Qaçan türk prokurorun hansı ölkədə olduğu bilindi

Ermənistana qaçdıqları bildirilən türk prokurorlardan birinin – Zəkəriyyə Özün Almaniyada olduğu üzə çıxıb. Türkiyə mətbuatının yazdığına görə, barəsindəki həbs qərarından hüquq-mühafizə orqanlarındakı «paralelçilər» vasitəsilə xəbər tutan Z.Öz dərhal Türkiyəni tərk edib. Bu günlər ərzində Türkiyə hökuməti də daxil olmaqla, bəzi mənbələr prokurorun Ermənistanda, bəziləri isə Ukraynada olduğunu bildirirdi. Prezident Rəcəb Tayyib Ərdoğan da Özün Ermənistana qaçdığını iddia edir. Lakin Ermənistan Milli Təhlükəsizlik Nazirliyi onlarda türk prokurorların bu ölkənin ərazisinə keçməsi barədə məlumatın olmadığını açıqlayıb.
 
Hər iki prokuror İnterpolun axtarışına verilib. Axtarış «qırmızı bülletenlə» həyata keçirilir.
 
Türkiyədəki səs-küylü cinayət işlərini («Ergenekon», «Böyük rüşvət əməliyyatı») araşdıran bu prokurorlar barəsində avqustun 10-da həbs qərarı çıxarılıb. Məhkəmənin bu qərarından cəmi bir neçə saat sonra Z.Öz və C.Kara ölkəni tərk ediblər. Prokurorların Türkiyənin Artvin bölgəsindən Gürcüstana, oradan da Ermənistana keçdiyi bildirilir. Məhkəmə prokurorları cinayət törətmək məqsədilə təşkilat qurmaqda və dövlət çevrilişinə cəhddə ittiham edib.
 
Vaxtilə prezident Ərdoğanın adamı olduğu bildirilən Z.Öz sonradan Türkiyədə «paralel dövlət» qurmaqda ittiham olunan Fətullah Gülənə yaxınlığına görə AKP hökumətinin hədəfinə gəlib. Prokurorun qaçmadığı, dövlətin əli ilə qaçırıldığı ilə də bağlı iddialar səsləndirilir.
 
Ərdoğan son çıxışlarının birində qaçan prokurorların tutularaq ölkəyə gətiriləcəyi və əməllərinə görə cavab verəcəklərini bəyan edib.
 
Gültəkin