Bu hakimiyyətin “kitab”ında dəyişiklik, islahat, tənqiddən nəticə çıxarmaq yoxdu. Əksinə, cəmiyyətin nifrətlə qarşıladığı, mənfi reputasiyalı adamları ölkə başçısı zaman-zaman təltif edir, fəxri adlara layiq görür. Hansısa icra başçısı vəzifəsindən azad edilirsə, yeni vəzifəyə təyinat alır. Hansısa polis rəisi işdən çıxarılırsa, başqa bir rayonda fəaliyyətini davam etdirir. Yəni Əliyev hakimiyyətinin təfəkkürünə görə, neqativlərin yerini dəyişmək problemlərin həllinə xidmət edir.
Bugünlərdə isə ölkə başçısı növbəti “şedevr” kadr siyasəti həyata keçirdi. Belə ki, əsl ixtisası həkimlik olan Tahir Budaqov Statistika Komitəsinə sədr təyin olundu. Buna qədər isə Budaqov Nizami rayonunun icra başçısı kimi fəaliyyət göstərirdi. Qeyd edək ki, Statistika Komitəsinə sədrlik edən adam ən azı yüksək iqtisadi biliklərə sahib olmalıdı. Üstəlik, ölkənin bütün sahələri üzrə dəqiq məlumatlar bu strukturdan alınır. Tahir Budaqov isə Əlillərin Bərpa Mərkəzinin baş həkimi olub. Bəlkə də bu təyinat zəruridir. Çünki, Statistika Komitəsinin rəqəmlərinə həkim müayinəsi lazımdı. Tez-tez rəqəmlərin “temperatur”u qalxır.
Düzdür, Azərbaycanda bütün sahələr, dövlət strukturları Prezident Aparatının sifarişi ilə işləyir və cəmiyyətə ötürülən informasiyalar əvvəlcədən razılaşdırlır. Amma heç olmasa imitasiya xatirinə kadr təyinatında ciddilik olmalıdır.
Belə biabırçı təyinatlar Azərbaycanı uçuruma aparır. Əvvəlcə ölkənin ən lazımlı sahəsi olan təhsil sahəsində qeyri-ciddi addım atdılar. Belə ki, əvvəllər qoruq müdiri işləmiş şəxs təhsil naziri təyin edildi, nəticə isə təbii ki, əvvəlkindən daha bərbaddır.
Əgər diqqət etsək görərik ki, xeyli starateji sahələrdə belə “islahat”lar aparılıb. Bir müddətdən sonra isə adamlar aidiyyəti olmayan sahələr üzrə ordenlər, medallar alırlar.
Əslində bu kimi kadr dəyişiklikləri hakimiyyətin öz mahiyyətini etiraf etməsidir. Yəni hökumət təsdiq edir ki, şəxslərin ixtisası, biliyi, qabiliyyəti önəmli deyil və bütün tapşırıqlar bir mərkəzdən gəlir.
Deməli, sabah hansısa rayonun prokurorunu Mərkəzi Xəstəxanaya baş həkim təyin etmək olar. Yaxud hansısa həkim baş prokuror təyin edilə bilər. Nə fərqi var ki, onsuz da prokurorlar da həkimlər kimi “əməliyyat” keçirirlər. Və ya həkimlər də xəstənin varlı və kasıb olmasını araşdırırlar.
YAP hakimiyyəti elə bir “dəst-xətt” müəyyən edib ki, bütün kadrlar “hərşeyşünas”dı.
Bir sözlə, bundan sonra bütün statistik rəqəmlərə dəqiq “diaqnoz” qoyulacaq. Bu hakimiyyət ən çox statistik rəqəmlərlə ifşa olunur. Ona görə də bu
sahəyə naşı adam təyin ediblər ki, nəticələrin dəyişməsindən şoka düşməsin.
Əslində, Əliyevin bu möhtəşəm təyinatının özü də bir statistikadır.
Akif


