Azərbaycana qarşı Xəzər təhdidi

 

 

Xəzərin statusu ilə bağlı Kreml və Tehran birliyi nə vəd edir?

Hikmət Hacızadə: «Rusiya və İranın Xəzər məsələsində vahid mövqedən çıxış etməsi Azərbaycanın maraqlarına uyğun deyil»

Xəzərin hüquqi statusu problemi aktuallığını qorumaqdadır. Hüquqi statusun həlli təkcə bəzi sahilyanı deyil, Avropa üçün də böyük əhəmiyyət kəsb edir. Çünki bu şəraitdə Xəzər hövzəsindən Avropaya daha çox enerji axınının təmin edilməsində heç bir problem yaşanmayacaq.

“Rusiya və Iran Xəzərlə bağlı səylərini birləşdirir”

Proseslər göstərir ki, danışıqlar yolu ilə statusun çözümü istiqamətində fəaliyyət daha intensiv davam etdiriləcək. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov da təsdiq edib. O, iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirilən mətbuat konfransında bildirib ki, Rusiya və Iran Xəzər dənizinin hüquqi statusu ilə bağlı əməkdaşlığı davam etdirəcək. Nazir qeyd edib ki, iki ölkə Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın üzərində işləyir. Ikitərəfli əməkdaşlıq haqqında danışan Sergey Lavrov qeyd edib ki, onlar dinamik şəkildə inkişaf edir (“Bakı Xəbər”).

Qeyd edək ki, dənizin hüquqi statusu ilə bağlı məsələnin həllində ən maraqlı tərəflərdən biri Azərbaycandır. Rəsmi Bakı dəniz sərhədlərinin mümkün qədər tez müəyyən olunmasını istəyir. Bu, Xəzərdə mübahisəli enerji yataqlarının işlənməsi baxımından da çox önəmlidir. Yeri gəlmişkən onu da bildirək ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən Qərərgah rəisi, 1-ci dərəcəli kapitan Şahin Məmmədov mətbuata müsahibəsində statusla bağlı çox maraqlı fikir səsləndirib: “Biz tam dəstəkləyirik ki, Xəzər dənizi sülh, dostluq, əmin-amanlıq dənizi olmalıdır. Ümumiyyətlə, Xəzər dənizi çox böyük su hövzəsi deyil. Lakin ətrafda beş ölkə var və onların bütün maraqları Xəzər dənizində kəsişir. Bugünkü gün Xəzərin hüquqi statusunun təyin olunması ilə bağlı diplomatik kanallar işləyir. Xarici Işlər Nazirliyinin yaratdığı işçi qrup bu sahədə fəaliyyətini davam etdirir. Ola bilsin ki, 2016-cı ildə Aşqabad Sammitində Xəzərin statusu ilə bağlı yekdil qərəra gəlinsin. Çalışırıq digər Xəzəryanı dövlətlərin maraqlarını və onların hüquqlarını pozmadan konkret öz üzərimizə düşmüş təhlükəsizlik baxımından bütün məsələləri həll edək”.

“Xəzərlə bağlı Rusiya və Iranın mövqeyi”

Qeyd edək ki, Rusiya tərəfi Xəzər dənizinə və onun təbii ehtiyatlarına münasibətdə müstəsna hüquqlara yalnız Xəzəryanı dövlətlərin öz işi olması mövqeyindən yanaşır. Iran Xəzəryanı dövlətlərin Xəzərə bərabər hüquqlarının olduğunu bildirir. Iran tərəfi mövqeyinin digər dörd Xəzəryanı dövlətlərin mövqeyindən fərqləndiyini və onlar arasında dəstəklənməməsini dərk edərək, alternativ variant kimi, Xəzər dənizinin ədalətlilik prinsipinə əsasən beş bərabər hissəyə bölünməsilə 20 faizlik bölgü ideyası ilə də çıxış edir. Lakin bu, qəbuledilməz sayılır. Ekspertlərin fikrincə, Xəzərin hüquqi statusu məsələsinin həllinə əsas mane olan tərəf Irandır. Türkmənistan əvvəlcə Iranın mövqeyini müdafiə edirdi. Türkmənbaşı vəfat etdikdən sonra onun yerinə gələn Qurbanqulu Berdiməhəmmədov daha dəqiq və praqmatik istiqamət həyata keçirməyə başlayıb. Bu ölkənin Azərbaycanla münasibətləri yaxşılaşdığından, tərəflərin status məsələsində ortaq məxrəcə gəlməsində hansısa problem gözlənilmir. Iran və Rusiyanın bu məsələdə obyektivliyi isə status düyününü nəhayət çözə bilər.

Onu da qeyd edək ki, sərhədlərin müəyyən edilməsindən əlavə, Xəzərin “göl”, “su hövzəsi” və ya “dəniz” adlandırılması da mübahisəli mövzusudur. BMT-nin dəniz hüququ üzrə konvensiyasının müvafiq maddəsinə əsasən, Xəzər yarımqapalı dəniz kimi müəyyən edilsə də, Azərbaycan, Qazaxıstan və Türkmənistan həmin konvensiyaya qoşulmadığından, adıçəkilən maddə mübahisəlidir və bütün sahilyanı dövlətlərə mütləq şamil olunmur. Xatırladaq ki, Iran və Türkmənistanla fikir ayrılığına baxmayaraq, digər üç Xəzəryanı dövlət olan Azərbaycan, Qazaxıstan və Rusiya öz aralarında problemləri həll edərək Xəzər dənizinin müvafiq sektorlarının demarkasiyası ilə bağlı ikitərəfli və üçtərəfli sazişlər imzalayıb. Ancaq bu sazişlərin Iran və Türkmənistana aidiyyəti olmadığından, sahilyanı dövlətlər Xəzərin yekun statusunun müəyyənləşdirilməsinə müvəffəq olmayıb. Rusiya və Iranın bu məsələdə fəallaşması isə indiki durumu dəyişə bilər.

Bəs Rusiya və Iranın Xəzərlə bağlı səylərini birləşdirməsi region üçün nə vəd edir? Bu birlik Azərbaycanın maraqlarına təhlükə törədirmi?

“Azərbaycana təzyiqlər artacaq”

Politoloq Hikmət Hacızadənin sözlərinə görə, Rusiya və Iranın Xəzər məsələsində vahid mövqedən çıxış etməsi Azərbaycanın maraqlarına uyğun deyil. H.Hacızadə hesab edir ki, Kreml ilə Tehranın razılaşması Azərbaycan və onun bu məsələdəki müttəfiqlərinə təzyiqin artması deməkdir: “Xəzər guya ki, bölünüb. Amma Xəzərin orta hissəsinin məsələsi hələ də həll olunmayıb. Iran və Rusiya bəyan edir ki, ümumi razılıq olmasa, Xəzərin orta hissəsində heç kim fəaliyyət göstərməməlidir. Amma beynəlxalq hüquqa görə həmin orta hissə azaddır. Orada kim nə istəyir, necə istəyir hərəkət edə bilər. Rusiya və Iran Azərbaycana təzyiqi artıracaq. Baş verənlərin fonunda Azərbaycan yalnız Qərbin dəstəyinə arxalana bilər”.

H.Hacızadə hesab edir ki, əgər Azərbaycan Almaniya və ABŞ-ı bir qədər də sərt tənqid edərsə, Xəzər məsələsində mövqelərinin tam itirilməsinə hazırlaşmalıdır.

Xəyal