Siyavuş Novruzov peşə fəaliyyətinə görə cəzalananları niyə unudur?
Mərhum jurnalist Rasim Əliyev haqqında hələ çox danışılacaq. Çünki, onun ölümü sıradan bir hadisə deyildi. Bu ölümdə Azərbaycandakı mövcud sistemin, harın adamların, səhlənkar həkilmərin məsuliyyəti var. Təbii ki, bu hadisə birbaşa siyasi hakimiyyətlə bağlı olmasa da, dolayısıyla bu hakimiyyətin yaratdığı presedentlərin nəticəsdir. Hansısa idmançının özünü reket kimi aparması da, səhiyyənin bu qədər acınaqcaqlı vəziyyətə düşməsi də hakimiyyətin yürütdüyü siyasətin fəsadlarıdı.
Amma daha acınacaqlı məqam insan ölümlərinə bu qədər laqeyd münasibətdi. Rasim Əliyev ailənin yeganə övladıdı, ömrünü ən çiçəkli dövrünü yaşayırdı, tezliklə ailə quracaqdı və hamının tanıdığı bir jurnalist idi. Bu insanın ölümünə kədərlənmək, bu hadisəni ictimailəşdirmək, günahkarların cəzalandırılmasını tələb etmək, hökumətdən mövqe istəmək qədər təbii nə ola bilər? Amma hakimiyyət təmsilçiləri hər dəfə belə situasiyalar baş verəndə müxalifəti ittiham edir, məsələnin siyasiləşdirildiyini önə sürür və hamıdan susmaq təlbə olunur. Ancaq Azərbaycanda belə məqamlara susmaq şəxslərin qanının batırılması deməkdi. Əminliklə demək olar, Rasim Əliyevin ölümü ətrafında bu qədər səs-küy yaranmasaydı, ictimai təpki olmasaydı, hər hansı adekvat addım atılmayacaqdı.
Bu məsələ ilə bağlı YAP-çı deputat Siyavuş Novruzov da münasibət bildirib. O əvvəlcə qeyd edib ki, Rasimin ölümünü şouya çeviriblər. Daha sonra hökumət saytlarının birinə müsahibəsində jurnalistin peşə fəaliyyətinə görə öldürülmədiyini bildirib və günahkarların cəzalandırılmasını hakimiyyətin siyasi iradəsi ilə izah edib.
Əvvəla, bu ölkəni, bütün bəşəri dəyərləri, insan ölümünü şouya çevirən bu hakimiyyət olub. Bu hakimiyyətin yürütdüyü siyasətin nəticəsində seçkilər şouya çevrildi, məhkəmə sistemi şouya çevrildi, təhsil, səhiyyə şouya çevrildi, telekanallar bayağı şouya çevrildi. Artıq vəziyyət o həddə çatıb ki, intihara cəhd edən insanı xials etmək yox, ölüm anını lentə almaq tələbatı yaranıb. Yəni hakimiyyət insan taleyini də bayağılaşdırdı. Indi utanmadan ictimai etirazı şou adlandırırlar. Bu hakimiyyət üçün haqqını tələb etmək, yalana etiraz bildirmək, azadlığın üçün meydana çıxmaq da şoudur. Hakimiyyət komandasında təmsil olunan şəxslər haqqında lətifələr qoşulub. Bəli, ən böyük şoumen məhz bu hakimiyyətin yetirməsi olan şəxslərdi.
Ikincisi, Rasimin peşə fəaliyyətinə görə döyülməməsi hakimiyyətə bəraət ola bilməz. Bu, birbaşa peşə fəaliyyəti ilə bağlı olmasa da, söz və ifadə azadlığına görə vətəndaşın cəzalandırılmasıdır. Digər tərəfdən, Rasimin məşhur bir fotosu var və bu fotoda görünür ki, polis peşə fəaliyyətini yerinə yetirdiyi zaman onu yumruqla vurur. Ümumiyyətlə, belə hadisələr Azərbaycan reallığında çox olub.
Siyavuş Novruzov bilmir ki, Aqil Xəlili peşə fəaliyyətini yerinə yetirdiyinə görə bıçaqlamışdılar, yaxud Ramin Dekonu peşə fəaliyyətini yerinə yetirdiyi üçün döyməmişdilərmi? Bu gün şərlənərək həbs edilmiş Seymur Həzi, Xədicə Ismayıl da peşə fəaliyyətini yerinə yetirdiyi üçün cəzalanıblar. Qənimət Zahidin qohumlarını şərləyərək həbs etmək, Emin Millinin qohumlarından imtina ərizəsi almaq da peşə fəaliyyətinə görə deyilmi? Bu ölkədə sözə görə həbs olunanların sayını bütün dünya bilir.
Bir ölkədə jurnalisti peşə fəaliyyətinə görə döyürlərsə, öldürürlərsə, deməli, o ölkədə azad mətbuatdan danışmaq da olmaz.
Siyavuş Novruzov həvəslə deyir ki, günahkarların cəzalandırılması siyasi iradənin nəticəsidir. Bəli, haqlısız, siyasi iradə olanda günahkarın cəzalandırılması problemə çevrilmir. Amma siyasi iradə olmayanda Elmar Hüseynov, Rafiq Tağı kimi adamların qanı batır. Siyasi iradə olmayanda vəhşicəsinə döyülən, dəfələrlə ölümlə təhdid edilən jurnalistlərin həyatı heç kimə maraqlı olmur. Siyasi iradə olmayanda Qarabağ qazisinin özünü yandırması, məmur özbaşınalığına görə vətəndaşın körpüdən özünü asması şou xarakteri daşıyır.
Yəni yapçı deputatın nəzərinə çatdırmaq istəyirik ki, bu ölkədə yalnız yaltaqlanan, rejimin cinayətlərinə göz yuman jurnalsitlərin peşə fəaliyyətinə icazə verilir. Həqiqəti yazan, tənqid edən jurnalistlər isə ya ölkədən qaçmağa məcbur olur, ya ölkəsində həbs həyatı yaşayır, ya da hər gün döyülmək, öldürülmək, həbs olunmaq təhlükəsi ilə yaşayır.
Akif