İlqar Məmmədov “karsa”dan çıxıb

ReAl hərəkatının icra katibi Natiq Cəfərli facebook səhifəsində məlumat paylaşıb ki, İlqar Məmmədovu karsda 1 saat saxlayandan sonra ordan çıxarıblar.

Avqustun 15-də isə bir qrup jurnalist 2 saylı cəzaçəkmə müəssisəsinə gedərək İlqar Məmmədovla göüş, onun haqqında məlumat istəyiblər. Müəssisə rəhbərliyi görüşə icazə verməyib. Jurnalistərə deyilib ki, İlqar Məmmədov karsa salınmayıb başqa dustaqlarla birgə ümumi qaydada cəzasını çəkir, vəziyyəti də normaldır.

***

ReAl hərəkatının sədri İlqar Məmmədov avqustun 14-də həbsxananın cəza kamerasına (karsa) salınıb. Bu barədə azadliq.info-ya onun yaxınlarından bəlli olub.

İlqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində həbsdədir.

Onun karsa salınmasına bir qədər əvvəl yaydığı bəyanat göstərilir. Həmin bəyanatda İlqar Məmmədov həbsxana rəhbərliyinin onu ölkə başçısı adından hədələdiyini, həyatına təhlükə yarandığını qeyd etmişdi.

***

ReAl hərəkatının sədri İlqar Məmmədov həbsdə həyatına təhlükə yarandığı haqda bəyanatla çıxış edib. Bəyanat hərəkatın saytında (cumhuriyyet.org) yerləşdirilib. Bəyanatda deyilir:

Pentensiar Xidmətin təmsilçiləri həbsdə olduğum 2 il yarımdan çox müddətdə səlahiyyətlərinin olmadığına baxmayaraq dəfələrlə heç bir əsas gətirmədən "prezidentin adından və onun tapşırığı ilə” məni hədələmişdilər ki, əfv ərizəsi yazmasam həbsdən sağ-salamat çıxmayacağam. Bu hədəni xususilə polkovnik İmran Tağızadə səsləndirmişdir. Bu haqda bir il yarım əvvəl məhkəmədəki son sözümdə danışmışdım.

Eyni zamanda Avropa Məhkəməsi müəyyən etmişdir ki, məni həbs edərkən hakimiyyətin əsl məqsədi siyasi faəliyyətimə son qoymaq, susdurmaq olub.

Bu amilləri nəzərə alaraq Pentensiar Xidmətin hazırda həbsxanada bütün dustaqları keçirtdiyi rentgen yoxlamasında iştirakdan imtina etdim. Rentgen şualanması təhlükəli alətdir və pis niyyətlə istifadə olunduqda sağlamlığa dərhal müəyyən edilməyən təhlükə yarada bilər. Bundan öncə belə bir yoxlamadan imtina etdikdə heç bir problem yaşamamışdım.

İmtina səbəbi ilə avqustun 14-də rəis müavini vəzifəsini icra edən Emin Həsənov məni öz otağına çağırıb, rus dilində ən təhqiramiz ifadələrlə təhqir etdi, məni bərk döydürməklə hədələdi və bildirdi ki, "Avropaya satılmış, sən şükür eləməlisən ki, səni vətən xaini kimi həbs etməyiblər”.

Öz növbəmdə mən ona bildirdim ki, təhdiddən doğan potensial risk nəzərə alınmaqla rentgen müayinəsindən etibarlı beynəlxalq ekspertlərin iştirakı ilə keçməyə hazıram.

Bundan sonra Emin Həsənov mənə qarşı dustaqları qaldıracağı ilə hədələdi. Təhdidin gücləndiyini və bunun tək mənim üçün deyil digər dustaqlar üçün də problem yarada biləcəyini görəndə mən razılaşdım ki, yaxşı tanıdığım bir neçə dustağın nəzarəti ilə həmin müayinədən keçim. Amma verdiyim bu təkliflə bağlı heç bir cavab almamışam, rəhbərliklə son görüşdə də ünvanıma təhdidlər səsləndirilib, telefondan istifadə hüququm məhdudlaşdırılıb.

Bir daha xatırladıram ki, mənim sağlamlığımla bağlı cavabdehlik bugünkü hökumətin üzərindədir, səlahiyyəti olan bütün beynəlxalq və yerli təşkilatları təhlükəsizliyimlə bağlı məsələni daim diqqətdə saxlamağa çağırıram.