Sözönü Əliyev Azərbaycanda məşhur soyaddır. Əliyevlər hər yerdə var: yuxarılarda, aşağılarda. Yuxarıların aşağılardan xəbəri yox, aşağılar yuxarılardan onları görməyəcək qədər uzaqda, kimsəsiz.
1986-cı ildə yeni doğulmuş qızımla 3 saylı uşaq xəstəxanasına düşdük. Bizimlə bir palatada beş-altı aylıq yetim bir qız uşağı vardı, sətəlcəmdən müalicə alırdı. Mənim qızımı da, o qızı da Əfəndiyeva soyadlı yaşlı bir erməni həkim müalicə edirdi. Tibb işçiləri o yetim uşağa hamıdan çox diqqət ayırırdı, həkim üstündə əsirdi: çünki yiyəsizdi, başına bir iş gəlsə, dövlətə cavab verməli olacaqdılar. Tibb bacısının sözlərinə görə, körpəni anası doğulan gün atmışdı. Adını unutmuşam, soyadı Əliyeva idi qızcığazın. Maraqlandım; uşağın adını, soyadını kim qoymuşdu? Tibb bacısı açıqlama verdi: – “Bilmirsiniz, adı, soyadı bəlli olmayan yetimlərə uşaq evlərində ad qoyulur, hamısının soyadı Əliyev yazılır”. “Niyə Əliyev?” “Heydər Əliyevin nəvələridir, ona görə”. O zaman bu fakt xoşuma gəlmişdi. Əliyev soyadı yetimçilikdən qurtuluş yolu kimi görünmüşdü mənə. İndi belə deyil. Üstəlik, tibb elmi inkişaf etsə də, Azərbaycan səhiyyəsində xidmət 86-cı ildən bu yana çox geriləyib.

Heyif sənə, RASİM
Dostumuz, həmkarımız, ölümüylə heç zaman barışmayacağımız gözəl qəlbli gənc Rasim Əliyev əliyevlərdən biri idi. Soyadının xoşbəxtlik gətirdiklərindən deyildi. Nə özü arzuladığı kimi həyat yaşayırdı, nə də ailəsinə bunu yaşada bilmişdi. Ailənin tək oğlu 31 yaşında hələ də subaydı. Rasimə qıydılar. Elmar Hüseynovu güllələdilər, Rafiq Tağını bıçaqladılar – nə qədər acı olsa da buna cəsarət gərəkdi. Rasimi isə döyərək öldürdülər – bu, nadanlıqdı, zəiflikdi, əclaflıqdı, qeyrətsizlikdi. Qudurğanlıqdır, qəddarlıqdır, mazoxizmdir. Lənət olsun, əlləri, qolları, ayaqları qırılsın! Illər sürətlə keçir, Azərbaycansa dəyişməz qalır. Elmarın ölümündən 10 il ötdü. Sadə insanlar jurnalistin döyülərək öldürülməsini nifrətlə qarşıladılar, əli hakimiyyətin ətəyində olanlar qapqara olaya rəngli don geyindirməyə çalışdılar. Bəzi media qurumları susdular, bəziləri xala-xətrin qalmasın, yarımçıq informasiyalar verdilər, ann.tv canfəşanlıq etmədi, bəziləri ikibaşlı, bir ayrıları beşbaşlı yazılar yazdılar. Kimlərsə “Qəbələ”nin, onun hamilərinin müdafiəsinə qalxdı. Bilindi ki, cəmiyyət hələ də qorxu içindədir, azad sözə hazır deyil, haqqı müdafiə etməkdən çəkinir. Cəmiyyətdə azad sözün boğulması (satılması) hakimiyyətdəkilərə sərfəlidir. “Gözü çıxan qardaş” nümunəsi olaraq. Hər kəs törətdiyi əməlin qarşılığında ədalətsiz, qanunlarla deyil, bazar psixologiyası ilə idarə olunan məhkəmələrdə xərcləyəcəyi pulun gücünə cəzasız qalacağını bilir. Rasimi öldürdülər. Cəmiyyət öldürdü onu. Bunun o yan bu yanı yoxdur, insanı dediyinə, yazdığına görə öldürürlərsə, günah hamıdadır.
