Oqtay GÜLALIYEV, hüquq müdafiəçisi
Daha bir gənc, istedadlı jurnalist dostumuzu itirdik. Əslində itirmədik, onu əlimizdən, bizdən aldılar. Özü də zorla aldılar. “Sabitlik və inkişaf” nağılının hökm sürdüyü ölkədə günün günorta çağında insanların gözü qarşısında xüsusi amansızlıqla, vəhşicəsinə döyərək qətlə yetirdilər. Doğrusu deyim ki, Azərbaycanda qəddarcasına döyülən, öldürülən, həbs edilən, ölkədən didərgin salınan, ailəsi ilə, həyatı ilə təhdid edilən jurnalistlərin sayını itirmişəm. Ona görə deyə bilmirəm ki, Rasim qətlə yetirilən neçənci jurnalistdir. Amma onu deyə bilərəm ki, artıq bu proses zəncirvarı reaksiyaya çevrilib, ardı kəsilmir. Nə yazıq ki, bu gedişin sonu da görünmür.
Rasimin qatilləri…
Və ya haramlığın, harınlığın qurbanı
…Rasimlə RATI-nin ofisində tez-tez görüşərdik. Sakit, mədəni, öz işini bilən adam təəssüratı bağışlayırdı. Necə deyərlər, dindirsən dinərdi, dindirməsən yox. Operator kimi öz işinə can yandıran, istedadlı və bacarıqlı jurnalist idi. Azad düşüncəyə, müstəqil mediaya qarşı səlib yürüşünə çıxmış Əliyev rejimi azsaylı müstəqil jurnalist təşkilatlarından olan Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun (RATI) ofisini bağlayandan sonra həm Rasimlə görüş saylarımız azalmış, həm də o da digər jurnalist dostları kimi daimi iş yerini və RATI-dəki həmkarları ilə bir yerdə olmaq imkanını itirmişdi. Nə yazıq ki, Rasimə bu itkiləri də çox gördülər, ömrünün ən gözəl çağında, ailə həyatı qurmağa hazırlaşdığı bir dönəmdə həyatına son qoydular.
Rasim tənqidə dözümsüzlüyün, söz azadlığının, azad fikrin ifadə olunma mümkünsüzlüyünün qurbanı oldu. Rasim ölkədə hökm sürən dərəbəyliyin, sosial ədalətsizliyin, cəzasızlıq mühitinin, bəzi qruplara, şəxslərə verilən xüsusi imtiyazın, səlahiyyətin qurbanı oldu. Idmanla bağlı ölkədə aparılan yalançı təbliğatın, ucuz eyforiyanın qurbanı oldu.
Xalqın boğazından kəsib idman adı ilə milyardların mənimsənildiyi bir ölkədə idmanımız kriminallaşdırılıb, haramlaşdırılıb və harınlaşdırılıb. Rasim məhz bu kriminallığın, haramlığın və harınlığın qurbanı oldu. “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynov və onun qohumları jurnalist dostumuzun ölümündə bu və ya digər formada iştirakçı olsa da, hadisənin başvermə səbəbi məhz yuxarıda vurğuladığımız məqamlarla bağlıdır.
Rasimin digər qatili Azərbaycanın rəzil və bərbad günə salınmış səhiyyə sistemi oldu. Məhz 1 saylı şəhər Kliniki Xəstəxanasında lazımi, zəruri tibbi xidmət göstərilmədiyi üçün o, dünyasını dəyişdi. Təsəvvür edin ki, 18 radələrində xəstəxanaya yerləşdirilmiş Rasimə gecə saat 01-ə qədər düzgün dioqnoz qoya bilməyən həkimlər onu ağrıkəsici ilə sakitləşdiriblər, yəni aldadıblar. Yalnız xəstə ölüm ayağında olanda, nəfəs alması kəskin pisləşəndə əməliyyat edirlər və bu zaman da artıq gec olub. Sonradan curnalistin ölüm ilə bağlı açıqlama verən həkimlər bütün qeydləri, diaqnozları, epikrizi, xəstəlik kağızını büsbütün saxtalaşdıraraq özlərini təmizə çıxarmağa, cinayətlərini ört-basdır etməyə çalışırlar. Amma Rasimin anasının, sevgilisinin, dostlarının, ən nəhayət özünün xəstəxanada “Meydan TV”- yə verdiyi son müsahibəsi həkimlərin başdan-ayağa yalan danışdıqlarını sübut edir.
