Etiraf edək ki, bu ölkədə idmançıların etiraz aksiyası keçirməsi sıradan bir hadisə deyil. Amma bu da oldu. Baxın, bu idmançılar gənclərdən ibarət cüdo üzrə Azərbaycan milli yığma komandasının üzvləridir. Afrikadan, Rusiyadan, Ukraynadan və digər ölkələrdən pul müqabilində gətirilib bir mövsümlük “milliləşdirilən”lərdən deyillər. Öz millətimizin övladlarıdır. Həm də çox gəncdirlər. Hər biri qarşıdakı 10 il ərzində bayrağımızı müxtəlif yarışlarda dəfələrlə qaldırmaq potensialına malikdir. Amma belə görünür ki, bu, mümkün olmayacaq. Məsələ burasındadır ki, idmançılara dünya və Avropa birinciliklərinə aparılmayacaqlarını söyləyiblər. Onlara “Pul yoxdur, gedin nə istəyirsinizsə, onu da edin” deyiblər. Cüdo üzrə çempionlarımız da etiraz aksiyası keçiriblər, problemlərini ictimailəşdiriblər.
Rejimin “idmanın hamisi”, “bayraqsevər” maskasının belə tez düşəcəyini heç mən də gözləmirdim. Nə oldu? Siz deyildiniz, cəmisi 1-2 ay bundan qabaq “idmana qayğı” deyib, bar-bar bağıran, “təki bayrağımız dalğalansın” bəhanəsilə, xalqın boğazından kəsilən milyardların Avropa Oyunları adlı küləyə sovurulmasına haqq qazandıran? Necə olur ki, 50 ölkədən əcnəbi idmançıların nəinki özlərini, hətta məşqçi və masajçılarını da Bakıya gətirmək üçün adambaşına 8 min dollar xərcləyə bilirsiniz, amma öz milli yığma komandamızı Avropa çempianatına göndərmək üçün hər bir idmançıya 1900 manat tapa bilmirsiniz? Avropa Oyunlarında güddüyünüz siyasi məqsədə (Avropanın da ətrafınızda olduğunu göstərmək) çata bilmədiyinizə görə daha idman da, bayraq da lazım olmadı?