Rasim özünün ölüm hadisəsini heç bir şübhəyə, suala, bəlkələrə yer qoymadan açdı. Əlbət ölümünü gözləmirdi, amma o anda yenə ağıllı tərpəndi, əsl araşdırmaçı jurnalist kimi davrandı. Məhkəməyə gərək ola biləcək ifadəsini verdi, video, foto çəkilişlərini etdirdi. Həm həmkarlarının, həm də hüquqçuların işini asanlaşdırdı. O, ölümünü də xəbərə çevirdi. Ölkənin baş xəbərinə çevrildi – əsl jurnalist nümunəsi! Rasim bu təcrübəni Reportyorların Azadlıq və Təhlükəsizlik institutunda, Emin Hüseynovun yanında, qaynar xəbərlərin içində öyrənmişdi. AZİ-nin məzununun həyat yolunu dəyişən təşkilatının bağlandığı tarixdə də dünyadan köçdü. Heyif sənə, Rasim! Fərqanənin göz yaşları da köməyinə çatmadı.

Cinayətkarları kim yetişdirir
Rasimin ölüm hökmünü verən Cavid Hüseynovu, Elşən İsmayılovu, onların özlərinə yaraşan dostlarını tanımadığıma sevinirəm. Ətrafımda belələrinin olmadığına çox şadam. Belələrinin futbolda qazandığı qələbə nə bizə gərəkdir, nə də Azərbaycana. Elnur Astanbəyli məni qabaqlayıb “Azadlıq”da cinayətkar idmançıların törətdiyi əməllərin statistikasını verib. Dəhşətli faktlardır. Dövlət “cinayətkar”ların yetişməsi üçün milyonlar xərcləyir. İdman sarayları, olimpiya kompleksləri, Avropa Oyunları – dəyərli insanların bir telinə dəyməz. Bu ölkədə ağlı qolunun gücündən az olan insanlara verilən dəyərin mində biri ürəyi vətəni üçün döyünənlərə verilsəydi, Azərbaycan qazanardı. Belə olmadığından itiririk. Belə olmadığından Rasimi də itirdik, bəlkə də gələcəyin parlaq idmançılarını da. Azərbaycana Rasim kimi dəyərli, qeyrətli oğullar gərəkdi. Cavid Hüseynova yazacağım yaman sözləri atasının ruhuna hörmət olaraq yazmıram. Əgər nə zamansa bunu başa düşə, atasının oğlu ola bilsə, bəlkə ağlı başına gələ.
Ölülər xəstəxanası Semaşkonun həkimi Saday Əliyev. Daha bir Əliyev. Onun adı da haqlı olaraq günahkarlar sırasında çəkilir. Rasimin ölümündə həkim məsuliyyətsizliyi var. Amma bu nəticədir. Ölümün səbəbi, səbəbkarları jurnalist dostumuzu ölümünə döyənlərdir. Həkim səhv etməməlidir, amma edə bilər. Həkim özünəbəraət üçün hansısa bəhanələr axtarmamalıdır, amma tapa bilər. Rasimi ölümcül hala salan idmançı cüssəli, ayağı qüvvəli o sütül uşaqların özlərini savunmaq haqqı yoxdur. Ola bilməz. Ümumiləşdirəsi olsaq, insan canına qıymaq ən böyük günahdır. Görəsən o “qatil” uşaqlar kimi öldürdüklərinin fərqindədirlərmi? Rasimin kim olduğunu bilirlərmi?

Hamımız RASİMİK
Rasim onlardan biri deyildi. Vətənini ayağının deyil, ürəyinin, ağlının gücüylə sevirdi, ona xidmət edirdi. Qarşılıq gözləmədən, alacağı maaşın siqaret, kontur puluna, sınmış dişini düzəltdirməyə yetməyəcəyini bilə-bilə döyüşkən jurnalistlərin, hüquq müdafiəçilərinin sıralarından ayrılmırdı. Bu gün həbsdə yatan, vətənindən didərgin salınan dostları qədər mübarizə meydanında idi. Həyatını gücünə güvənərək sürənlərin ucbatından indi şəkillərdən boylanan xarici görkəmi, cılız bədəni ilə ilk baxışda ayrıca simpatiya doğurmayan Rasim ayrı aləmdi. Tərbiyəli, əxlaqlı, mədəni, savadlı, cəsarətli, bacarıqlı, sədaqətli, ədalətli, təmkinli, səbrli, sözübütöv, mehriban, zarafatcıl, etibarlı – bu keyfiyyətlərin hər birini ayrıca xarakterizə edə, çoxsaylı misallar gətirə bilərəm. Rasim qüsursuzdumu? Əlbəttə, yox. Bir az tənbəlliyi, bir az da məsuliyyətsizliyi