«Azərbaycan elə bilir, «The Washington Post» «Pravda»dır»

"Azərbaycan "The Washington Post"u və Vaşinqtonu anlamaqda çətinlik çəkir. Kimsə Azərbaycana başa salmalıdır ki, "The Washington Post" "Pravda" deyil. Azad media anlayışını birbaşa mənada anlamaq Azərbaycan hökumətini ən azı Amerikanın xarici siyasəti barədə bir sıra ağır düşüncələrdən xilas edərdi". eurasianet.org saytında Giorgi Lomsadze belə yazır.
 
Müəllif bu yaxınlarda rəsmi "Azərbaycan" qəzetinin bir məqaləsinə diqqət çəkir. Qəzet "The Washington Post"u Azərbaycanla ABŞ arasında "atəşkəsi pozmaqda" ittiham edirdi.
 
"Əlbəttə, formal olaraq belə bir "atəşkəs" mövcud deyil. Məsələ bundadır ki, Bakı ABŞ rəsmilərinin, özəlliklə enerji məsələləri üzrə xüsusi elçi Amos Hokştaynın səfərini özlüyündə elə yozub ki, guya Vaşinqton Azərbaycanda insan haqlarının durumunun tənqidindən əl çəkir və qarşılıqlı münasibətlər karbohidrogenlərə fokuslanır. Ancaq birdən "The Post" çıxıb hökuməti hüquq müdafiəçisi Leyla Yunus və əri Arif Yunusun məhkəməsinə görə sərt tənqid edir. Yəqin Bakıda "The Post"a hökumətin "əsas ruporları"ndan biri kimi baxırlar. Rəsmi rupor olan "Azərbaycan" isə tənqidi anlamadığını iddia edir", – deyə yazıda qeyd olnur.
 
Müəllif Yunuslara verilən cəzanı beynəlxalq ictimaiyyətin pisləməsindən bəhs edir. Xatırladır ki, Dövlət Departamenti də hökmdən "bərk narahat" olduğunu bəyan edib.
 
"Bu heç də o demək deyil ki, yazar "Voterqeyt" və ya "Pentaqon sənədləri" qalmaqalları barədə eşitməyib və ABŞ mediasının Dövlət Departamentinin müti əlavəsi olduğunu düşünür. Azərbaycan hökuməti doğrudan da əlaltısı olan media vasitəsilə öz baxışlarını yerli və beynəlxalq izləyicilərə çatdırır. Bu tipli redaksiya məqalələri isə ölkə elitasının müstəqil medianı alababat anladığını göstərir. Bu səbəbdən Bakı Vaşinqtonu da çətin anlayır.
 
Ola bilsin, Vaşinqtonun Bakıyla hərbi vəziyyətdə olmasından heç xəbəri də olmayıb, o ki qaldı münasibətlərin istiləşməsindən. İndi "Azərbaycan" qəzeti tezliklə daha bir məqalə dərc edər. "The Washington Post" avqustun 16-da yaydığı redaksiya məqaləsində Yunusların "qəddar avtokratın şıltaqlığı nəticəsində həbsdə çürüdüyünü" yazıb. Yəqin ki, "The Post" tezliklə Azərbaycanın hökumətyönlü mediasından diplomatik nota alacaq", – deyə məqalədə bildirilir.