“Sərhədsiz reportyorlar” təşkilatının son məlumatına görə, Azərbaycan mətbuat azadlığı indeksinə görə 180 ölkə arasında 162-ci yeri tutur; “Ölkədə bütün müstəqil KIV və QHT-lər ya qapadılıb, ya da susdurulub. Xədicə Ismayılova və Rauf Mirqədirov başda olmaqla 8 tanınmış jurnalist, bloggerlər həbsdədir. Onlarla müstəqil jurnalist və blogger son aylar ölkəni tərk etməyə məcbur olub”. Bu kiçik rəqəmlər əslində ölkədə mətbuatın real durumunu əks etdirir. Bu mənzərə Rasim kimi müstəqil düşüncəli insanların jurnalist peşəsinin acınacaqlı və təhlükəli olmasından xəbər verməklə istənilən vaxt onların həyatla vidalaşmasını şərtləndirən əsas amillərdəndir.
…Ilham Əliyevin müdaxiləsindən sonra Rasim Əliyevin qətlində iştirak edənlər həbs olundu. Əslində, ABŞ-ın ölkəmizdəki səfirliyinin qeyd etdiyi kimi, dövlət başçısının jurnalisti qətlə yetirənlərin qanun qarşısında cavab verməsi ilə bağlı göstərdiyi iradə təqdir olunmalıdır. Ancaq eyni zamanda o da deyilməlidir ki, bu “iradə”-nin formalaşması baş vermiş cinayətlə bağlı sosial şəbəkələrin göstərdiyi adekvat reaksiyanın nəticəsi idi. Ilham Əliyev deyir ki, jurnalisti öldürmək söz azadlığına qəsd, demokratiyaya təhlükədir. Çox gözəl. Bu fikirlər həqiqətən ürəkdən, səmimi deyilirsə, görəsən bəs tanınmış və istedadlı jurnalistləri, blogerləri, hüquq müdafiəçilərini şərləyib illərlə həbsdə – ölüm ayağında saxlamağın adı nədir?
“Gəlmişdiniz gördük” nağılı….
Və ya bu ölkəyə kim nə gətirdi?
Bu hakimiyyət ona qarşı irəli sürülən hər hansı ittihamı dərhal 1992-ci il Elçibəy hakimiyyəti ilə bağlayıb deyir; “Gəlmişdiniz gördük də”. Indi eyni sözü Əliyev rejiminə demək lazımdır; 22 ildir gəlmisiniz. Sizin gəlişiniz ölkəyə nə gətirib? Ancaq ölüm, qan-qada, rüşvətxorluq, yaltaqlıq gətirib. 1992-ci ildə jurnalisti küçənin ortasında döyüb öldürmürdülər. Xalqın ziyalısını ağzından güllə ilə vurub evinin qarşısında qətlə yetirmirdilər. Erməniyə güllə atan millət vəkilini dərə xəlvət pusquya salıb güllə- baran etmirdilər. O zaman ancaq torpaqlarımızı işğal edən erməni quldurlarına silah tuşlanırdı, o da döyüş bölgəsində… Dinc, əliyalın Azərbaycan insanının üstünə tank sürüb, silah çəkib qanına qəltan etmək vərdişini bu ölkəyə siz gətirdiniz. Korrupsiyanı, yerlibazlığı, tayfabazlığı, yaltaqlığı bu ölkəyə siz gətirdiniz. Leyla Yunus, Xədicə Ismayılın timsalında mübariz, fədakar Azərbaycan xanımlarını, Intiqam Əliyevin şəxsində ləyaqətli, dürüst Azərbaycan kişilərini, Tofiq Yaqublunun simasında torpaqlarımızı ermənilərdən qorumuş Qarabağ qazilərini, Hacı Tale Bağırzadənin nümunəsində iman əhlini, inanclı insanları şərləyib həbsxanaya salmaq əxlaqını bu ölkəyə siz gətirdiniz. Atanın qisasını övladdan almaq, qohumu qohumdan imtinaya məcbur etmək əxlaqını da bu ölkəyə siz gətirdiniz. Televiziyaları şou əyləncəyə çevirib, milli-əxlaqi dəyərlərimizi ayaqlar altına atıb Dubay yollarını xalqımızın qız- gəlinlərinə siz tanıtdınız. Millətin malına-mülkünə göz dikib onu tarı-mar edib ac-yalavac qoymağı da siz etdiniz. Ölkənin neftini, qazını, hətta az həcmdə olan qızılını çıxarıb satmağı, özünüzə, övladlarınıza milyonlar qazanmağı, büdcəni talayıb ofşor zonalara daşımağı da siz etdiniz. Sonra da dediniz ki, nefti unudun. Halbuki, bəyənmədiyiniz Elçibəy o neftin hər barreli uğrunda saatlarla mübahisə edirdi (sitat Marqaret Tetçerə məxsusdur – red.) və deyirdi ki, o, gələcək nəsillərindir. Rus qoşunlarını Azərbaycandan çıxaran, ölkədə rüşvətin kökünü kəsən, təhsildə test inqilabı edən Elçibəy məktəbli övladına ayaqqabı almaq üçün maaşını gözlədiyi halda sizlər övladlarınıza Dubay villaları, Ingiltərə imarətləri alıb, ölkənin qızıl şirkətlərini, ən bahalı hotellərini, banklarını, ticarət mərkəzlərini onlarına adına keçirdiniz. Indi özünüz müqayisə edin; bu ölkəyə kim nə gətirdi, kim nə verdi və kim nə aldı?
