Dünyanın dörd yanında terror kabusu dolaşır. Insanların həyatını cəhənnəmə döndərən, dağıdan, parçalayan, yarıda qoyan terror. Amma mən yalnız avtomat və ya bombayla icra edilən terroru nəzərdə tutmuram. Yeni üsullarla səssizcə həyatımıza girən, düzənimizi pozan, hüzurumuzu qaçıran və canımıza qəsd edən bəlaları deyirəm həm də. Əslində, onların gətirdiyi əzablar haqqında gündəlik olaraq hamımız danışırıq. Hamımızın onlardan az və ya çox dərəcədə çəkdiyimiz var. Ancaq kimsə onların elə silah-sursat qədər qorxunc və öldürücü olduğunun fərqinə varmır. Beləcə, hər gün nə qədər insan onların işgəncəsinə məruz qalır, sarsılır, əzilir, intihar edir, həyatını itirir…
Insan azadlıqlarının məhv edilməsinə əsaslanan recimlər silah-sursatsız məhv edən terror formalarının başında gəlir. Onların güllə istifadə etmədən axırına çıxdığı insanların faciəsi daha böyük və daha dəhşətlidir. Söhbət bəzən bütövlükdə bir ölkəyə, bir topluma, bir xalqa qarşı yönəlmiş terrordan gedir. Istər fiziki, istərsə mənəvi anlamda olsun, terror terrordur. Hər iki halın nəticəsi puça çıxmış insan taleləri və məhv edilmiş həyatlardır. Yaşadığınız ölkədə gündəlik üzləşdiyiniz insan faciələri sizə nə deyir? Özünü yandıran, asan, dənizə atan, küçələrdə döyülüb, xəstəxanalarda baxımsızlıqdan həyatını itirən, həbsxanalarda işgəncələrə məruz qalan insanlar. Yoxsulluqdan, işsizlikdən, çarəsizlikdən, baxımsızlıqdan depressiyanın dibinə düşüb, xəstəlik tapan insanlar. Haqsızlıq qarşısında davam gətirməyib əsəbləri pozulan, ömürlük şikəst olan insanlar…
Sizin heç yanvardan bu yana baş verən çeşidli intiharların, ölümlərin statistikasına baxmaq imkanınız olubmu? Kredit borcuna görə özünü körpüdən asan gənci xatırlayırsınızmı? Yanan binada can verən körpələri necə, xatırlayırsınızmı? Ard-arda özlərini yandıran vətən qazilərini necə? Son on gündə intihar edən 5 gənc qadın haqqında oxudunuzmu? Imkansızlıq üzündən əlil övladına baxa bilmədiyi üçün özünü asan gənc ananın, qansız qaydalara etiraz olaraq bazarda özünü yandıran qadının, naməlum səbəblərdən həyatına qıyan qızların acı hekayətini necə, oxudunuzmu? Yenə kredit borcuna görə özünü dənizdə boğan 25 yaşlı gəncin videosunu izlədinizmi? Sizcə bunlar terror deyilmi? Bunlar harınlıqla, azğınlıqla, özbaşınalıqla topluma yaşadılan əzabların insan talelərində açdığı sağalmaz yaralar deyilmi? Bunlar bir nəslin sıradan çıxarılmasına yönəlmiş siyasət deyil, nədir bəs?
Bəli, insanları təkcə atılan güllələr və partladılan bombalar öldürmür. Indi terrorun daha “modern” formalarını həyata keçirən texnologiyalar var ki, totalitar sistemlərdə onlar böyük həvəslə tətbiq edilir. Bu gün yaşadığımız cəmiyyətdə məruz qaldığımız sonsuz depressiyaların kökündə məhz terrorun bu forması dayanır. Milyonlar səltənətində insanları bir yandan əməyə ödənən dilənçi maaşları, qəpik-quruş təqaüdlərdən yaranan yoxsulluq əzirsə, o biri yandan ağılalmaz kredit şərtləri, borclanmalar, qanunsuz cərimələr məhv edir. Hələ bunu tətikləyən muzdlu media, beyin yuyan telekanallar, tərəfli hüquq-məhkəmə orqanları bir başqa söhbətin mövzusudur. Mənəvi terror həqiqi anlamda dərin məsələdir, elə onun açdığı yaralar da…