
Ərzaq məhsullarının qiymətlərində artım baş verdi. Ekspertlər bahalaşmanın davam edəcəyini deyirlər
Avqust ayı başlayandan Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində hiss olunacaq artım müşahidə edilməkdədir. Fevralın 21-dəki devalvasiyadan sonra hökumət baş verən qiymət artımını tənzimləməyə cəhd etdi. Bəs indi nə baş verir?
Iqtisadçı Natiq Cəfərli Modern.az saytına bahalaşmanın gözlənilən və qaçılmaz olduğunu deyir: “2015-ci ilin 21 fevral devalvasiyasından sonra hökumət inzibati yollarla, administrativ üsullarla nəzarətedici orqanların köməyi ilə qiymətləri nəzarətdə saxlamağı düşünürdü və kommersiya qurumlarına ciddi basqı edərək qiymətlərin aşağı səviyyədə saxlanmasına çalışırdı. Bunun heç bir iqtisadi əsası yox idi, yalnız inzibati yolla baş verirdi.
Verilən söz bundan ibarət idi ki, Avropa Oyunları bitdikdən sonra biznes üçün müəyyən üstünlüklər və güzəştlər tətbiq olunacaq. Həm gömrükdə, həm də vergidə müəyyən açılımlara gedilməsi düşünülürdü. Bu söz qeyri-rəsmi verilmişdi. Amma üstündən 3 ay keçməsinə baxmayaraq nə vergi, nə də gömrük orqanları tərəfindən hansısa addım atılmadı. Korrupsiya ilə bağlı ciddi dəyişiklik baş tutmadı".
Mütəxəssisin fikrincə, biznes strukturları köhnə qayda ilə işləməyi artıq bacarmadılar: “Çünki 35 faizlik devalvasiya onların iş şəraitinə ciddi təsir edirdi. Onu da nəzərə almaq lazımdır ki, ölkəyə gətirilən məhsulların böyük əksəriyyəti, ərzaq məhsullarının 55 faizə yaxını, geyim məhsullarının 100 faizi, məişət texnikasının 100 faizə yaxını idxaldan asılıdır.
Ona görə də ərzaq və qeyri-ərzaq məhsullarının artımını biznesin devalvasiyadan sonra yaranan situasiyaya uyğunlaşdırılması ilə izah etmək olar. Mən şəxsən bunu gözləyirdim. Bundan sonra da artım davam edəcək.
Hələ devalvasiya zamanı ilin sonu üçün proqnozlaşdırılan iki rəqəmli inflyasiya yetişməkdədir. Bu, ilin sonunda qaçılmaz olacaq". Onun iddiasına görə, əhalinin sosial durumu daha da ağırlaşacaq: “Qiymətlərin qalxması, iş yerlərinin bağlanması, Rusiyadan göndərilən vəsaitlərin kəskin azalması onsuz da sosial durumu ağırlaşdırmışdı. Son zamanlar həm də iş yerlərinin kütləvi bağlanmasının şahidi oluruq. Hesab edirəm ki, bütün bunlar sosial gərginliyin artmasına gətirib çıxaracaq”.
Qeyd edək ki, bir neçə gün əvvəl iqtisadçı alim Qubad Ibadoğlu da inflyasiyanın qaçılmaz olduğunu bildirmişdi.
Dünən isə məlumat yayılıb ki, ərzağın, xüsusilə “Azərsun” Holdinqin məhsullarında 30-35 faiz bahalaşma olub. Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, mağazalarda bahalaşma topdansatış məntəqələrindən məhsulun qiymətlərinin qaldırılması ilə izah edilib. “Azərsun” yayılan məlumatlara münasibət bildirib. Holdinqin Ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov marja.az-a açıqlamasında bildirib ki, “Azərsun”un bütün məhsullarının qiymətini 20-35 faiz arasında bahalaşdırması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, şirkət məhsullarında cəmi 3-5 faiz bahalaşma tətbiq edilib ki, bu da bütün məhsullara aid deyil. Afiq Səfərov bildirib ki, dünyada müşahidə olunan iqtisadi böhran, Çində yuanın devalvasiyası bu prosesə təsir göstərib. O qeyd edib ki, iqtisadi böhranla bağlı holdinqin bəzi məhsullarının qiyməti yüksəlsə də, bəzilərinin qiymətində ucuzlaşma olub.
Devalvasiyadan sonra dollar 34 faiz bahalaşdığından yerli istehsalçılar və idxalçılar çətin vəziyyətdə qalmışdılar. Hətta ötən 5 ayda iri ərzaq şirkətlərinin zərər ilə işlədiyi bildirilirdi. Yerli istehsalçılar bəzi xammalı və qablaşdırma məhsullarını xaricdən aldıqları üçün, dolların bahalaşmasının (34 faizinin) yarısı qədər – təxminən 17-20 faiz bahalşama tələb edirdilər. Indiyə qədər Iqtisadiyyat və Sənaye Nazirliyi qiymətlərin artırılmasına imkan vermirdi.



