«Azadlıq olmayan yerdə inkişaf ola bilməz»

“Azərbaycanda türmə idarəçiliyi tətbiq edilir”

Hikmət Hacızadə: «Hakimiyyətin bu cür repressiv siyasət yürütməsinin səbəbi dünyagörüşlə bağlıdır»

Bir neçə ay sonra Azərbaycanda parlament seçkisi keçiriləcək. Amma hazırda cəmiyyətdə seçki ab-havası duyulmur. Bunun səbəbi isə hakimiyyətin uzun müddətdir yürütdüyü siyasətdir. Hakimiyyət əvvəllər seçki öncəsi demokratiyanın imitasiyasını həyata keçirirdisə, hazırda əksinə, repressiv siyasəti daha gücləndirməyə üstünlük verir. Atılan addımları isə beynəlxalq aləm birmənalı qarşılamır və ölkəmizlə bağlı beynəlxalq hesabatlar hər ötən gün ritorikasına görə daha sərt olur. Müsahibimiz politoloq Hikmət Hacızadə ilə gündəmin bəzi suallarına cavab aramağa çalışdıq.

– Hikmət bəy, hakimiyyətin bu cür aqressiv, beynəlxalq aləmlə qarşıdurmaya hesablanan siyasətinin məntiqi nədir? Iqtidar atdığı addımların istər beynəlxalq aləmdə, istərsə də ölkədə ciddi təpki ilə qarşılandığını bildiyi halda siyasətini davam etdirir. Bunun səbəbi nədir?

– Hakimiyyətin bu cür siyasət yürütməsinin səbəbi iqtidarın daxili aləmidir, dünyagörüşüdür. Sovet vaxtından insan haqlarını kobud şəkildə pozan, insana bir mexanizm kimi baxan şəxslərin hamısı indi hakimiyyətdədir. Ölkəni məhz bu düşüncəyə sahib şəxslərin idarə etməsi Azərbaycanda cərəyan edən proseslərə öz təsirini göstərir. Idarəçilikdə olanlar sadəcə olaraq azad fikirli insana nifrət edir. Onlar üçün “bizimkilər” və “başqaları” mövcuddur. Onlar üçün ən əziz ailədir, daha sonra isə dost tanış və korrupsiya əməlində iştirak edən adamlar gəlir.

“Insana dəyər verilməyən də inkişaf olmayacaq”

– Reprssiv mühiti daha da gücləndirməklə cəmiyyəti idarə etmək mümkündürmü?

– Azərbaycanda türmə idarəçiliyi tətbiq edilir. Konslageri vaxtilə necə idarə edirdilər. Bu da eyni məntiqli, məzmunlu idarəçilikdir. Ölkəni bu cür idarəetmək olar. Amma ölkədə hər hansı inkişafdan söz belə gedə bilməz. Bəzən iqtidar təmsilçiləri ölkənin inkişafından danışır. Amma azadlıq olmayan yerdə inkişaf da ola bilməz. Insana dəyər verilməyəndə inkişaf olmayacaq. Stalin də o yolla gedirdi. Hazırda bu yolu Şimali Koreya tutub. Vaxtilə Çin və Kuba da bu yola üstünlük versələr də, hazırda cəmiyyətə müəyyən azadlıqlar verilib. Hamını cərgəyə düzüb xəndək qazdırmaq mümkündür, amma daha çətin, qəliz sistem qurmaq mümkün deyil.

“Dövlət başçısı hər həftə xalqın qarşısında çıxış etməlidir”

– Jurnalist Rasim Əliyev döyülərkən aldığı xəsarətlər üzündən bir müddət sonra xəstəxanada dünyasını dəyişdi. Azərbaycanda hazırda elə mühit formalaşıb ki, əlində bir balaca səlahiyyət olan şəxs qanunları kobud şəkildə pozur. Bu cür hallara görə məsuliyyəti kim daşıyır?

– Əlbəttə, baş verənlərdə, bu cür mühitin formalaşmasında hökumətin rolu, məsuliyyəti var. Hökumət, elita xalqı tərbiyə etməlidir. Xalqa ümumbəşəri dəyərlər aşılanmalıdır. Dövlət başçısı demokratik olarsa, hər həftə xalq qarşısında çıxış etməli, ölkədə baş verənlərlə bağlı hesabat verməlidir. ABŞ-da gündəmdə olan hər bir olay geniş ictimai müzakirəyə, prezidentin bu məsələyə münasibət bildirməsiylə nəticələnir. Prezident Ruzvelt hər həftə radioda 1 saatlıq çıxış edirdi. Bütün bu məqamlar idarəçilikdə əksini tapmalıdır. Azərbaycanda bunların heç biri yoxdur. Təəssüf ki, idarəçilikdə başqa şey təbliğ olunur. Azərbaycanda mənəmlik, lotuluq, kimin gücü var, o öndədir, prinsipləri təbliğ olunur. Amma bu cür ab-havanın yaranmasında adi vətəndaşların, cəmiyyətin də günahı var. Lakin ölkəni idarə edənlərin, rəsmi təbliğata sahib olanların məsuliyyəti daha böyükdür.

