə, “ənənəviçilər”dən Paşayevlərə qədər, AXCP-yə qarşı əməliyyata səfərbər olundu. Hədəf Əli Kərimlinin yaxın ətrafından, yerli təşkilatların rəhbərlərindən və Gənclər Komitəsinin fəallarından kimləri mümkündürsə, qoparıb Nurullayevin yanına atmaq idi. Amma göründüyü kimi, heç kim ələ keçmədi. O qədər inzibati güc və pul cəbhəçilərin mətin iradəsini sarsıda bilmədi.

Şüurlu seçim imkanı

Burada bizə bəlli olan bir məlumatı maraqlı detal kimi vurğulamadan keçə bilmərik. “Razi əməıliyyatı” başlayandan ta sona qədər AXCP rəhbərliyi onun demək olar ki, hər həlqəsi barədə məlumatlı olub. Kimlərlə, haralarda, necə danışıqlar aparıldığından tutmuş, bütün başqa detallara qədər AXCP rəhbərliyi anında xəbər tuta bilirmiş. Buna baxmayaraq, danışıqlara cəlb olunan heç bir cəbhəçiyə aldığı təkliflərdən imtina etməsi, AXCP-dən getməməsi üçün xüsusi təsir göstərilməyib. Partiya rəhbərliyi onların hamısına bir növ, şüurlu seçim imkanı tanıyıb. Cəbhəçilərin də mütləq əksəriyyəti göründüyü kimi, bu imtahandan üzüağ çıxıb. Partiya rəhbərliyi təmkinli davrandığı qədər də, tədbirli davranıb. Artıq “qarmağa düşdüyü” bəlli olan partiya üzvləri vaxtında və səssizcə təşkilatdan kənarlaşdırılıb. Belələrinin barmaqla sayılacaq qədərdən də az olması isə AXCP-nin necə monolit, prinsiplərinə və əqidəsinə sadiq insanlardan ibarət olduğunu göstərir.

AXCP rəhbərliyini bu əməliyyatla bağlı özünə inamlı edən başlıca faktor da yəqin ki, partiya üzvlərinin sədaqəti, mübarizə əzmi və prinsiplərinə bağlılığı olub. Digər faktorlar isə məlumatlılıq, qarşı tərəfin atdığı addımlardan vaxtında xəbər tuta bilmək və cəmiyyətin real müxalifət kimi Xalq Cəbhəsinə yeni-yeni üzvlərlə verdiyi dəstək ola bilər.

Hakimiyyətin pərtliyi və Nurullayevin xərclənməsi

“Razi əməliyyatı”nın belə uğursuz sonluğu təbii ki, bütövlükdə hakimiyyəti pərt vəziyyətə saldı. Əlbəttə, indi bu pərtliyi zahiri qələbə ədası ilə gizləməyə, AXCP-nin adı ətrafında mübahisə görüntüsü yaradıb cəmiyyəti aldatmağa çalışacaqlar. Amma içlərində nə məğlubiyyət açısı çəkdiklərini özləri hamıdan yaxşı bilirlər. Bu gedişdə ən uyğunsuz vəziyyətə isə təbii ki, Razi Nurullayevin özü düşdü. Çünki o, təkcə məğlubiyyətin yox, həm də aşkar gülüş obyekti olmağın acısını yaşayır. Üstəlik, hansısa perspektivlərə iddiası vardısa, indi özünü xərclənmiş durumda görməyin ağrısına qovrulmaya bilməz. Hakimiyyət daha bir “şikar”ını uğursuz əməliyyatın qurbanına çevirdi. İndi o, “AXCP adına iddia edirik” qışqırtısı ilə “can çəkişə” bilər, amma bu, onu labüd “ölümdən” xilas etməyəcək. Onun AXCP adına iddiası Hafiz Hacıyevin Müsavat adına iddiası qədər ciddi ola bilər.

Təbriklər, AXCP!

Beləliklə, AXCP rəhbərliyini və partiya üzvlərini təbrik etmək olar. Onlar yalnız cilalanmış əqidələri ilə “silahlanıb” hüdudsuz imkanlar, geniş “arsenal”la üzərlərinə gələn hakimiyyəti növbəti dəfə geri oturtdu. Minlərlə AXCP fəalı çox ağır sınaqdan ləyaqətlə çıxdı, bir-birinə inamını gücləndirdi. AXCP bu hücumdan demək olar ki, heç nə itirmədi, əksinə, nisbətən zəif iradəli və satılmış üzvlərdən təmizlənərək, daha da möhkəmələndi. Zatən, yel qayadan heç nə apara bilməz!.

Azadlıq