Məhəmməd Talıblı: «Dollara tələbin artması daha çox psixoloji faktorla bağlıdır»
2015-ci ilin iyun ayında Azərbaycanda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı ABŞ dollarının əhali tərəfindən xalis alışı 146,851 mln. dollar təşkil edib.
Əvvəlki ayla müqayisədə xalis dollar alışı 75,4 faiz artıb. Mərkəzi Bankdan verilən məlumata görə, bu ilin fevral ayında dollar alışı maksimal həddə çatıb və 2 500,639 mln. dolları üstələyib. Minimal həcm isə məhz may ayına təsadüf edib. Keçən ilin iyun ayında əhali xalis olaraq 315,371 mln. dollar kütləsi alıb. Yəni, illik müqayisədə əhalinin xalis dollar tələbatı 53,4 faiz azalıb.

Iqtisadçı-ekspert Məhəmməd Talıblı söyləyir ki, alqı-satqı əməliyyatları və xüsusilə də xarici ticarət əlaqələrində bu gün dollara üstünlük verilir. Ekspertə görə bu tendensiya yalnız xarici ticarət münasibətlərində üzə çıxmır, yəni banklarda da oxşar vəziyyət yaranıb:
“Dolların kursunun qalxma anonsunu məhz banklar verdi. Bankların dollarla kredit vermə şərtlərini təşviq etməsi, eyni zamanda, əməliyyatları da manatla qəbul etməsi daha çox dollara tələbi artırdı. Bizneslə məşğul olan obyekt əlində olan vəsaiti dollarla saxlamağa maraqlıdır. Biznes qurumları və həyata keçmiş mövcud siyasət dolların öz mövqeyini möhkəmləndirməsinə xidmət edir və nəticədə dolların manat qarşısında etibarlılığı artır. Vətəndaşlar üçün də əlavə yığım valyutası vasitəsi olaraq məhs dollardan istifadə olunur”.
Dollar alışının artması eyni zamanda, bank sektorunda baş verən vəziyyətdən də qaynaqlanır. Pul siyasətiylə məşğul olan bankların daha çox dollara yaratdıqları tələb, özlərinin də dollarla əməliyyat aparmağa üstünlük verməsi nəticədə vətəndaşlarda da ən etibarlı valyuta kimi məhz ABŞ dolları almağı stimullaşdırıb. Ona görə də vətəndaşlar yığım və əməliyyatları dollarla aparmağa üstünlük verirlər. M.Talıblı dollara tələbin artması və alışın yüksəlməsini bazardakı dollar-manat münasibətləriylə bağlı deyil, daha çox psixoloji faktorla əlaqələndirir:
“Bazar iştirakçılarının hamısı psixoloji olaraq dolları əlində saxlamağa, əməliyyatları dollarla aparmağa üstünlük verir. Ona görə də cəmiyyətdə dollar tələbi formalaşır”.
Nigar


