Növbəti dəfə Azərbaycan Respublikasının xarici ticarətinin gömrük statistikası açıqlanıb. Bu dəfə də statistika ürək açan deyil. Belə ki, 2015-ci ilin 7 ayında idxal mallarının dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 8,61 %, o cümlədən yeyinti məhsulları idxalı 3,0 faiz artaraq ümumi idxalın 11,18 faizini təşkil etmişdi. Artıq uzun illərdir ki, davamlı olaraq bir sıra ərzaq mallarının , kənd təsərrüfatı məhsullarının idxalı artmaqda davam edir.
Beş ildə 20 dəfə artım.
Qeyd etməliyəm ki, istənilən ölkənin kənd təsərrüfatının inkişaf səviyyəsini müəyyən edən bir neçə göstəricilər var. Bunlardan ət və süd istehsalı göstəriciləri əsas meyyarlardan hesab olunur. Uzun müddətdir ki, ölkəmizə bu məhsulların idxalı artmaqda davam edir. Baxmayaraq ki, ət idxalı ilə bağlı təqdim olunan statistikada 2015-ci ilin 7 ayında artım göstərilməyib, ancaq əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı nəzərəçarpacaq dərəcədə artıb. Qeyd etməliyəm ki, keçən ilin 7 ayı ərzində olkəyə 29,7 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda, bu ilin analoji dövründə bu göstərici 8,79 faiz artaraq 32,3 milyon dollar təşkil edib. Onu da xatırladım ki, 2010-cu ilin yeddi ayı ərzində ölkəyə cəmi 1,6 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda, son 5 ildə bu göstərici 20 dəfədən çox artıb.
Bu ilin 7 ayı ərzində idxal olunan ətin dəyəri 2014-cü ilə nisbətən 1,3 milyon azalaraq 10,9 milyon dollar təşkil edib. Lakin, bu o demək deyil ki, bu ilin 7 ayı ərzində əvvəlki ilə nisbətən ət idxalı azalıb. Əsasən kəsim üçün ölkəyə idxal olunan heyvanların dəyəri isə keçən ilin analoji dövrünə nisbətən 2,6 milyon dollar çoxalıb. Bu isə onu deməyə əsas verir ki, ət idxalı əvvəlki ilə nisbətən 1,3 milyon dollar dəyərində artıb.
Süd məhsullarının idxalı ilə bağlı göstəriciləri ilin sonunda təqdim ediləcək gömrük statistikasından sonra müəyyən etmək mümkün olacaq. Bu mal qrupu üzrə bəzi göstəricilər sonradan təqdim edilir. Dövlət Statistika Komitəsinin bu yaxınlarda ictimailəşdirdiyi məlumata əsasən 2013-cü ildə ölkəyə 44,7 milyon dollar dəyərində süd məhsulları (süd, qaymaq, kərə yağı, digər süd yağları, pastaları, pendir və kəsmik) idxal olunduğu halda, 2014-cü idə bu göstərici 7 faiz artaraq 47,9 milyon ABŞ dolları təşkil edib.
Rekord idxal “rekord istehsal”ı üstələyir.
