Maşın bazarında qiymətlər düşür

Vəziyyət gələn aylarda da eyni tendensiya ilə davam edəcək

Ölkənin maşın bazarında ağır bir vəziyyət yaşanır. Azərbaycana Gürcüstandan gətirilən avtomobillərrin sayında da kəskin azalma müşahidə olunur. Bu tendensiya hələ ötən ildən başlayıb. Belə ki, Gürcüstan Statistika Idarəsinin məlumatına görə, 2014-cü ildə ölkədən 492 milyon dollar həcmində avtomobil ixrac olunub. Bu da 2013-cü illə müqayisədə 23 faiz və ya 146 milyon dollar azdır. Əlbəttə, sirr deyil ki, Gürcüstanın ən böyük avtomobil idxalatçısı Azərbaycandır. Azərbaycanda qəbul olunmuş yeni qaydalara əsasən isə 2006-cı ilə qədər olan avtomobillərin idxalına qoyulan qadağa nəticəsində bu ölkəyə avtomobil ixracı əsaslı surətdə azalıb.

Gürcüstanın ticarət tərəfdaşları sırasında Azərbaycan 19 faizlə birinci yerdədir. Rəsmi statistikaya görə sonrakı yerlərdə 10 faizlə Ermənistan, 9,7 faizlə Rusiya, 8,3 faizlə Türkiyə gəlir.

Maşın bazarında aşağı düşən tendensiya növbəti ildə də davam edəcək. Hələ 2015-ci ilin ilk yarısında Azərbaycana 17 640 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. Hesabata əsasən, idxal edilən avtonəqliyyat vasitələrinin 15 745 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin 1-ci yarısında  isə bu göstərici 30 917 ədəd təşkil edib.

Bundan başqa, yanvar-iyun aylarında ölkəyə 1 126 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin analoji dövründə 3 039 ədəd olub. Keçən ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 147,5 milyon dollar dəyərində 11,96 min minik avtomobili ixrac olunub ki, Gürcüstan Milli Statistika Xidməti qeyd edilən dövrdə bu sahənin xüsusi çəkisinin Gürcüstandan Azərbaycana ümumi ixracın həcminin 50,82 faizini təşkil etdiyini bildirib. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 22,25 faiz, say nisbətində isə 7,9 min ədəd (39,9 faiz) azalıb. Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiq etdiyi Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Avro 4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır. ÿ Gürcüstandan Azərbaycana ixrac edilmiş malların ümumi dəyəri 290,2 milyon dollar olub ki, bu da Gürcüstanın ümumi ixracının 20,4 faizini təşkil edir. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixracat 12,8 faiz azalıb. Maşın bazarında görünən bu mənzərənin yaranmasına səbəb nədir?  Qarşıdakı aylarda bizi nə gözləyir?

Ekspertlər söyləyir ki, 2015-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 10 035 ədəd avtomobil idxal olunub.

Bu rəqəm isə ötən ilin eyni dövrü ilə müqayisədə 12 476 ədəd avtomobil və ya 2,24 dəfə azdır. Ölkəyə 4 ayda 11 min 740 minik avtomobili gətirilib. Ilin ilk 4 ayı ərzində xaricdən 12 min 890 avtomobil gətirilib. Bunlardan 393-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 11 min 740-ı əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələridir:

“Ötən ilin yanvar-aprel aylarında ölkəyə 26 min 732 avtomobil gətirilib və bunların 23 min 893-ü minik avtomobilləri olub. Gətirilən avtomobillərin sayında kəskin azalma var. Bu isə müxtəlif səbəblərdən xaricdən gətirilən avtomobillərin sayının azalmasına, bank kreditlərinə görə maşınların geri qaytarılmasına səbəb olur. Gələn aylarda da vəziyyətin belə olacağı gözlənilir. Tələbin azalması real vəziyyətdən qaynaqlanır və ona görə də bu amil maşın bazarına birbaşa təsir edir. Bu mənada maşın bazarında qiymətlərin düşəcəyi gözlənilir”.

Sosial şöbə