Bizdəki antikorrupsiyanın özü elə korrupsiyadır

Azərbaycanda korrupsiya şübhəsiz ki, başlıca problemlərdən hesab edilir. Hökümət antikorrupsiya istiqamətində müxtəlif proqramlar, qanunlar qəbul edib. Bunların səmərəsi cəmiyyətdə az hiss edilir. Antikorrupsiya daha çox təbliğat xarakteri daşımaqdadı.

Korrupsiya bütövlükdə tarixən dövlətlərin mövcudluğuna böyük  təhlükə mahiyyəti daşıyıb. Məlumdur ki, yalan və yaltaqlıq korrupsiyanın qədim forması sayılır. Hərfi mənası iylənmiş olan korrupsiyayanın ölkədə müəyyən ənənələri olduğunu deyə bilərik. Bu  ictimai fenomen arxaik, icmaçı münasibətlər olan yerdə daha  rahat özünə yer tapa bilir. Müşahidəmə görə, bizdəki antikorrupsiyanın özü də elə bir çox halda korrusiya xarakteri daşıyır. Əgər o kampaniya xarakteri daşımasaydı biz onunla mübarizənin real nəticələrini hiss edərdik. Bu nəticələrdən ən mühümü isə ərzaq və sənaye məhsullarının qiymətlərinin hissediləcək səviyyədə aşağı düşməsi olardı. Qərb ölkələrində  inhisarçılıq özü korrupsiya kimi qəbul edilir.

Bu, çox vacib məsələdir ki, vətəndaşları rüşvət verməyə məcbur edən nədir? Birinci səbəb qanunların işləməməsidir. Dövlət qurumları vətəndaşlara vahid qaydada xidmət göstərməlidir. Mən belə xidmətin olmadığı hallarda rüşvət verməyə məcbur olan insanları qınamıram. Harda qanunlar işləyirsə, orda vətəndaşlar məmnuniyyətlə onlara əməl edəcək, heç bir qanun pozuntusuna da yol verməyəcəklər.

Korrupsiyanı mütəxəssilərin bir qismi daha çox sovet  sisteminin təzahürü sayır. Amma ölkəmizin reallığının çox acı bir tərəfi də var – bu, təhsil sahəsinə korrupsiyanın ciddi nüfuz etməsi ilə bağlıdır. Hesab edirəm ki, kadr hazırlayan, ölkənin gələcəyi üçün birbaşa məsuliyyət daşıyan sahə kimi təhsilin bərbad durumu məhz korrupsiya ilə bağlıdı.

Korrupsiyaya çox müxtəlif davranışlar aiddir. Məsələn, favoritizm; nepotizm; sifarişçilik; rüşvət istəmə və ya zorla alma; dövlət əmlakının mənimsənilməsi və s. Bu davranışların bəziləri qanuna uyğun qaydada edilir. Bu, məsələn, o vaxt baş verir ki, (ələlxüsus bürokratik aparat işçi qüvvəsi və avadanlıqla zəif təmin olunub, bacarıqsızlıq, səmərəsizlik və süründürməçiliklə səciyyələnirsə) bir şəxs inzibati qərarın çıxarılmasını və ya vaxtında çıxarılmasını təmin etmək üçün rüşvət verir. Digər hərəkətlər qanuna zidd qaydada edilir. Bu, o vaxt baş verir ki, bir şəxs qanuna zidd olan inzibati qərarın çıxarılmasını təmin etmək üçün rüşvət verir. Korrupsiya (məsələn, pul, və ya əmlakın itməsi və ya işçi siyahısına artıq adamların salınması hallarında olduğu kimi) dövlət vəsaitlərinin oğurlanması ilə səciyyələnə bilər. Lakin bu, məsələn, vəsaitlərin ayrılması üçün meyarlardan yan keçilməsi və ya məktəb binası yerinin müəyyən edilməsi hallarında olduğu kimi, heç də vacib deyil.

Mehman Xanlaroğlu, politoloq