Gənclərin ehtiyac bataqlığında çırpınması böyük «qayğı»nın nəticəsidir
YAP hakimiyyəti dövründə Azərbaycanın bütün sahələri geriyə inkişaf edib. Yalnız hakim komanda aşırı dərəcədə varlanıb, ölkənin milyardları müxtəlif layihələr adı altında talan edilib, ölkə vətəndaşı dolanışıq üçün xaricə üz tutub və .s Amma hökumət təmsilçiləri analoqsuz inkişafdan, iqtisadi uğurlardan, ölkənin çiçəklənməsindən danışıb. Xüsusən də hakimiyyət gənclərə qayğı göstərildiyinin təbliğatını aparıb və gənclərlə bağlı dövlət proqramlarının imzalanmasını da bunun əsas şərti kimi göstəriblər.
Bugünlərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar partiyanın Gənclər Birliyinin nümayəndələri ilə görüşüb. Əli Əhmədov bildirib ki, parlament seçkiləri ilə bağlı kampaniyada gənclərin iştirak payı vacibdir: “Biz bütün seçkilərdə gənclərin potensialından səmərəli istifadə etməyə çalışırıq. Qarşıdan gələn seçki kampaniyasında da belə olacaq. Eyni zamanda, gənclərin seçki kampaniyasında fəal iştirak etməsi onlara siyasi fəaliyyətlərində böyük təcrübə qazandırır. Eyni zamanda, gənclər seçici kimi də böyük elektoratdır”- deyə Əli Əhmədov bildirib.
Deməli, seçkilərdə imza toplamaq, müşahidə aparmaq, dövlət konsertlərində kütləviliyi təmin etmək lazım olanda gənclər böyük elektorat olur. Amma dövlət idarəçiliyində təmsilçiliyə gələndə gənclər lazımsız olur. Ümumiyyətlə, bu hakimiyyətin dövründə gənclərə hansı qayğı göstərilib?
Repetitorların sayəsində ali məktəbə qəbul olan gənc hakimiyyətin “qayğı”sını dərhal hiss etməyə başlayır. Belə ki, orta aylıq əmək haqqının 457 manat olduğu ölkədə təhsil haqları 900-4500 manat arasında dəyişir. Üstəlik dövlət universitetlərinin 65-70 faizi ödənişli əsaslarla fəaliyyət göstərir. Təhsil haqqını ödəyə bilməyən 1000-lərlə tələbə Universitetdən xaric olunur. Üstəlik, tələbə yataqxanaları olmadığı üçün gənclər kirayələrdə qalmağa məcbur olurlar. Deməli, yüksək təhsil haqqı ilə yanaşı 200-300 manat kirayə haqqını da ödəməlisən. Sadə Azərbaycanlı ailəsinin bu şərtlər daxilində necə yaşamasını təsəvvür etmək çətin deyil. Bundan əlavə tələbə təqaüdləri ən aşağı səviyyədədir. Tələbə təqaüdü ilə 10 gün dolanmaq mümkün deyil. Dünyanın müxtəlif ölkələrində tələbə kreditləri olsa da Azərbyacan hökuməti bu layihənin tətbiqinə imkan vermir. Yəni, gənclərə qarşı hakimiyyətin düşmən münasibəti ilk növbədə Universitet illərində müşahidə olunur.
Heç kimə sirr deyil ki, bu gün tikintidə fəhləlik, restoranlarda ofisantlıq edənlərin əksəriyyəti gənclərdi. Bunların içində isə ali təhsillilər ağırlıq təşkil edir. Çünki, ölkədə təyinat yoxdur, iş tapmaq üçün yuxarılarda tanışın olmalıdır.
Hökumətin gənclərə növbəti “qayğı”sı dövlət strukturlarında, idarəetmədə təmsilçilikdə müşahidə olunur. Bu gün hökumət komandasında təmsil olunanların 99 faizi 65 yaş və ondan yuxarını göstərir. Nazirlər, komitə sədrləri, icra başçıları “ağsaqqal”lardan ibarətdir. Əli Əhmədov isə gənclərə qayğıdan danışır. Qonşu Gürcüstana nəzər salanda hökumət komandasınnı gənc və perspektivli kadrlardan təşkil olunduğunu görürük. Məsələn, Gürcüstanın baş nazirinin 33 yaşı var. Bizim ölkədə ən gənc nazirin övladı Gürcüstanın baş nazirindən böyükdür.
Əli Əhmədovun haqqında həvəslə danışdığı parlament seçkilərində də bir qayda olaraq gənclər kənarda qalır. Təbii ki, bu ölkədə mandatın satıldığını, seçkinin formal xarakter daşıdığını bilriik. Amma bu “alqı-satqı”da da gənclər gözə dəymir. Bu gün parlamentdə təmsil olunan 125 deputatın neçəsi gəncdir?
Bir sözlə, hakimiyyətin “qayğı”sı nəticəsində gənclərin bir hissəsi dolanışıq üçün ölkə xaricinə pənah aparıb, bir hissəsi tikinti sahələrində fəhlə işləyir, bir hissəsi kredit faizlərin ağırlığı altında əzilir, bir hissəsi də intihar xəbərdarlığı edir.
Vicdanlı, vətənpərvər, cəsarətli gənclər isə şərlənərək həbs olunur, təqib və təzyiqlərə məruz qalır. Onu da qeyd etmək lazımdır ki, bu hakimiyyətin dövründə, atəşkəs şəraitindən 1000-lərlə gənc əsgər həlak olub.
Ona görə də hakimiyyət təmsilçiləri gənclərə qayğıdan danışanda ölkədən 2.5 milyondan artıq gənc olduğunu yada salsınlar və bu qədər absurda girməsinlər. Ehtiyac içində yaşayan gəncin üzünə baxıb “biz sizə qayğı göstəririk” demək, iyrənc yalandan başqa bir şey deyil. Bu hakimiyyətin istəyi gəncləri önə çıxarmaq yox, gənclərin çiyninə çıxıb önə getməkdən ibarətdir.
Akif