elnurastanbeyli@gmail.com
Həm Azərbaycanda neft hasilatının azalması, həm də neftin qiymətinin ucuzlaşması hər addımda öz sözünü deyir. Bunun ən parlaq nümunələrindən biri Göygölün nəhayət ki, yaptokratların işğalından azad olub (o gün olsun Isa bulağını da ermənilərdən azad edək, çoxdankı arzumuza çatıb orada kabab çəkək, yallı gedək) qara camaatın üzünə açılmasıdır. Bəs necə, el arasında məşhur olan sözlə desək, “Şakaya pul lazımdır”. Pulsuzluq illəri başlayır, partiya və hökumətin yalan və talan siyasəti nəticəsində isə neft gəlirləri ötən illərdə havaya sovrulub, korrupsiya, tamahkarlıq qeyri-neft sektoru yaratmağa imkan verməyib, ona görə də gələcəkdə büdcənin necə doldurulacağı məlum deyil. Belədə Göygöldən yığılacaq pul da böyük qənimətdir.
Bəli, vəziyyətin acınacaqlı olması hər keçən gün daha aydın görünür. Bu aydın fonda isə dünənki saytlarda bu il Həcc kvotasının dolmaması barədə xəbər xüsusilə çox göz oxşayırdı. Bəli, bəli, məhz göz oxşayırdı! Niyə? Əvvəlki illərdə Həccə getmək üçün əməlli-başlı basabas olardı, az qalardı uca millət sevgili xalq bir-birinin qanını içsin, indi isə belə məlum olur ki, bu il Ərəbistan çöllərinə pul səpələmək istəməyənlər xeyli azalıb. Indi biz bunu necə başa düşək? Belə çıxır ki, neftin qiyməti azaldıqca xalqımızın qəlbində iman işığı da azalıb?!
Hamı bilir ki, hər il bizdən Həccə gedənlərin xeyli hissəsi vəzifəli, imkanlı şəxslərdir. Onların hansı yollarla pul, sərvət, karyera sahibi olduqlarını demək isə artıqdır. Burada min hoqqadan çıxıb, hər cür şeytanlıq eləyib, qonşusu yatağa ac girərkən özü yağ-bal içində üzüb, sonra da heç nə olmamış kimi gedib Ərəbistan çöllərində şeytan daşlamağın imanla, inancla əlaqəsini tapmaq, əlbəttə, çətindir. Hətta qeyri-mümkündür. Həcc yoluna tökülən pullarla nə qədər səfilin, yetimin, kimsəsizin göz yaşını qurutmaq, nə qədər yoxsulun ac qarnını doyurmaq, nə qədər imkansız gəncin təhsilinə dəstək olmaq, nə qədər imkansız xəstənin şəfa tapmasına kömək etmək varkən imanını, inancını burada Şərə qulluq edib Ərəbistanda şeytan daşlamaqla göstərmək, şübhəsiz, həm gülünc görünür, həm ikrah doğurur.
Amma yaxşı ki, neft ucuzlaşdı və ağlı başında olan, normal düşüncəli hər kəsə onsuz da lap əvvəldən bəlli bir gerçəklik bütün çılpaqlığı ilə ortaya çıxdı: haram qazanılan pullar azaldıqca, Həcc kvotası da boş qalmağa başlayır. Bununla da bir daha təsdiqlənir ki, hansısa rüşvətxor məmurun, xəstənin ağrıyan yerindən əvvəl əlinə, cibinə baxan həkimin, seçkini saxtalaşdırmağı böyük mərifət zənn edib daşıdığı müqəddəs adı ləkələməkdən əsla utanmayan müəllimin, günahsız insanlara sifarişli hökmlər çıxaran hakimin və daha kimlərin, kimlərin hər il Həcc kovotasından pay almaq üçün yaratdıqları basabas əslində nə qədər əldəqayırma, qondarma imiş. Arxasında imandan, inancdan daha çox, merkantil istəklər, şəxsi maraqlar yatırmış: məsələn, öz çirkli əməllərinin guya allah qatında bağışlanılmasına nail olmaq, kirlətdiyi vicdanını rahatlatmağa, insanların dini hisslərini sümürərək başqalarının gözündə ona olan mənfi münasibəti dəyişməyə çalışmaq, ya da – qazanacağı “Hacı” titulunun arxasına sığınaraq daha çox daha çox rüşvət almaq, daha çox saxta bülleten atmaq, daha çox yalan danışmaq, daha çox yaltaqlanmaq, daha çox haqsız, ədalətsiz işlərə qol qoymaq fürsəti əldə etmək! Üzünə yalançı nurani görkəm verib, “Mən hacıyam, getdiyim torpaqlar gözümü tutar…” sözləri ilə başlayan cümlələrin arxasında gizlənib daha çox əliəyrilik, daha çox harınlıq eləmək “hüququ”na sahib olmaq!
Əks halda niyə ölkədə neftin özü azalıb bir yandan da qiyməti aşağı düşdükcə “Həcc eyforiyası” da səngiməyə başladı? Ölkədə qəlblər allah sevgisi, iman işığı ilə bu qədər doludursa, niyə əvvəlki kimi qaz vurub qazan doldurmaq mümkün olmadıqca, büdcədən, xalqın cibindən qapazlamaq, qamarlamaq imkanları azaldıqca, ən azı əvvəlki qədər oğurlamaq, çırpışdırmaq çətinləşdikcə Həcc kvotası da boş qalmağa başlayır? Biri bunun mənə ağlabatan, məntiqli izahını söyləyə bilərmi?!
Söyləyə bilərsə, buyursun, nöqtə-vergülünə toxunmadan elə bu köşə yerindəncə yayımlayacağıma söz verirəm.