Azərbaycandakı hadisələr Almaniya Ombudsmanını şoka salıb

Kristofer Ştrasser: «Azərbaycan hökuməti repressiyalara nəhayət, son qoymalıdır»

«The Independent»: «Rasim Əliyevin qətlindəki qaranlıq məqamlar Azərbaycan üçün daha bir biabırçılıqdır»

Azərbaycanda son vaxtlar baş vermiş iki olay beynəlxalq aləmin kəskin etirazlarına səbəb olub. Bunlardan biri jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi, ikincisi isə tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun barəsində çıxarılmış məhkəmə hökmüdür. Bir neçə gündür ki, Avropa Şurası, Avropa Parlamenti və s. qurumlar bu olayları kəskin şəkildə pisləyərək, Azərbaycan hökumətinə çağırış edir. Həmçinin “The Washington Post”, “The New York Times” kimi nüfuzlu media orqanları bu hadisələrlə bağlı materialları yayımlayır.

Almaniya hökumətinin insan haqları üzrə səlahiyyətli nümayəndəsi (Ombudsman) Kristofer Ştrasser də bəyanat yayaraq, Leyla və Arif Yunusların barəsində çıxarılmış hökmdən şoka düşdüyünü açıqlayıb. Ştrasserin bəyanatında deyilir:

“Mən Azərbaycanın ən görkəmli hüquq müdafiəçilərindən biri, vətəndaş cəmiyyətinin nüfuzlu üzvü kimi şəxsən tanıdığım, yorulmadan barışıq və dialoq üçün çalışan Leyla və Arif Yunusların barəsində çıxarılmış qeyri-adekvat və sərt hökmdən şoka düşmüşəm. Məlum olduğu kimi, onların hər ikisinin səhhətində ciddi problemlər var. Mən həm də bu faktoru nəzərə alaraq, onlardan birinin 8 il yarım, digərinin isə 7 il azadlıqdan məhrum edilməsini nəzərdə tutan hökmü pisləyirəm.

Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin nüfuzlu təmsilçilərinə qarşı repressiyalara nəhayət, son qoymalıdır. Leyla və Arif Yunuslara qarşı ən azı, ədalətli münasibət sərgilənməlidir. Onların işi üzrə məhkəmə prosesini izləyən müstəqil müşahidəçilərin hazırladığı hesabatda bildirilir ki, proses prosessual qaydaların kobud şəkildə pozulmasıyla həyata keçirilib.

Vətəndaş cəmiyyətinin həbsdə olan üzvlərinin ədalətli məhkəmə araşdırması hüququ təmin olunmalıdır. Həmçinin ehtiyacı olanlara lazımi tibbi yardım göstərilməlidir.

Almaniya hökuməti Azərbaycanın vətəndaş cəmiyyətinin həbsdə olan üzvlərinin, o cümlədən Leyla və Arif Yunusların azadlığa buraxılması üçün səylərini davam etdirəcək.

Xatırladaq ki, Azərbaycanın bir sıra tanınmış hüquq müdafiəçilərilə yanaşı, Leyla və Arif Yunuslar da ötən il iyulun sonunda həbs olunub. Onlara qarşı vergidən yayınma, Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinə dair qanunvericiliyin pozulması, casusluq kimi ittihamlar irəli sürülüb. Avqustun 13-də Bakıda birinci instansiya məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib.

Sülh və Demokratiya Institutunun direktoru olan Leyla Yunus və həyat yoldaşı Arif Yunus Azərbaycanda insan haqları sahəsində vəziyyətin yaxşılaşması, ölkənin demokratikləşməsi, dialoq prosesinin dərinləşməsi üçün çalışırdı".

“Totalitar rejimlərdə hökuməti tənqid edən yazarlar müəmmalı şəkildə ölür”

Böyük Britaniyada nəşr olunan “The Independent” qəzeti də Azərbaycandakı son hadisələr barədə geniş məqalə hazırlayıb. “Rasim Əliyevin qətlindəki qaranlıq məqamlar Azərbaycan üçün daha bir biabırçılıqdır” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

“Rasim Əliyevin ölümü jurnalistlərin gündəlik həyatında baş verənlər baxımından adamı şoka salır. Oyundan sonra jurnalistlər olaraq, futbolçuların başına yığışırıq, onlar səs və görüntünü lentə alan vasitələri itələyirlər və biz onların qeyri-etik hərəkətlərinə etiraz edirik. Rasim Əliyev etirazının bədəlini çox ağır ödəməli olub.

