Ölkəm qədər qırğınam…

Səadət Cahangirin poeziyasından

Ölkəm

Ölkəm qədər qırğınam,
kölgəm qədər kədərli,
nə çöldə çölçü oldum,
nə şəhərdə şəhərli.

Nəfəsim yanğın yeri,
qəlbim paramparçadı,
içimdə üsyanlarım
çəkilmiş tapançadı.

Min nalədən qurulmuş
bu taxt-tac viran olsa,
Tanrıya məktubum var,
alıb aparan olsa…

Bir yalanın hökmünə,
bütün yalanlar haqlı,
nə sevdalar yaşanır,
zindanlarda yasaqlı!

Öfkəm qədər doluyam,
ölkəm qədər yıxılmış,
hirsim ovcumun içində
süngü kimi sıxılmış!