“Qafqazın ən böyük qəzeti”nin tabutuna İlham Əliyev sonuncu mismarı niyə vurdu?
Bu mövzuda yazmamaq da olardı. Zatən gündəmimiz başqadır. Amma ortada söyüş varsa, söyüş söyəni tənbeh də olmalıdır.
AXCP sədrinin müavini “Azadlıq” qəzetində “Bu müxalifət getməlidir” tezisinin hakimiyyətin maraqlarına necə xidmət etidiyi barədə yazıb və hakimiyyətyönlü mətbuatın bu tezisi gündəmdə saxlamaq cəhdindən bəhs edərkən “Yeni Müsavat”ın da adını çəkib. Bu da guya “Yeni Müsavat”ın medallı baş redaktorunu qəzəbləndirib. Qəzetdə müavini olan qardaşının dililə AXCP-nin ünvanına həqarətlər yağdırıb. Guya qəzetini hakimiyyətyönlü adlandırmaqla Fuad Qəhrəmanlı onun şəstinə dəyib. Bu adamın özünün və qəzetinin indiki vəziyyətinə nə ad vermək olar, güman edirik, yazının sonuna çatanda cavabı tapacaqsız.
Beləliklə, yaxasını İlham Əliyevin medalı bəzəyən baş redaktor AXCP rəhbərliyini “Siysətin bic balaları” deyə təhqir etdirib. Bu, birinci təhqirləri deyil. Yəqin heç sonuncu da olmayacaq. Buna qədər də müxalifətin ünvanına “qancıq ulaşması”, “it dərsi” və sair kimi biədəb ifadələri qəzetində dərc etdirməyə qədər enib. İndi isə tamam-kamal hafizhacıyevləşmə, etibarhüseynovlaşma gedir adamda.
Bunun səbəbini adamı çuğlayan hirs-hikkədə axtarmaq olar. Əlbəttə, kimlərsə bu məqamda onun bir vaxtlar az qala eyni leksikonla indi əlindən mükafat aldıqları barədə danışdığını yada sala bilərlər. Belədə məsələnin tərbiyə problemi ilə bağlı olduğu hökmü ilə razılaşmalıyıq. Amma o zaman üçün də, indi üçün də bu leksikona güc verən siyasi hikkədən başqa bir şey deyil.
O zamanla işimiz yox, yəqin, heç adamın özü də bir vaxtlar Əliyev sülaləsi haqda hansı ibarələrlə danışdığının xatırlanmasını istəməz. İndi isə ona müxalifəti söydürən psixoloji gərginlik onun mövqe dəyişikliyi ilə siyasi bataqlığa yuvarlanmasından doğur. Adamın özü və qəzeti ictimai etibarı itirib. Gündəmin nəbzini tutan hər kəs indi onun qəzeti ilə YAP-ın mətbu orqanları arasında bərabərlik işarəsi qoyur. Onun qəzeti üçün indi ən yaxşı tərif “İqtidarın ən çox oxunan qəzeti” yarlığıdır. Özü bir vaxtların ictimai rəy liderindən biriydi, adı qulağına dəymişdi, indi Ramiz Mehdiyevin hüzurunda “rəhbər tövsiyələri” dəftərçəsinə qeyd edən birisi kimi obrazlaşıb… Bütün bu çevrilmələr psixoloji gərginlik yaratmaya bilməz, anlaşılandır, amma bunun suçunu başqalarında – cəmiyyətin hörmət bəslədiyi mövqeni, ictimai maraqların təmsilçiliyini bütün məşəqqətlərə baxmayaraq, tərk etməyənlərdə axtarmaq sağlam məntiqədən kənardır.
“Yeni Müsavat”ı və onun baş redaktorunu indiki hörmətsiz yerinə AXCP rəhbərliyi itələməyib. Özləri seçiblər o yeri. Uzağı onlara Prezident Administarsiyasında oturan dostları kömək edib seçimlərində. “Tabuta son mismarı” isə bütün xalqın gözü qarşısında İlham Əliyev vurub. İndi medallı baş redaktor bundan məmnun deyilsə, hikkəsini tökməli olduğu ünvan ortadadır. Amma adam o ünvanlara hikkəli görünmür, deməli onu rahatsız edən yeri yox, yerinin pisliyini göstərən yaxşı nümunələrin hələ də qalmasıdır.
Yeri gəlmişkən, İlham Əliyevin “medal törəni” ilə adamı niyə bitirməyə qərar verdiyi də hələ çox soruşulacaq sualdır. Bizə görə, əsasən iki ehtimal üzərində dayanmaq olar: qisas və ya inamsızlıq.