“Seçki deyil, növbəti teatr olacaq”

– Azərbaycan kimi sıxışdırılmış cəmiyyətlərdə kemirilən parlament seçkisindən nəsə gözləmək olarmı?

– Bu, növbəti teatr olacaq. Bu dəfə seçkinin sönük tragediya olmasına hamı əmindir. Ölkədə seçki ilə bağlı hər hansı təlaş, hazırlıq müşahidə olunmur. Bu istiqamətdə heç müzakirə getmir, ciddi siyasətçilərdən heç biri seçki təbliğatına hesablanacaq bəyanat vermir. Azərbaycan konkret olaraq Şimali Koreyaya dönüb. Azərbaycanda da seçkilər Şimali Koreyadakı kimi formal xarakter daşıyacaq. Parlamentə düşəcək adamların siyahısı hazırlanacaq, bir neçə yer ənənəyə uyğun satılacaq. Ona görə vəziyyət ürəkaçan deyil.

– Maraqlı və bu seçkini maraqlı edən nüans beynəlxalq aləmin Azərbaycana artan diqqətidir. Rüşvət və korrupsiya faktları, insan haqlarının pozulması Avropa Şurasının, Avropa Parlamentinin, ABŞ Dövlət Departamentinin, Almaniya Bundestaqının Azərbaycanla bağlı sənədlərində öz əksini tapıb. Artan diqqətin səbəbi nədir?

– Artıq beynəlxalq aləm Azərbaycan hakimiyyətinin əlindən boğaza yığılıb. Hər bir siyasətin həddi var. Digər tərəfdən, hakimiyyət repressiyaları gücləndirirsə, deməli, saxtakarlığı da gücləndirəcək. Əgər müəyyən loyalıq nəticəsində hakimiyyət təzyiqləri azaldır, siyasi məhbus məsələsində güzəştə gedirdisə, indi bu yığışıb. Avropaya inteqrasiya etməli ölkə demokratik dəyərləri kobud formada tapdalayır. Azərbaycanda vəziyyət çox gərgindir və bu acınacaqlı vəziyyətdən çıxış yolu görünmür.

“PKK məsələsində Türkiyənin yanında olmalı, ona aktiv dəstək verməliyik”

– Hazırda gündəmin daha bir mövzusu Türkiyənin PKK və IŞID-də qarşı başlatdığı geniş miqyaslı hərbi əməliyyatlardır. Eyni zamanda Türkiyə özü bir terror yuvasına dönüb. Hər gün Türkiyə ərazisində terror aktları törədilir. Baş verənlər regionun simasına necə təsir edəcək?

– Kürd məsələsi təkcə PKK ilə bitmir. PKK-nı Moskva yaradıb, hazırda da silahlandıraraq, idarə edir. Eyni zamanda Iranda PKK-ya aktiv dəstək olur. Amma kürdləri təmsil edən başqa qüvvələr də var. Onlar Qərbə arxalansalar da, hər ikisi Türkiyəyə təhlükədir. Rusiyanın nə istədiyi məlumdur. Kreml regionda Türkiyənin zəifləməsini istəyir. Qərb isə terrorçu olmayan qüvvələrin timsalında Kürdüstanın yaranmasını istəyir. Regionda yaranan kürd dövləti Israil kimi növbəti plasdarm olmalıdır. Qərb PKK-nı dəstəkləmir, əksinə, Türkiyənin mübarizəsinə hər cür yardım edir. Amma Qərb siyasi kürdlərlə dialoq aparmağın tərəfdarıdır. Qərb kürd dövləti vasitəsilə regiona nəzarət etmək istəyir. Israil də təxminən eyni funksiyanı daşıyır.

– PKK ilə mübarizədə Azərbaycanın addımlarını necə dəyərləndirirsiniz? Çünki PKK birbaşa Azərbaycanın maraqlarına toxunan addım atlb. Qaz kəmərimiz partladılıb, vətəndaşlarımıza qarşı hücum edilib. Bu addımların fonunda Azərbaycan nə etməlidir?

– Biz Türkiyənin yanında olmalıyıq. Türkiyə nə mübarizə aparır. Biz ona dəstək olmalıyıq. Türkiyə bizə ən yaxın dövlətdir. Eyni zamanda Türkiyə kürd məsələsin demokratik yolla həll etməyə çalışır. Kürd dilində təhsil, radio, parlamentdə kürdlərin təmsilçilik alması böyük bir demokratik planın tərkib hissəsidir. Ona görə məncə, Türkiyənin planı tam demokratik və haqlıdır.

Xəyal