
Reuters agentliyinin yaydığı xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif birgə keçirdikləri mətbuat konfransında bildiriblər ki, 2011-ci ildən bəri 250 min insanın həyatına son qoymuş bu münaqişədə Əsədi dəstəkləyirlər.
Əsədin gələcəyi Suriya münaqişəsinin çözümünə dair diplomatik səylərdə regional və qlobal oyunçular arasında ən mübahisəli məsələ olaraq qalır. Bu yaxınlarda Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ-ın iştirakilə keçirilən danışıqlar uğursuzluqla nəticələnib.
Suriyanın müxalifət qruplaşmaları, Körfəz ölkələri və Qərb Əsədin istefasını istəyir.
“Əgər bizim partnyorlarımızdan bəziləri inanırlarsa ki, keçid dövrünün sonunda prezidentin postunu tərk etməsinin şərt kimi irəli sürülməsi zəruridir, onda biz bu yanaşmanı məqbul saymırıq” – Lavrov deyib.
O qeyd edib ki, Əsədin taleyi yalnız onun hökumətinin təmsilçiləri ilə rəqib qruplaşmalar arasında razılaşdırıla bilər.
Bu mövqeyi dəstəkləyən Zərif isə əlavə edib ki, “xarici ölkələr bu prosesin yalnız vasitəçiliyini edə bilər”.
Əsədin uzun müddətdir ki, müttəfiqi və silah təchizatçısı olan Rusiyanın mövqeyinə görə bütün tərəflər hazırda İraq və Suriyada böyük ərazilər zəbt etmiş İslam Dövləti təşkilatı ilə mübarizə üçün qüvvələrini birləşdirməlidirlər.
Moskva Suriya müxalifət qruplaşmalarının daha bir dəyirmi masasını keçirmək istəyir ki, onları daha sonra BMT-nin nəzarəti altında Dəməşq nümayəndələri ilə bir araya gətirmək mümkün olsun.
Lakin Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və onların müttəfiqlərinin fikrincə, Əsəd problemin həlli yox, onun bir hissəsidir və qismən də İD-in ərazi zəbt etməsinə görə məsuliyyət daşıyır.
Bu ölkələr İslam Dövlətinin mövqelərini hədəfləyən hava reydləri keçirir və Rusiyanın Əsədi qoruyub saxlamağa çalışdığını düşünürlər. (BBC)