Zakir Həsənov vəzifəyə gətirdiyi zabitləri niyə «vurur»?
Müdafiə Nazirliyində gözlənilməz kadr dəyişiklikləri, nazirlikdə tutduğu postdan sui-istifadə edərək qanun pozuntularına yol verən yüksək rütbəli zabitlərin işdən azad edilməsi prosesi davam edir. Neqativ hallara yol verən şəxslər içərisində hətta həbs edilənlərin də olduğu artıq faktdır. Bu ərəfədə AzNews.az işdən çıxarılan daha bir qrup yüksək vəzifəli zabitlərin siyahısını əldə edib. Şok effekti yaradacaq həmin siyahını təqdim edirik:
1.Hərbi hava hücumlarından müdafiə qoşunlarının rəisi, polkovnik-leytenant Tofiq Abbasov;
2.Silahlı Qüvvələrin Avtomobil Xidməti rəisi, polkovnik Kamran Məlikov;
3.Silahlı Qüvvələrin Yanacaq Xidməti rəisi, polkovnik Hüseyn Vəliyev;
4.Silahlı Qüvvələrin Zirehli Tank Xidməti rəisi, polkovnik Elxan Hüseynov;
5.Silahlı Qüvvələrin Ərzaq Xidməti rəisi, polkovnik Malik Qurbanov;
6.Silahlı Qüvvələrin Raket-artileriya silahları rəisi – Maddi-texniki təminat baş idarəsinin rəis müavini, polkovnik Yaqub Əhədov;
Bunlardan başqa Silahlı Qüvvələrin Baş Inspeksiyası Idarəsinin 25 nəfərə yaxın zabit heyətinin hamısı vəzifədən azad edilib. Onların əksəriyyəti barədə cinayət işi başlanıb. 5 nəfər isə həbs edilib. Işdən azad edilənlər arasında Milli Qəhrəman, general-mayor Fəxrəddin Cəbrayılov da var.
Müdafiə Nazirliyi də dəyişikliklər barədə açıqlama verib.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, Müdafiə Nazirliyində aparılan yerdəyişmələrlə bağlı məsələdə kriminal axtarmağa ehtiyac yoxdur: “Bu cür dəyişikliklər təbii qəbul edilməlidir. 2014-cü ilin yekunları və ondan sonrakı dövrdə müxtəlif sahələr üzrə Silahlı Qüvvələrdə aparılan yoxlamaların nəticələrindən sonra nöqsanlara yol verən hərbi qulluqçulara bir neçə dəfə xəbərdarlıq olunub.
Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonadakı apardığı son yoxlamaların nəticələrinə əsasən əvvəllər edilən xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul edilib, nöqsanlara yol verənlərin bir qismi aşağı vəzifəyə keçirilib, digərləri isə kənarlaşdırılıb.
Eyni zamanda nailiyyətləri olan şəxslər vəzifədə irəli çəkilib. Bu kimi tədbirlər Silahlı Qüvvələrimizdə mütəmadi olaraq həyata keçiriləcək.
Media nümayəndələrinə bu məsələdə qeyri-adilik axtarmamağı, kimin hansı rütbədə, hansı vəzifəyə təyin olunması və kənarlaşdırılması barədə məlumatları yaymamağı bir daha tövsiyə edirik".
Müdafiə Nazirliyinin rəsmi mövqeyinə baxmayaraq Zakir Həsənovun kadr dəyişiklikləri bir sıra mülahizələrə səbəb olub. Məsələ burasındadır ki, adları təqdim olunan zabitlərin hamısı məhz Zakir Həsənovun dövründə həmin vəzifələrə gətirilib. Birdən-birə müdafiə nazirinin onlara qarşı münasibətinin dəyişməsi maraqlıdır. Ehtimal olunur ki, bu şəxslər nazirin etimadını doğrultmayıblar. Zakir Həsənov da çətin vəziyyətdə qalmamaq üçün təyinatlarını yenidən nəzərdən keçirmək məcburiyyətində qalıb. Başqa bir ehtimal isə nazirin kadrlarının yol verdiyi nöqsanlar barədə ölkə rəhbərliyinə kompromotlarlın ötürülməsilə bağlıdır. Zakir Həsənov da bu həssas dönəmdə hədəfə gəlməmək üçün dərhal təmizləmələrə başlayıb.
Bəzi ekspertlər isə Müdafiə Nazirliyindəki kadr dəyişikliklərinin Zakir Həsənovun Rusiyaya səfərindən sonra baş verməsinə diqqət çəkirlər. Bu arada “Stratfor” Araşdırmalar Mərkəzi də maraqlı təhlillə çıxış edib. “Ukraynada münaqişənin gərginləşdiyi bir məqamda Rusiya-Qərb qarşıdurması keçmiş sovet periferiyasında da güclənməkdədir. Çərşənbə axşamı Gürcüstanın müdafiə naziri Tina Khidasheli Pentaqonda ABŞ müdafiə naziri Ashton Carter-lə görüşüb. Avqustun sonuna yaxın Gürcüstanda NATO təlim mərkəzi açılır. Bu görüşdən bir gün öncə məlumatlar yayılıb ki, Rusiya 2017-ci ildə Azərbaycanda yeni hərbi baza tikməyi planlaşdırır. Bu məlumatlar hələ təsdiqlənməyib və tamamilə etibarlı da sayıla bilməz. Ancaq NATO təlim mərkəzinin açılması ilə eyni vaxtda yayılır. Bütün bunlar Qafqazda tezliklə mühüm dəyişikliklərin baş verəcəyini göstərir”, – deyə “Stratfor” bildirir. Ekspertlər Müdafiə Nazirliyindəki kadr dəyişikləri ilə bütün bunların arasında əlaqənin mümkünlüyünü istisna etmir.



