Qarşıdan gələn dərin iqtisadi və sosial böhranı görmək üçün artıq mütəxəssis olmağa da ehtiyac yoxdur. Azərbaycan vətəndaşları öz canlarında hər şeyi hiss etməkdədir. Manatın çöküşü böhranın qaranquşu idi və öz qara xəbərini çoxdan gətirib. Banklar bu gün manatla kredit verməyə cəsarət etmirsə, deməli, təzə xəbərlər gözləyirlər. Manat artıq simvolik olaraq mövcuddur…
Böhranın reallığını dartışmağa da ehtiyac qalmayıb. Hakimiyyətin təbliğat ordusu indi bunu təkzib də etməyə çalışmır. Necə də təkzib edəsən? Böhran ən yüksək səviyyədə etiraf edilib. Ilham Əliyev açıqca dedi ki, “biz az pul qazanırıq”! Onun “bizim pulumuz çoxdur” deyə öyündüyü dövrlərin əbədi olacağını düşünənlər isə hələ nə edəcəklərini, nə danışacaqlarını bilmirlər.
AzTV “biz az pul qazanırıq” cümləsini necə təbliğata çevirsin? Nə desin? Deyə də bilmirlər…
Bütün günü turizmin inkişafından, qeyr-neft sektorunun qalxmasından danışmaq olar, amma halva-halva deməklə ağız şirin olmur. Əvvəllər neft pulları ilə nəinki halvanı, hətta tərkibi oğurlanmış asfaltı da şirin etmək olurdu. Indi yoxdur, yoxdan isə hamı bezir, yoxu heç oğurlamaq da olmur. Əcəb vəziyyətdir!
Qırmızı lentlər dövrünə geri boylanmağa da macal yoxdur. Çünki böhranın qırmızı lenti qapıda dayanıb – qayçı ilə kəsiləsi də deyil, çünki neft pullarını göyə sovurmağın, talamağın bədəl lenti xeyli sərtdir. Biz əvvəllər də çox pul qazanmamışıq, ortadakı yalnız neft pulları idi.
Neft pulları həm siyasi hakimiyyətin dayağına və marağına çevrilən korrupsiyanın mənbəyi idi. Həm də abadlıq görüntüsü ilə xalqı aldatmağın mənbəyi idi. Indi o yoxdur. Həm də korrupsiya və oğurluq ikiqat itkiyə çevrilir həmişə, birini sən çırpışdıranda, bir o qədər də keyfiyyətsiz idarəçiliyin yaratdığı ziyan olur.
Mifik müqəddəslərdən olan Xızır Nəbi haqqında danışılan bir əfsanə var. Hələ müqəddəslik qazanmayan Xızır gənc yaşlarında ailə anbarından xəlvəti olaraq taxıl götürərmiş – dost-tanışla bəzi xərclərini ödəmək üçün. Bir gün yenə çuvala taxıl doldurarkən görür ki, kimsə peyda oldu və sakitcə o da öz çuvalını doldurmağa başladı. Xızır çuvalını buraxanda, o da çuvalını buraxdı. Xızır yenidən çuvalını doldurmağa başlayanda, o da özününkünü doldurmağa başladı. Xızır qeybdən gələn bu paralael oğrunun sirrini sonradan öyrəndi. Hətta özündən də oğurlasan, ikiqat gedər – ona belə izah etdilər.
YAP-çılar üçün bu cür deyimlərin heç bir anlamı yoxdur. Amma onlar Azərbaycan sərvətlərini bir oğurladısa, bir o qədər ayaqlar altına atdılar. Yalançı layihələrə, mənasız və yanlış işlərə xərclədilər. Hətta binaların üzlənməsi kimi təhlükəli işlərə. Avropa Oyunlarına, mahnı yarışlarına, mürəbbə festivallarına və s.
Nəticə də odur ki, təhsil bərbaddır, səhiyyə köhnə və yararsızdır, bir universitetin normal yataqxanası yoxdur. Sözün qısası, heç bir sahədə problem həll olunmayıb. Heç bir sahə gerçək inkişafa yetməyib. Saxta rəqəmlər kəskin problemləri gizlətməyə qadir deyil…
Və bunlar belə bir böhran qarşısında nə edəcəklərini də bilmirlər. Köhnə üsullarla, yalan və böhtanlarla davam edirlər. REAL sədri Ilqar Məmmədovun əfv ərizəsi yazması barədə yalan məlumat bunlara nə verə bilər? Bir şeyi anlamırlar – artıq elə bir dövr gəlib ki, o cür ərizənin olub-olmaması da Ilqar bəyə münasibəti, sayğını dəyişdirmir.
Nə də qarşıdan gələn böhranın nəticələrini!