Bu il hökumət məmurları son 100 ildə rekord səviyyədə taxıl, o cümlədən buğda istehsal olunduğunu qeyd edir. Şübhəsiz ki, bu “rekord”lar “Kənd təsərrüfatı ili”ndə dönə-dönə, təkrar-təkrar müxtəlif tribunalardan zaman-zaman səsləndiriləcək. Böyük nailiyyət kimi qeyd ediləcək, bu sahəyə məsul olanlar medallarla, ordenlərlə təltif olunacaqlar. Belə “rekord”lar müqabilində mükafatlar almaq adi hal alıb. Ancaq hökumət məmurları əsl rekord haqqında susur. Belə ki, Dövlət Gömrük komitəsinin təqdim etdiyi statistikada bu ilin 7 ayı ərzində ölkəyə son 100 ildə rekord səviyyədə- 202,7 milyon dollar dəyərində buğda idxal edildiyi və bu rəqəmlərin keçən ilin eyni dövrü ilə müqayisədə 29,73 faiz çox olduğu göstərilir. Uzun müddətdir ki, ölkədə taxıl istehsalında ciddi artımlar olduğu qeyd olunur. Hökumət məmurları hər ilin əvvəlində buğda ixrac edəcəklərini vəd etsələr də ilin sonunda əksi baş verir. Bu sahəyə büdcədən külli miqdarda vəsait ayrılır, buğda istehsalçılarına iki dəfə artıq subsidiya verilir. Lakin bu sahədə mövcüd olan problemlər öz həllini tapmır, əksinə, get-gedə artır. Hökumət taxıl istehsalına “diqqətini artırdıqdan” sonra bu sahədə idxala ciddi maraq yaranmağa başladı. Belə ki, 2000-ci ilin əvvəllərində ölkəyə il ərzində 600-650 min ton, 68-69 milyon ABŞ dolları dəyərində buğda idxal olunduğu halda, indi gətirilən malın həcmi 2 dəfədən çox, dəyəri isə 5-6 dəfə artıb. Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasında kənd təsərrüfatında 7,3 faizlik artım qeydə alındığını və bu göstəricinin son illər ərzində ən yüksək artım tempi olduğunu qeyd etdi. Paradoksdur, hər il kənd təsərrüfatında 5-6, hətta bu il 7,3 faiz artım qeydə alındığı halda, ölkəyə əsas kənd təsərrüfatı məhsulları idxalı da ilbəil yüksək faizlə artır. Xüsusi qeyd etməliyəm ki, bu ilin əvvəllərində heç bir ciddi əsas olmadan Azərbaycan Dövlət Taxıl Fonduna tədarük edilən taxıl ehtiyatının həcmi artırıldı. Nazirlər Kabinetinin "Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” qərarına əsasən, Taxıl Fonduna yığılan ehtiyatın həcmi 750 min tona çatdırılıb. Əvvəllər isə bu ehtiyat 500 min ton təşkil edirdi. Çox təəssüf ki, Taxıl Fondunda buğda ehtiyatı əsasən digər ölkələrdən gətirilən məhsulların hesabına formalaşır. İlin əvvəlində Dövlət Taxıl Fonduna yığılan ehtiyatın süni olaraq 250 min ton artırılması kənd təsərrüfatı nazirliyinə imkan yaratdı ki, artan idxal hesabına azalan istehsalı ört-bastır etsin. Bu hal manipulyasiya üçün nazirliyə geniş imkan yaratdı. Kifayyət qədər əmtəəlik buğda istehsal olunmayacağını əvvəlcədən bilən məmurlar Dövlət Taxıl Fonduna yığılan ehtiyatın 250 min ton artırılmasına nail oldular. Hökumətin bu qərarından sonra isə Rusiyadan buğda idxalı əvvəlki ilə nisbətən 2 dəfə artdı. Onu da qeyd etməliyəm ki, bu ilin fevral ayından Rusiya hökuməti dünya taxıl bazarında mövcud olan qiymətdən fərqli olaraq hər ton buğda üçün 37 avro əlavə qiymət müəyyən etdi. Ancaq Rusiya buğdasının baha olmasına baxmayaraq, Azərbaycan daha çox maliyyə ödəməklə buğdanı şimal ölkədən idxal edib. Gətirilən buğdanın həcmi çox olmaqla yanaşı, qiyməti də baha başa gəlib. İndi isə çox baha qiymətə idxal etdikləri buğdanı yüksək qiymətə təklif edirlər. Belə ki, dünya bazarında 1 ton buğdanın qiyməti 169-170 dollar olduğu halda, Azərbaycanda qiymət 250 dollar civarındadır.
