Partiya «facebook» qalmaqalına aydınlıq gətirdi
AXCP üzvü Inqilab Kərimov “facebook” profilində IŞID-lə bağlı ironik status paylaşıb. Hökumətyönlü media orqanları statusda yer alan fikirləri ciddi qələmə verərək, bundan AXCP-yə qarşı qarayaxma məqsədilə istifadə etməyə cəhd göstərib. Bununla əlaqədar AXCP mətbuat xidməti açıqlama yayaraq, bir daha məsələyə aydınlıq gətirib.
AXCP-nin məlumatında vurğulanır ki, Inqilab Kərimov sözügedən “Facebook” statusunu ironiya və zarafatyana yazıb. Məqsəd də adını müstəqil qoyub, ancaq sifarişlə hərəkət edən adamları, media orqanlarını ifşa etmək olub.
Açıqlamada qeyd olunur ki, uğursuz zarafatına görə Inqilab Kərimova partiya rəhbərliyi tərəfindən irad bildirilib: “Inqilab bəyə bildirildi ki, bundan sonra zarafat və ironiyalarında da diqqətli olsun”.
Məlumatda həmçinin bildirilir ki, AXCP-yə qara yaxmaq, böhtan atmaq üçün fürsət gəzənlərin bu uğursuz zarafatdan yararlanmaq cəhdi təəssüf doğurur: “Medallı redaktorlar və digərləri bu cür ucuz böhtanla AXCP-yə heç bir xələl gətirə bilməyəcəklər. Xalqımız və dünya ictimaiyyəti yaxşı bilir ki, AXCP demokratik dəyərlər uğrunda fasiləsiz mübarizənin önündədir. AXCP hər cür zorakılığı pisləyir və sivil, demokratik mübarizəni başlıca prinsip hesab edir”.
Informasiya şöbəsi