İlham Əliyev o medalla adamdan ya “alovlu müxalifətçi” olduğu vaxtlarda yazdığı yazıların, etdiyi çıxışların qisasını alaraq, ona ictimai-siyasi mənada “əzablı ölüm” yaşatmaq, ya da onun öz düşərgəsini, prinsip və mövqeyini satdığını və deməli, indiki mövqeyinə də sadiq qalmaya biləcəyini nəzərə alaraq, geriyə yolları bağlamaq istəyib. İndi hakimiyyətə olan ictimai hiddətin bir ucunu öz üzərinə çəkən bu adam İlham Əliyev üçün “Şərq”dəki, “525-ci qəzet”dəki dostlarının çapında olmalıdır. Belədə o, bir daha xəyanət etmək imkanını itirmiş olar.
AzTV, Lider, “Səs”, “Yeni Azərbaycan”… sırasına daha birinin qoşulması idarəçilikdə ancaq zora üstünlük verən bir hakimiyyəti əlbəttə ki, narahat etmir. Ancaq cəmiyyətin də öz yanaşması var. Cəmiyyət hakimiyyətin bütün təbliğat ruporlarını eyni dərəcədə iqnor edir. “Yeni Müsavat”ın sürətlə oxucu sayını və etimadını itirməsi də bu səbəbdəndir. Bu qəzetin rəhbərliyi özlərini hələ də “Qafqazın ən tirajlısı” adlandıra bilərlər, bu qədər şər-böhtanı özlərinə rəva görənlər, “xırdaca” bir yalandan da utnamazlar. Onların bu iddiası Emin Millidən tutmuş Leyla Yunusadək siyasi məhbuslar haqda çap etdikləri uydurmalar, müxalifətin ünvanına yazdıqları həqarətlər qədər “doğrudur”. İndi bu qəzetin nə çap, nə də elektron versiyası məsələn, “Azadlıq” qəzetini üstələmir, əksinə ondan aşağıdır. Qəzet köşklərini gəzib müqayisə aparmaq imkanınız olmasa da, internetdə bunu yoxlamaq imkanınız var. Biz nümunə üçün ötəri bir müqayisə təqdim edirik: hər iki qəzetin saytında həftə ərzində ən çox oxunan materialları göstərən bölmə var. “Azadlıq”ın saytında sonuncu həftə üçün ən çox oxunan materialların birinci 112 mindən çox oxunuşla qeydə düşüb. “Yeni Müsavat”ın saytında bu göstərici 15600 həndəvərindədir. İstənilən qədər belə müqayisələr apara bilərsiniz.
Başa düşürük ki, yalnız həftənin ən çox oxunan yazılarını müqayisə etmək tam mənzərəni ortaya qoymur. Ona görə bir az da vaxt sərf edib hər iki qəzetdə həftə ərzində ən çox oxunan 10 yazının nə qədər oxunduğunu hesabladıq. Beləliklə, "Yeni Müsavat" qəzetində həftə ərzində populyar olmuş 10 yazını üstə-üstə 124 min 972 nəfər oxuyub. 10 ən çox oxunan yazını ortalama 12 min 497 nəfər. "Azadlıq"da isə ən çox oxunan 10 yazını üst-üstə 616 min 191 nəfər oxuyub – ortalama 61 min 619 nəfər, yəni "Yeni Müsavat"dakı orta rəqəmdən 5 dəfə artıq oxucu. Bax, reallıq budur. Vaxtı ilə həqiqətən də çox oxunan qəzet olmuş "Yeni Müsavat" ağır günlərini yaşayır. Amma əslində bu rəqəmlər də qəzetdəki real mənzərəni ortaya qoymur. Qəzetin müxalifətə qarşı yazılarını 2-3 mindən artıq adam oxumur. Yeri gəlmişkən, "Yeni Müsavat" saxta İP göstəriciləri ilə gözə kül üfürməsin, guya bunların saytına gündəlik 100 min İP-dən giriş var. Hanı gündəlik 100 min oxucu? Niyə onlar qəzetin ən vacib, oxunaqlı materiallarını da oxumurlar. Necə olur ki, saytlarına gün ərzində 100 min İP-dən oxucular girir, amma müxalifətə qarşı cızma-qaralarını yalnız 2-3 min nəfər oxuyur? Oxucularının 98 faizi bunları boykotmu edir? Daha heç kimi bu yalanlarla aldatmaq mümkün deyil.
Bunu yazmaqda məqsədimiz qürrələnmək deyil. Onu vurğulamaq istəyirik ki, xalqımız ayıqdır, belə məsələlərə həssas yanaşır və kimin kim olduğunu dəqiq müəyyənləşdirə bilir. Xalqın taleyini bir heç sayan Əliyev iqtidarının yanında yer alan kim olur olsun, xalq onu çox sərt şəkildə cəzalandırır. İndiyədək xeyli ictimaiyyət və ya siyasət adamı, mətbuat orqanı bu cəzanı görüb. İndi növbə “Yeni Müsavat”a və onun medallı baş redaktoruna çatıb. Əlbəttə, adam bu gerçəyi görür və gördükcə də hikkələnir. Hikkələndikcə isə daha çox etibarhüseynovların leksikonu ilə danışır. Amma nahaq. Atalar demiş, özü yıxılan ağlamaz.
Emil