vardı. Həddən çox siqaret çəkirdi. Beş il RATİ-də bir yerdə işləmişik. Bəzi işlərə mən cavabdeh olmuşam. Bir yerdə işlədiyimiz çağlarda tez-tez işə gecikirdi. Səhərlər tez yuxudan dura bilmirdi. Çünki gecələri qənimi olduğu kompüter qarşısında keçirir, səhərə yaxın yuxuya gedirdi. Hər gün ona irad tutardım: “bir də gecikmə”, “Baş üstə” deyib gülümsəyərdi. Onun cavabına mən də gülərdim, ikimiz də bilirdik ki, sabah hər şey yenidən təkrarlanacaq. O üzdən bir ara Eminlə razılaşıb Rasimə görə RATİ-də iki növbəli iş sistemi yaratdıq. Birinci növbədə 7-8 nəfər, ikinci növbədə Rasim tək işləyirdi. Nə olursa-olsun o, bir yol belə səsini qaldırmadı, kobud ifadə işlətmədi. Bunu özünə yaraşdırmadı.Tapşırılan yerə gecikirdi, amma işini ən yüksək səviyyədə yerinə yetirirdi. Işini həmişə ən son təhvil verirdi, ən birinci olurdu. Savadına, qabiliyyətinə güvənib təhvil alanda işini yoxlamaya bilərdim. Özü səhv etməzdi, özgələrin səhvi gözündən qaçmazdı. Rasim professional teleoperator, montajçı, monitorinqçi, əsl jurnalist idi. Bəlkə də hansısa toyda yaxşı operatorluq edə bilməzdi, qaynar nöqtələrdə, gərgin situasiyalarda fərqlənməyi, öndə olmağı, gərəkan anı tutmağı gözəl bacarırdı. Rasim hüquq müdafiəçisi idi. Hər zaman haqqı pozulanların yanında olardı, onlara azacıq da olsa yardım etməyə çalışardı. Ukraynada, Rusiyada, Orta Asiyada ezamiyyətdə olmuşdu. Orda həbs edilən hüquq müdafiəçilərinin məhkəmələrinə qatılmışdı. Seçki pozuntuları, aksiyalar, mitinqlər, həbslər, ev söküntüləri, məhkəmə prosesləri – bu mövzularda Rasimin hazırladığı onlarla video var. Yazarlardan kimsə “Rasim tənqidi jurnalistika ilə məşğul olmurdu” deyib. Haqlıdır, Rasim ifşaedici jurnalistika ilə məşğul olurdu. Rasimin alıb-almayacağı qonorarı düşünmədən anında çəkdiyi bir kadr hansısa köşə yazarının gözündə pul hərisliyi ilə qurub-quraşdırdığı cümlələrdən qat-qat dəyərlidir. Rasim faktın dili ilə danışırdı, düşüncənin gücü ilə yox. O, Azərbaycanda insan haqlarının qorunması, demokratiyanın qələbəsi üçün çox iş görmüşdü, siyasi mövzuda çəkilişlər etmişdi, hər zaman arxa planda qalmağa üstünlük verərək. “Mən” deməyi sevməzdi, o cılız bədənin içində qosqocaman, əyilməz “MƏN” vardı.
Ana haqqı
Hamıdan uzaq olsun, həyatda ən dəhşətli ağrı övlad acısıdır. Mən övladının yasında saçlarını yola-yola qol qaldırıb oynayan ana da görmüşəm, dili lal, gözü kor olan da. Rasimin dəfnində onu döyüb öldürənlərə yönəlik deyilən bir qarğış içimi qovurdu, ”görüm sizin də ananız ağlar qalsın”. Dəhşətin gətirdiyi, acının bitirdiyi birinin dilindən çıxmışdı. Çıxmasın gərək! Analar ağlar qalmasın, hər bir ana övladının gərəkli insan, layiqli vətəndaş olması üçün canını verər. Anaların övladının toyunda oynayıb, çiynində getmək haqqı var. Onların bu haqqını kimsə əllərindən almamalıdır.
Hərdən Rasimin anası işə zəng edib oğlunu soruşardı. Dəstəyi çox zaman mən götürdüyümdən ananın suallarına dəqiq cavab verərdim. Rasim şikayətlənərdi: “Nə olardı desəydininiz ki, burdadır, aşağı düşüb”. Deyirdim, “Rasim, sənin üçün hansı qızı desən başdan eyləyə bilərəm, anana heç vaxt yalan demərəm”. Rasim oğlum yerindəydi, özümü hər zaman birgə işlədiyim cavanların anasının yerinə qoyurdum. Amma bu gün mən Rasimin anası olmaq istəmirəm. Heç istəmirəm…
Fimar


