Koalisyon hökumət üçün son şans da itirildi

Baş nazir Davudoğlu MHP ilə də razılığa gələ bilmədi

Türkiyədə yeni hökumətin qurulması üçün CHP ilə baş tutmayan koalisiya müzakirələrindən sonra bütün gözlər MHP başqanı Dövlət Baxçalıda idi. Əslində, milliyyətçilərin cavabı və AKP-nin bu ittifaqla bağlı istəyi, daha doğrusu, istəksizliyi əvvəldən bəlli idi. Amma prosedur bu görüşlərin keçirilməsini zəruri edirdi.

Beləliklə, dünən AKP və MHP yetkililəri arasında 2 saat 26 dəqiqə davam edən görüş keçirildi. Türkiyə Böyük Millət Məclisində baş tutan görüşdə MHP koalisyon hökumət üçün dörd əsas şərtinin olduğunu açıqladı. Bu şərtlərə əsasən, AKP “çözüm mərhələsi”ndən (hökumətlə PKK arasındakı razılaşmadan) tamamilə imtina etməli, 17-25 dekabr (2013) “Böyük rüşvət əməliyyatı” ilə bağlı dosye axıra qədər araşdırılmalı, Konstitusiyanın ilk dörd maddəsi saxlanılmalı, prezident Rəcəb Tayyib Ərdoğan Konstitusiyadakı səlahiyyətləri ilə kifayətlənməli və ölkədə parlament sistemi qalmalıdır.

Davudoğlu: “Əlimdən gələni etdim”

Hələ görüşdən əvvəl mətbuat bu şərtlərin AKP hökumətinə ağır gələcəyini, xüsusən “rüşvət dosyesi” və Ərdoğanın səlahiyyətləri ilə bağlı bəndlərin qarşı tərəf üçün qəbuledilməz olacağını yazmışdı.

Gözləntilər özünü doğrultdu və MHP başqanı Dövlət Baxçalı ilə görüşdən çıxan baş nazir Əhməd Davudoğlu müzakirələrin nəticəsiz qaldığını elan etdi: “Hörmətli Baxçalı ilə səmimi, dürüst və açıq bir görüş keçirdik. Dövlət Baxçalı ÿAKP ilə koalisiya imkanı görmədiyini ifadə etdi.ÿ Mən də bunu hörmətlə qarşıladığımı açıqladım.ÿ Səmimi şəkildə bildirməliyəm ki, koalisyon hökumət qurmaq ehtimalı qalmadı. Prezidentlə görüşüb vəziyyəti məruzə edəcəm. Deməliyəm ki, baş nazir olaraq bu istiqamətdə əlimdən gələn bütün səyləri göstərdim. 9 iyuldan bu yana mümkün olan bütün yollara baş vurduğuma əminəm”.

Bundan sonra necə olacaq?

MHP-nin rədd cavabı, üstəlik AKP-nin quracağı azlıq hökumətinə də hər hansı dəstək verməyəcəyini açıqlaması Baxçalının bu məsələdə israrlı olduğunu ortaya qoydu. Bəs, bundan sonra necə olacaq? Hökumətin qurulması istiqamətində atılmalı olan növbəti addımlar hansılardır?

Qaydaya görə, hazırkı durumda Davudoğlu hökuməti qurmaq vəzifəsini Ərdoğana təhvil verməlidir. Elə dünənki görüşdən dərhal sonra CHP-dən Davudoğluna bu addımı ən qısa zamanda atmaqla bağlı çağırış gəldi. Çağırışa cavab olaraq Davudoğlu Ərdoğanla məsləhətləşmələrdən dərhal sonra vəzifəni təhvil verəcəyini bildirdi. Təhvil-təslimdən sonra Ərdoğan bu vəzifəni seçkidə ən çox səs toplamış partiyaya – CHP-yə həvalə etməlidir.

Ərdoğan buna getməsə, bu halda prezidentin quracağı seçim hökuməti gündəmə gəlcək. Seçim hökumətinə gedilərsə, parlamentdə təmsil olunan bütün siyasi partiyalar hökumətə deputatlarının sayı qədər üzv verəcəklər. MHP belə bir hökumətdə yer almayacağını əvvəldən açıqlayıb. Bu halda seçim hökumətində AKP, CHP və HDP üzvləri təmsil oluna bilər.

Ərdoğan hökuməti qurmaq vəzifəsini CHP-yə verərsə

Yox əgər Ərdoğan hökuməti qurmaq vəzifəsini Kılıçdaroğluna verərsə, bu halda CHP ilk olaraq MHP ilə danışıqlara gedəcək. Və məhdud zaman üçün CHP azlıq hökumətinin qurulmasına MHP-dən dəstək istəyəcək. MHP ilə alınmasa, oxşar təklif HDP-yə də ünvanlana bilər.

Əgər seçkiyə qədər davam edəcək CHP azlıq hökuməti qurulsa, hökumətdə yalnız CHP-çi nazirlər yer alacaq. Nazirlər Kabinetində AKP və ya HDP-dən heç bir isim olmayacaq.

Gültəkin