Daha çox öldürməyə görə mükafat…

Geridə qoyduğumuz həftədə ölkədə baş verənlərlə maraqlananlar  jurnalist Rasim Əliyevin ölümü ilə sarsıldı. Futbolçu ilə arasında yaranan münaqişədən sonra döyülüb xəstəxanaya düşən jurnalist bu dəfə də həkim terrorunun qurbanı oldu və mahiyyət etibarilə Rasimin ölümdə Cavid Hüseynov və qohumları qədər həkimlər də günahkardr.

Bu hadisənin ardından və ağrısı təzə olarkən, ölkə prezidenti sanki ölkə vətəndaşına göz dağı verirmiş kimi Səhiyyə nazirini  bu sahədə inkişafa görə ordenlə mükafatlandırıb. Bütün qəzetlər və sosial şəbəkələrdə jurnalistin ölümündə həkimlərin rolunu əks etdirən yazıların dərc edildiyi bir vaxtda Oktay Şirəliyevin mükafatlandırılmasını başqa cür dəyərləndirmək heç cür mümkün deyil. Sanki bu mükafatlandırma ilə mesaj verilir ki, sizin nə deməyinizdən və kimin hansı şəraitdə ölməyindən asılı olmayaraq mən istədiyimi mükafatlandıraram. Digər yandan bu mükafatlandırma ölkədə baş verən ədalətsizliklərə qarşı bir çox insanın həmrəylik göstərməsini əhəmiyyətsizləşdirməyə və bu birgəliyə zərbə vurmağa yönəlib.

Bir sözlə, ölkə prezidenti demək istəyib ki, biz öz işimizdəyik, siz də çax-çax kimi baş ağrıdırsınız.

Savadsızlıq, səhlənkarlıq və rüşvət kimi eybəcərliklərin çılpaq hala gətirdiyi səhiyyə sisteminə ən güclü məntiqlə  don geyindirmək mümkünsüz olduğu kimi, bu mükafatı da başqa çür izah etmək olmur. Bir ölkənin xəstəsi  geridə qalmış İrana üz tutursa, bir az pulu olan Gürcüstan, Türkiyədə nicat axtarırsa,  az qala hər həftə ( üzə çıxmayan faktlar daha çoxdur) həkim savadsızlığı və səhlənkarlığı ucbatından  ən adi xəstəlikdən  insanlar dünyasını dəyişirsə, düzgün müalicə ala bilmirsə, hansı inkişafdan söz gedə bilər?

Bəlkə inkişaf az qala həftədə bir necə ailənin bədbəxtliyinə səbəb olmaqdır? Ya da bəlkə İran sərhəddində əzilən, saatlarla başina gün döyən, soyuqda üşüyən, təhqir edilib alçaldılan vətəndaşın orda çəkdiyi əzabı təmin etməkdir inkişaf?

İqtidarda oturub bu ölkəni zəlil günə qoyanların inkişaf anlayışı başqadır deyəsən, bizim cahilliyimiz bunu anlamağa imkan vermir!?

Ya da bələ analoqsuz inkişaf yolunda irəliləyən bir ölkənin səhiyyəsindəki inkişaf da daha çox insan ölümü, daha çox səhv müalicə, diaqnoz və ya həkim səhlənkarlığı ilə ölçülür?

Yəqin ki, belədir və biz bu analoqsuz inkişafı 22 il ərzində anlaya bilmədiksə, cətin ki, bundan sonra da anlaya bilək.

Anlamadığımız başqa bir cəhət də var.

Təbii ki, hər bir insan baş verən hadisəni öz yanaşması ilə dəyərləndirir.  Biz də düşünürük ki, səhiyyə sistemi vətəndaşın sağlamlığını təmin etməlidir.  Amma unutduğumuz başqa bir şey var. Azərbaycanda  səhiyyədə  nəhəng rüşvət aparatı işləyir.  Bəlkə Azərbaycada neftin qiymətinin düşməsi ilə başlayan iqtisadi çətinliklər dönəmində Səhiyyə nazirliyi ən çox rüşvət toplayıb “ümumi kassaya” yaxşı pul yatırdığı üçün mükafatlandırılıb?

Səhiyyə sistemində cavabı verilə bilməyəcək suallar çoxdur. Amma bu qədər yaramazlıqların açıq-aşkar baş alıb getdiyi bir dönəmdə nazirin mükafatlandırılmasına cavab vermək çox cətindir, adi məntiqlə izah olunan məsələ deyil. Amma yenə də irəli sürdüyümüz versiyalara əlavə və son olaraq bunu da deyək…

Görünür Oktay  Şirəliyev nazir təyin olunanda ondan  daha çox xəstə öldürmək tələb olunubmuş və o da bu tələbi lazımı qaydada və yaxşı yerinə yetirdiyi üçün mükafatlandırılıb.  Ya   da Rasim Əliyevin öldürülməsində həkimlərin əvəzsiz “əməyi” bu mükafatlandırmada  böyük rol oynayıb… Axı jurnalist, özü də obyektiv olmağa çalışan bir jurnalist Azərbaycan iqtidarının ən böyük düşmənidir.

Mənim versiyalarım bu qədər…

Buyurun, siz də məntiqinizi işə salın, bəlkə başqa bir nəticə çıxara bildiniz ortaya…