Bizim hər şeyi qara görmək adlı bir xəstəliyimiz və ya dərdimiz yoxdur, xeyr. Bilirsiniz, bu ittiham nəyə bənzədi? 60-cı illərdə Misirin ikinci prezidenti Camal Əbdül Nasir haqqında çoxlu lətifələr dolaşırdı. Haqqında dolaşan lətifələri və çəkilən karikaturaları bir nəfərin hazırlayıb yaydığını eşidən Nasir qəzəbli halda həmin şəxsin tapılmasına göstəriş verir. Adamı tapıb gətirirlər. Onu başdan-ayağa süzən dövlət başçısı soruşur: “Sən, mənimlə bağlı lətifələri uyduran adamsan?” “Bəli” deyir adam. Nasir lətifələri bir-bir danışdıqca “bunu da sən uydurdun?” deyə soruşur. Hər dəfə də “bəli” cavabı alır. Yumşalan ölkə rəhbəri sonda deyir: “Sən də mənim kimi misirlisən, ölkəni də mənim qədər sevdiyini düşünürəm, niyə belə edirsən. Mənim ki, Misiri böyük, azad və sayılan bir ölkə halına gətirdiyimi bilirsən..” Bunu eşidən adam dözmür: “Baxın, amma bu lətifəni mən uydurmadım” deyə cavab verir…
Bəli, bizim yazdıqlarımız havadan gələn cəfəngiyyat söhbətlər deyil. Baş verən bütün bu acı gerçəkləri biz uydurmamışıq. Biz mağazalara adam göndərib ərzaq bağlamalarının üstündəki qiymət kağızlarını dəyişməmişik. Biz xəstəxanalara qayda qoyub, pulsuz, kimsəsiz, arxasız insanların qapıdan qovulmasını tapşırmamışıq. Bizim taleyin ümidinə buraxılan aztəminatlı ailələrdə intiharların sayının artmasına heç bir “töhfəmiz” yoxdur. Bizim milyonlarımız, biznes obyektlərimiz, bahalı maşınlarımız, villalarımız belə yoxdur. Nələr dönüb-dolandığını özünüz görmürsünüzmü? Karmısınız, kormusunu, lalmısınız, Allah eşqinə? Ayaq alıb yeriyən bunca zülmü, qansızlığı, ədalətsizliyi, nainsaflığı görməzdən gəlmək olarmı? Üz-üzə qaldığımız ağır durumun fərqində deyilmisiniz?
Biləsiniz ki, bizim heç kimsəylə dərdimiz və düşmənçiliyimiz yox. Bizim qəzəbimiz bu ölkənin insanlarına düşməncəsinə yanaşan, onları əzən, inkişafdan saxlayan, imkanlarını talayan, qarət edən və mənimsəyən edənlərə qarşıdır yalnız. Bizim ağı qara görmək və ya daltonizmlə bağlı bir xəstəliyimiz də yox. Biz də elə ətrafa sizin kimi iki gözlə baxan insanlarıq. Tək fərqimiz odur ki, biz baxmaqdan başqa, həm də görməyə çalışırıq hər şeyi…