Hakimiyyətin Arif Məmmədov “bumeranq”ı

Keçmiş səfir haqqında həbs qərarı rejimi necə ifşa etdi?

Qanunun, hüququn ayaqlar altına atıldığı, cinayət məcəlləsinin yalnız hakimiyyətin maraqlarına xidmət edən məcəlləyə çevrildiyi, məhkəmənin sifariş yerinə yetirdiyi, dövlətin imicinin qeyri-ciddi vəziyyətə salındığı göz önündədir. Şəxsi maraqlar, hikkə, qisasçılıq o qədər öndədir ki, dövlətin maraqlarının nə qədər arxaya keçdiyini unudublar.

Keçmiş səfir Arif Məmmədovla bağlı baş verənlər həqiqətən də özünüifşanın pik həddidir.

Deməli bu adam Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Guya onun korrupsiya əməlləri ifşa olunub. Hesablama Palatasının 2015-ci ilin iş planına müvafiq olaraq 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin saxlanılmasına ayrılan büdcə vəsaitlərinin qanunsuz istifadəsi, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi maliyyə pozuntularına yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Hesabatda Arif Məmmədovun 2007-ci ildən başalyaraq müxtəlif tədbirlərə ayırlan pulları mənimsəməsindən, dövlətin vəsaiti ilə özünə avtomobil almasından və digər yeyintilərdən söhbət açılır.

Biz Arif Məmmədova vəkillik etmək fikrində deyilik. Yəqin ki, özü daha dəqiq açılqma verəcək və səslənən fikirlərə aydınlıq gətirəcək.

Amma gəlin təsəvvür edək ki, Arif Məmmədovun haqqında deyilənlər doğrudur və bütün bunlara görə də həbsinə qərar verilib. O zaman sual meydana çıxır. Niyə 2007-ci ildən bugünə qədər olan cinayətlər məhz indi üzə çıxır? 8 il müddətində bu cinayətləri niyə ictimailəşdirib, Arif Məmmədovu həbs etmirdilər? Axı, cinayəti bilib xəbər verməmək də məsuliyyət yaradır?

Necə oldu ki, Arif Məmmədovun külli miqdarda mənimsəmə etməsi yalnız hakimiyyəti tənqid edəndən sonra aşkarlandı?

Əslində, Arif Məmmədovun həbsinə qərar verilməsi hakimiyyətin özünüifşasıdır. Etiraf olunur ki, hakimiyyət də Arif Məmmədovla cinayət şərikidi.

Deməli, nə qədər ki, hakimiyyətin korrupsioner siyasətinə göz yummaq, bu ləntələnmiş siyasəti dəstəkləmək adamları bütün cinayətlərdən sığortalayır. Səfir Məmmədov ilk dəfə Binəqədidəki yanğın hadisəsinə münasibət bildirəndə YAP-çı deputat Siyavuş Novruzov da maraqlı reaksiya vermişdi. O bildirmişdi ki, Arif Məmmədov dövlətə məxsus avtomobillərdə gəzib, komfort həyat yaşayıb. Indi isə hökumətin üzünə ağ olur. Deməli, insanın maddi təminatları varsa, hakimiyyətə səcdə etməlidir.

Bu hakimiyyətin idarəçilik təfəkkürü, mənəvi dərinliyi bu qədərdi. Əslində bu gün ölkəni dədə malı kimi bölən məmurlar da hakimiyyətin xislətinə bələd olduqları üçün rahatdılar. Onlar bilirlər ki, bütün sahələri inhisara alsalar da, övladları harın həyat tərzi keçirsələr də, özbaşınalıq etsələr də, vergidən yayınsalar da cəzasız qalacaqlar. Çünki, hakimiyyətə sədaqətlidilər və gecə-gündüz mədhiyyə söyləyirlər.

Amma hər hansı məsələyə tənqidi münasibət bildirmək kifayət edir ki, “ermənipərəst”, “cinayətkar”, “vətən xaini” olasan.

Dünənə qədər Arif Məmmədov hörmətli, təmiz, təcrübəli səfir idi. hökumət də ona etimad göstərirdi. Indi isə Arif Məmmədovun Novruz şənliyinə nə qədər pul xərcləməsi, avtomobili neçəyə alması da “araşdırılıb”.

Arif Məmmədovla bağlı aparılan araşdırma, onun mənimsəmədə ittiham edilməsi hakimiyyətin nə qədər cılız, qeyri-ciddi olduğunu təsdiqlədi. Bir sözlə hökumətin ssenarisi bu dəfə də “bumeranq” effekti verdi.

Akif