
Hər iki dövlətin, həm Birləşmiş Ştatlar, həm də Kuba səfirlikləri iyul ayının 20-dən fəaliyyətə başlayıb. Kuba ABŞ-dakı səfirliyinin rəsmi açılış mərasimini keçən ay təntənə ilə qeyd edib. Birləşmiş Ştatlar isə rəsmi açılış mərasimini dövlət katibi Con Kerrinin rəhbərliyi ilə nümayəndə heyətinin Havanaya səfəri zamanı təşkil etməyi planlaşdırıb.
Kerri Kubaya 70 ildən sonra səfər edən ilk dövlət katibi olacaq. Onu bir neçə Konqres üzvü və 1961-ci ildə Havanadakı Amerika bayrağını endirən ABŞ Hərbi Dəniz Donanmasının üç qocaman hərbiçisi müşayiət edir.
ABŞ dissidentlərlə bağlı təhqidlərindən yayınmaq və onların rəsmi mərasimə dəvət edilməməsinə görə tənqid edilir. ABŞ-ın Havanadakı planlarına dair ölkə daxilində bəzi narazılıqlar mövcuddur.
Dövlət katibi Con Kerri həmin günün sonunda səfir Ceffri Delaurentisin iqamətgahında siyasətçilər və insan haqları fəallarının iştirakı ilə ikinci, daha böyük mərasimin keçiriləcəyini bildirib.