Gömrük Komitəsinin təqdim etdiyi statistik məlumatlarda buğda idxalı göstərilsə də ölkəyə gətirilən digər dənli bitkilərin məhsulları haqqında məlumatlar ümumi verilir. Bundan əlavə digər oxşar mal qrupları üzrə; unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda kleykovinası 18,7 faiz, taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları idxalı 9,24 faiz artıb.
İxrac ciddi azalır, idxal isə dəfələrlə artır
Gömrük statistikasına daxil edilən əsas iхrac malları arasında yer tutan meyvə-tərəvəz məhsullarının ixracı əvvəlki ilin 7 ayına nisbətən 0,84 faiz, yəni 1,1 milyon dollar dəyərində artdığı halda, şəkərin ixracı 8,5 milyon dollar, bitki və heyvan mənşəli piylər və yağların ixracı isə 39 milyon dollar dəyərində azalıb. Ümumilikdə bu əsas ixrac mal qrupları üzrə göstəricilər keçən ilin analoji dövrünə nisbətən 44,5 milyon dollar azalıb.
Bununla yanaşı ilin 7 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz məhsulların idxal dəyəri 143 faizdən çox artıb. Keçən ilin yanvar-iyul ayları ərzində 15,9 milyon dollar dəyərində ölkəyə meyvə-tərəvəz idxal olunduğu halda, bu il bu göstərici 2,4 dəfə artaraq 38,8 milyon dollar təşkil edib. Statistik məlumata görə yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 317,30 faiz artıb. Keçən ilin anoloji dövründə bu qrupdan olan malın idxal dəyəri 5,8 milyon dollar olduğu halda, bu il 4,2 dəfə artaraq 24,3 milyon dollar təşkl edib.
Son zamanlar ölkəyə kartof idxalı da ciddi şəkildə artıb, belə ki, 2013-cü ildə ölkəyə 62 min ton kartof idxal olunduğu halda, 2014-cü ildə bu göstərici 2 dəfədən çox artaraq 129 min ton təşkil edib. Gömrük Komitəsinin statistikasında kartof idxalı ilə bağlı məlumat olmasa da bu ilin 7 ayı ərzində bəzi yeməli meyvəköklülər və kök yumrularının 42,9 faiz artdığı göstərilib.
Digər mal qrupları üzrə də, misal üçün, balıqlar və xərçəngkimilər, mollyusklar və digər su onurğasızları 10,40 faiz, yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yemlər- 8,98 %, , zülal tərkibli maddələr; modifikasiya olunmuş nişastalar; yapışqanlar; fermentlər 13,42 faiz, müxtəlif ərzaq məhsulları keçən ilin müvafiq dövrünə nisbətən 30,3%, artıb.
Ümumiyyətlə gömrük statistikası hökumətin aqrar sahəni iflic vəziyyətə saldığını göstərir. Ölkənin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan təlabatı idxaldan aslı vəziyyətdə salınıb. Təəssüflər olsun ki, idxalı inhisara almış oliqarx- məmurların merkantil maraqlarına uyğun olaraq bu aslılıq get–gedə artmaqda davam edir. Bizim fermerlər gözümçıxdıya salınır. Onlar istehsal etdikləri məhsullar daxili bazarda özünə yer tapa bilmir. İnhisarçı məmurların əli ilə idxal malları yerli məhsulları bazarlardan sıxışdıraraq çıxarır. Elə bu kimi səbəblərdən də yerli kənd təsərrüfatı məhsulları istehsalı ilbəil azalır. Bunun da əvəzində idxal sürətlə artır. Bu isə o deməkdir ki, bizim fermerlərə çatacaq milyonlarla vəsaitlər xarici fermerlərin cibinə axır, onların biznesini genişləndirir, onların ölkələrində yeni iş yerləri yaradır, onların dövlət büdcəsinin gəlirini artırır və nəhayyət onların məhsullarını rəqabətqabiliyyətli edir.