Azərbaycandan ən çox pul aparan mallar və şübhəli rəqəmlər

Vahid Məhərrəmov: «Ölkəyə idxal olunan əksər məhsullar daxildə istehsal oluna bilər»

Əsasən Azərbaycandan istehsal olunmadığından bu malların alınması üçün xaricə külli miqdarda valyuta çıxır. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında Azərbaycandan ən çox valyuta çıxaran mallar sadalanıb. Təkcə 10 qrup üzrə mallar 7 ayda Azərbaycandan 4,44 milyard dolların axmasına gətirib çıxarıb. Sözügedən mallara diqqət yetirən zaman bir sıra suallar yaranır. Əslində, elan olunan rəqəmlər bir sıra digər rəsmi rəqəmlər, açıqlamalarla ziddiyyət təşkil edir. On qrup üzrə sistemləşdirilən mallar bunlardır:

1.Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – bu mallar 2015-ci ilin 7 ayında Azərbaycandan 1,2 milyard dolların çıxmasına səbəb olub.

2.Nəqliyyat vasitələri və onların hissələri – bu malların Azərbaycana idxalına 992 milyon dollar sərf edilib.

3.Qara metallar və onlardan hazırlanan məmulatlar – bu malların Azərbaycana idxalına 914 milyon dollar sərf edilib.

Əslində üç qrup üzrə açıqlanan rəqəmləri müəyyən dərəcədə reallığa uyğun saymaq olar. Çünki, ölkə daxilində bu məhsulların istehsalı yox səviyyəsindədir.

“Yeyinti və tütünə eyni həcmdə maliyyə xərclənib”

4.Yeyinti məhsulları – bu ilin 7 ayında xaricdən yeyinti məhsullarının idxlına 593 milyon dollar xərclənib. Bu vəsaitin 203 milyon dolları buğdanın alınmasına gedib.

5.Tütün və tütün məmulatları – 7 ayda xaricdən tütün və siqaretin alınmasına 178 milyon dollar ödəmişik.

Amma bu iki qrup üzrə göstəricilər maraq doğurur. Qeyd olunur ki, 7 ay ərzində 203 milyon dollar buğdanın alınmasına xərclənib. Təxminən eyni maliyyə – 158 milyon dollar da tütün və tütün məmulatlarının alınmasına sərf edilib.

“Bir ilə dərmana 700 milyon xərcləyən əhali”

6.Əczaçılıq məhsulları – 7 ayda əczaçılıq məhsullarının idxalı 158 milyon dollar aparıb.

Bu göstərici də maraq doğurur. Ötən ilin statistik rəqəminə 2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan 140 milyon dollar dəyərində dərman idxal edib. Bu, aya 20 milyon dollar edir. Yəni rəsmi məlumatlara görə, il ərzində Azərbaycana 240 milyon dollar dəyərində dərman idxal edilir. Ancaq 2015-ci ilin yanvar ayının 21-də Milli Məclisin deputatı, “Avromed” şirkətinin idaretməsini həyata keçirən Cavanşir Feyziyev maraqlı rəqəmlər elan etdi.

C.Feyziyev qeyd edib ki, Azərbaycanda 2000-ə yaxın aptek fəaliyyət göstərir. Əgər ölkəyə il ərzində 240 milyon dollarlıq dərman idxal edilirsə, hər aptekin payına ayda təxminən 10 min dollarlıq dərman düşür. Bu isə gündəlik 333 dollar edir. Azərbaycanda hansısa aptekin günlük alverinin 333 dollar olduğuna inanmaq isə sadəlövhlükdən başqa bir şey deyil. 333 dollar bəzi hallarda iki resseptdə yazılan dərmana bəs etmir. Deməli, rəsmi rəqəmlər həqiqəti əks etdirmir. C.Feyziyev bildirib ki, əhali il ərzində dərmana 700 milyon dollar xərcləyir. Gömrük Komitəsinin elan etdiyi 7 ay üçün 158 milyon dollar isə reallıqdan 3 dəfə azdır.

“Bəs hökumət deyir ölkənin 95 faizi qazlaşdırılıb?”

7.Oduncaq və ondan hazırlanan məmulatlar – 142 milyon dolar aparıb. Bu göstərici də bir sıra suallar yaradır. Belə ki, hökumət təmsilçiləri dəfələrlə bəyan edirlər ki, ölkənin 95 faizi qazlaşdırılıb. Belə olan halda oduncaq və ondan hazırlanan məmulatlara 142 milyon doların xərclənməsi qəribə görünür. Məntiq onu deməyə əsas verir ki, iki rəqəmdən biri yanlış olmalıdır.

8.Plastmas və onlardan hazırlanan məmulatlar – belə mallar 7 ayda ölkəmizdən 125 milyon dolların çıxmasına səbəb olub.

9.Neft məhsulları – 73 milyon dollar aparıb.

10.Mebel və onun hissələri – 67 milyon dollar aparıb. Bu rəqəm də bir qədər az inandırıcı görünür. Çünki, Azərbaycana xaricdən gətirilən mebel və onun hissələri reallıqda qat-qat artıq olmalıdır.

“Havaya sovrulan milyonlar”

Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz ekspert Vahid Məhərrəmov bildirdi ki, son zamanlar ölkəyə gətirilən mal və məhsulların idxal dəyərini süni olaraq dəfələrlə aşağı salınır. Bu kimi halları nəzərə alaraq qeyd etmək olar ki, idxal olunan bəzi malların dəyəri göstərilən rəqəmlərdən dəfələrlə çoxdur. V.Məhərrəmovun sözlərinə görə, bütün bunlara baxmayaraq idxal olunan bir sır malların, məhsulların istehsalı, emalı üçün ölkənin bütün resurs imkanları var. Azərbaycanın istehsal edə biləcəyi və 7 ay ərzində ölkəyə gətirilən malların idxal dəyəri 850 milyon ABŞ dolları təşkil edib: “Azərbaycan buğda, ət, süd, balıq, meyvə-tərəvəz, çay, tütün və sair məhsulların istehsalı üzrə müqayisəli üstünlüyə sahibdir. Ölkəyə 7 ay ərzində 235 milyon dollar dəyərində dənli bitkilərin məhsullarını, 178 milyon dəyərində tütün və tütünün sənaye əvəzedicilərinin, 81 milyon dollar şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının gətirilməsi isə ümumiyyətlə başa düşülən deyil. Taxıl, tütün, şəkər, çay, ət, süd və sair məhsulların istehsalı, emalı bizim fermerlərə, sahibkarlara yüksək divident gətirməklə yanaşı həm də dövlət büdcəsinin gəlir hissəsini artırar. Bu kimi malların idxalında marağı olan, yalnız öz maraqlarını güdən oliqarx-məmurlar var. Onlar dövlət marağından öz merkantil maraqlarını üstün tutur”.

Xəyal