Rasim ölməyə bilərdimi?
…Rasimin qətli məsələsində Cavid Hüseynovun “Appolon”-"Qəbələ" oyununda vurduğu qol, qoldan sonra qaldırdığı Türk bayrağı, çoxminli seyriçi önündə və mətbuat konfransında etdiyi hərəkətlər, Rasimin onunla bağlı yazdığı məlum statusdan sonrakı davranışları, özünü toparlamağa və idarəetməyə çətinlik çəkən bəzi ərköyün oyunçuların yer aldığı “Qəbələ” futbol komandasının başında Kəmaləddin və Taleh Heydərovların durmasını bir kənara qoyuram. Bütün bunlar müzakirə tələb edən fərqli, ayrı-ayrı mövzuların detallarıdır. Mən sizlərin diqqətini Rasim Əliyevlərin ölümünə gedən yola çəkmək istəyirəm.
Rasim Əliyev niyə öldü, niyə öldürüldü? O ölməyə bilərdimi? Təbii ki, ölməyə bilərdi. Əslində Rasim Əliyevin ölüm yazısı onun Facebook səhifəsində yazdığı statusla başlamamışdı. Rasimin ölüm fitvası onun vəhşicəsinə döyüldüyü gün – heç avqustun 8-də də verilməmişdi. Rasimin və onun timsalında yüzlərlə, minlərlə dinc, günahsız soydaşımızın ölümünə gedən yolun başlanğıc tarixi bizi bir az uzaqlara aparır. Bu yolun 22 illik tarixi var. Bu yol şərin xeyirə, nahaqqın haqqa, zorun ədalətə qalib gəldiyi gündən – 1993-cü ildən başlayır. Məhz o zamandan üzü bəri millət vəkili Şahmərdan Cəfərovun timsalında döyüş komandanlarımızın, Ziya Bünyadovun şəxsiyyətində ziyalılarımızın, Elmar Hüseynovun timsalında jurnalistlərimizin, Həmidağa Zahidovun misalında demokratiya şəhidlərimizin, Rafiq Tağının simasında yazarlarımızın, haqsızlığa dözməyib intihar edən Qarabağ əlili Zaur Həsənovun nümunəsində qazilərimizin, Elşad Babayevin şəxsində dinc, günahsız dustaqlarımızın, qeyri-döyüş şəraitində yüzlərlə əsgərimizin və digərlərinin qətlə yetirilməsi, onların qanının batırılması prosesiylə başlayıb. Bu proses Rasim Əliyevlə bu gün davam edir. Rasim uzun müddət davam edən bu qətliamların sadəcə sıra nəfəri, növbə adamıdır. Dünən Elmar, bu gün Rasim, sabah başqa birimiz olacaq. Biz nə qədər ki, “faili məchul” qətliamlara, ölkəni ağuşuna almış ədalətsizliyə, haqsızlığa, harınlığa “dur” deyə bilməyəcəyik, RASIMLƏRIN ölümü davam edəcək. Bizim hər birimiz məhz BU GÜN Rasim olmalıyıq. Sabah gec olacaq. Çünki bu gedişlə zatən sabah bir gün Rasimin taleyini hər birimiz bu və ya başqa formada yaşamalı olacağıq.