Xədicə Ismayılın günahı sizi ifşa etməsidir, bəs Xədicə Heybətovanın günahı nədir? Bu ölkədə pulsuzluğa görə nə qədər insan həyatını itirir, yataq xəstəsinə çevrilir, əməliyyat oluna bilmir, ömrünün sonuna qədər qüsurlu yaşayır və.s. Hansıki, minimal xərclə xeyli belə problemin həllinə nail olmaq mümkündü. Həm də belə imkansız xəstələri müalicə etdirmək Azərbaycan hökuməti üçün olduqca xırda işdir.
Amma hakimiyyət dünyanın müxtəlif yerlərində dəyəri 100 milyonlarla ölçülən tikinti işləri aparır, hər il 10 milyonlarla vəsait Gül bayram adı altında talan edilir, məmurlar milyonerə çevrilib və.s. Təkcə Avropa oyunlarının açılış mərasiminə 100 milyon dollar, bu mərasimdə 1 mahnı oxuyan Ledi Qaqaya 2 milyon dollar xərcləyən hakimiyyət, gecə-gündüz imkanlı şəxslərdən yardım istəyənlərə qarşı biganə qalıb. Təsəvvür edin ki, əcnəbi müğənniyə hədiyyə edilən vəsaitlə minlərlə imkansız insanı müalicə etmək olardı.
Bugünlərdə redaksiyamıza müraciət daxil oldu və bir ailənin üzləşdiyi bu problemlə bağlı qəzetimizdə yazı dərc etdik. Belə ki, 3 yaşlı Xədicə anadangəlmə serabil iflicidi. O Herabil və axatri xəstəliyindən əziyyət çəkir. Xədicənin ailəsi də övladlarınnı müalicəsi üçün imkanlı şəxslərdən yardım istəyir. Əgər tez bir müddətdə müalicəyə start verilməsə Xədicənin vəziyyəti daha da ağırlaşacaq.
Hakimiyyət, milyonlarla sərvətə malik olan məmurlar isə qulaqlarını qapayıblar. Bu ölkənin sərvətlərini bu ölkənin vətəndaşına xərcləmək istəmirlər. Xədicənin müalicəsi üçün tələb olunan məbləğ bizim məmurların bir günlük istirahətinə sərf olunan məbləğ qədərdi.
Niyə vətəndaşa qarşı bu qədər biganəsiniz? Xədicə Ismayıldan qisas aldığınızı başa düşdük, Xədicə Heybətovanı niyə məhv edirsiniz? Xədicə Ismayıl sizin korrupsiya cinayətlərinizi aşkar etdiyinə görə cəzalandırılır, bəs 3 yaşlı Xədicəni niyə cəzalandırırsız? Bəli, bu biganəlik, azyaşlı körpəyə qarşı bu laqeydlik qisasçılıqdı, qəddarlıqdı, qeyri-insanilikdi.
Cəmiyyətə həqiqət daşıyan Xədicənin əl-qolunu bağlamısız, heç olmasa cəmiyyətin gələcəyi hesab edilən 3 yaşlı Xədicəni xilas edin. Əgər bu körpə qız xilas edilməsə, deməli bu hakimiyyətin talançılığının qurbanı olacaq.