Rasim Əliyev vaxtilə Toni Adamsın da məşqçi kimi çalışdığı “Qəbələ” futbol klubunun 27 yaşlı hücumçusu Cavid Hüseynovu tənqid edib. Oyundan sonra altı jurnalist diktofonla futbolçudan açıqlama almaq üçün onu təqib edib. Həmin vaxt jurnalistlərdən biri onun hərəkətini lentə alıb. Jurnalist “facebook”da Cavid Hüseynovun “əxlaqsız hərəkət” etdiyini yazıb və əlavə edib ki, “belə bir futbolçunu Azərbaycanın futbol sahələrində görmək istəmir”. Nəticədə, jurnalistə futbolçunun yaxınlarından telefon zəngi gəlib və o, könülsüz də olsa, Bakının Bayıl meydanında görüşmək qərarına gəlib. Amma jurnalistlə görüşə qarşı tərəf altı nəfərlə gəlib.

Rasim Əliyevə yetirilən xəsarətlər dərhal onu öldürməyib. O, hadisədən bir neçə saat sonra xəstəxanada aydın və qəzəbli danışır, qulağının eşitmədiyini, qabırğalarının sındığını deyərək, bunun qısamüddətli, keçici olduğuna ümid edirdi. Jurnalist xəstəxanaya yerləşdiriləndən 7 saat sonra orada dünyasını dəyişib. Ölümün səbəbi kimi, ağciyərlərin zədələnməsi göstərilib.

Jurnalistin ölümündən bir neçə gün sonra Cavid Hüseynov həbs olunub.

Rasim Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunda (RATI) çalışırdı. Ölkə prezidenti Ilham Əliyevin göstərişilə bu təşkilatın fəaliyyəti dayandırıldı, bank hesabı donduruldu, qurumun təsisçisi və direktoru Emin Hüseynov əvvəlcə Isveçrənin Bakıdakı səfirliyinə sığındı, daha sonra bu ölkəyə mühacirət etdi. Bütün bunlardan sonra RATI-nin sədri Rasim Əliyev idi.

Rasim Əliyev hələ bu hadisədən bir müddət əvvəl bəyan etmişdi ki, polis zorakılığı ilə bağlı lentə aldığı şəkilləri yaydığına görə hədələnir.

Totalitar rejimlərdə hökuməti tənqid edən yazarların müəmmalı şəkildə ölməsi təcrübəsi var. Azərbaycanda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ildə, yazar Rafiq Tağı isə 2011-ci ildə qətlə yetirilmişdi. Hər iki qətllə bağlı cinayətlərin üstü açılmayıb.

Rasim Əliyevin dostları bu işin hərtərəfli, obyektiv şəkildə araşdırılmayacağından ehtiyatlanır. Bu fikirdə olmalarını belə əsaslandırırlar ki, Cavid Hüseynovun oynadığı futbol klubunun sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

Azərbaycan həmin ölkədir ki, Avropa Olimpiya Komitəsi bu yay birinci Avropa Oyunlarının orada keçirilməsinə qərar verdi. UEFA 2020-ci ildə Avropa çempionatının 4 oyununun bu ölkədə keçirilməsini məqsədəuyğun sayıb.

Bu həm də həmin ölkədir ki, ötən həftənin cümə axşamı bir qadını – Leyla Yunusu 8 il 6 aylıq həbs cəzasına məhkum etdi. Leyla Yunus Azərbaycandakı siyasi məhbusların siyahısını hazırlayırdı, ölkədə insan haqlarının acınacaqlı vəziyyətilə əlaqədar beynəlxalq aləmi Avropa Oyunlarını boykot etməyə çağırmışdı.

Onun həyat yoldaşı Arif Yunus tarixçi, eləcə də siyasi xadimdir. O da 7 il azadlıqdan məhrum edildi.

“Avropa Oyunları beynəlxalq aləm üçün Azərbaycanda insan haqlarının pozulduğunu dilə gətirmək baxımından bir şans idi. Lakin onlar bunu eləmədilər. Kameralar dolduruldu, karvan hərəkətinə davam etdi və danışanlara, mövqeyini açıq ifadə edənlərə qarşı repressiyalar yenə də qüvvədədir”, – deyə “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının təmsilçisi Naomi Vestland bildirib".

Siyasət şöbəsi