"Tarix ədəbi əsərlər üçün xam torpaqlarda хаm qəhrəman axtaranların heç birini yaddaşında saxlamadı" Avqustun 16 – da Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 ili tamam olur. Görkəmli tarixçi alim, professor, Milli Şuranın sədri Cəmil Həsənli Bəxtiyar Vahabazdənin yubileyinə ürək sözlərini yazıb:
"Avqustun 16 – da Bəxtiyar Vahabzadənin 90 illiyi tamam olur. Bu 90 ilin yeddisini biz Bəxtiyar müəllimsiz yaşamışıq. Haqqında çox yazılıb, çox deyilib, hələ bundan sonra da çox yazılacaq və çox deyiləcək. Yazılanların içində tərif də var, tənqid də, yalanı da var, doğrusu da, böhtanı da var, həqiqəti də. İlk yaradıcılığa başladığı dövrdən çoxlu tənqidlərə məruz qalsa da, bu tənqidlər onun həqiqətə olan inamını sarsıtmadı. Ona görə də ədalət axtarışı və həqiqətə iman gətirilməsi onun yaradıcılığının leytmotivi sayılır. Sağlığında görüşlərimiz, söhbətlərimiz olub. Hansısa tarixi hadisəni və faktı, son illərdə xüsusilə Rəsulzadə və Nərimanovla bağlı həssas məqamları dəqiqləşdirmək üçün zənglər edirdi. Bu şəxslərə münasibətdə tarixi həqiqətin ortaya çıxmasında maraqlı idi.
Bəxtiyar müəllimin “Dostluq nəğməsi” adlı ilk şeirlər kitabı 1949 – cu ildə nəşr olunsa da, o, oxucuların yaddaşını, fikir və düşüncəsini 1959 – cu ildə çapdan çıxan “Şəbi hicran” və ondan az sonra nəşr olunan “Etiraf” poemaları ilə fəth etdi. Bu zaman onun milli hislər üzərində köklənmiş “Gülüstan” poemasının əlyazması da hazır idi. Hər üç əsərin yazılmasının səbəbi var. “Şəbi Hicran” ona görə ərsəyə gəldi ki, 1958 – ci ildə böyük Füzulinin vəfatının 400 illiyi respublikada geniş qeyd edildi, hətta qonşu xarici ölkələrdən də Bakıda keçirilən tədbirlərə çoxlu alimlər dəvət edilmişdi. Amma bu tədbirin ədəbiyyatımız və mədəniyyətimiz üçün ən böyük hadisəsi Bəxtiyar müəllimin “Şəbi hicran”ı və hələ 1949 – cu ildə cənub mövzusuna həsr edilmiş "Arazın o tayında" vokal – simfonik poeması ilə məşhurlaşmış istedadlı bəstəkar Cahangir Cahangirovun “Füzuli” kantatası oldu. Hər iki əsər azərbaycanlıların gözlərindən, dillərindən, qulaqlarından süzülüb qəlblərinin dərinliklərinə qədər işlədi, sözün tam mənasında onların ruhunu ehtizaza gətirdi. Sovet Kommunist partiyasının XX qurultayından sonra Azərbaycan ziyalıları millətə xidmət nümunəsi axtarırdılar, onlar bu nümunəni yeknəsəq sosialist mövzularından ayrılıb Füzulinin timsalında milli yaddaşa müraciət etməkdə tapdılar. Əslində, “Gülüstan” və “Etiraf”ın yazılması da ölkədə baş verən dəyişikliklərlə bağlı idi. Stalinin şəxsiyyətə pərəstişinin ifşa edilməsi Sovet hüquq sisteminin hansı cinayətlərin içində olduğunu aşkarladı, 30 – 40 – cı illərdə saxta ittihamlarla həbs edilmiş çoxlu sayda insanların bəraət prosesi başladı.
Cəmiyyətdə ədalətli qanun və onu icra edən vicdanlı prokuror axtarışına böyük mənəvi ehtiyac yaranmışdı. O ədalət axtarışının toxumu Bəxtiyar müəllimin də qəlbinə düşmüş, içində cücərmiş və özü dediyi kimi onu yazmağa çağırmışdı. 60 – cı illərdə bir çox Azərbaycan gəncləri məhz, Bəxtiyar müəllimin bu poemasının təsiri altında hüquq fakültəsinə gəlirdilər ki, cəmiyyətdə ədalətin bərpasına öz töhfələrini verə bilsinlər. “Gülüstan”da eyni dərəcədə dövrün məhsulu idi. Stalin dövründə “Gülüstan”ı yazmaq olmazdı. XX qurultay və Xruşşov islahatları xalqlara öz taleləri, öz keçmişləri, tarixlərinin həssas məqamları haqqında düşünmək imkanı verdi. “Gülüstan” bu düşüncənin işığında yazıldı. Məsələ burasındadır ki, bu islahatlardan sonra müzakirəyə gələn məsələlərdən biri də Azərbaycanın Rusiyaya birləşməsi məsələsi idi. 1958 – ci ildə Gülüstan müqaviləsinin 145 illiyi tamam olurdu və bu müqavilənin tarixdəki yeri haqqında ziyalılar arasında kəskin mübahisələr başlanmışdı.
Yeri gəlmişkən, bu mübahisələr 60 – cı illərin ortalarına qədər davam etdi. Xalqa işğal olunduğu günü bayram etdirmək istəyirdilər. Həmin vaxt bu məsələ ilə bağlı ziyalılar arasında gedən müzakirələri KQB diqqətlə izləyir və kimin hansı mövqedə dayanması ilə maraqlanırdı. Məsələyə münasibətdə Azərbaycan ziyalıları iki yerə bölünmüşdü. Bir çoxları ənənəvi qaydada bunu birləşmə, çox kiçik bir ziyalı dairəsi isə hadisəni olduğu kimi işğal adlandırırdı. Əsasən tarixçilərdən (Ziya Bünyadov, Mahmud İsmayılov və Süleyman Əliyarlı) ibarət olan “işğalçıların” sırasında Bəxtiyar müəllim də var idi. Daha dəqiq “işğalçıların” fikirlərinin ayaqlanmasında Bəxtiyar müəllimin “Gülüstanı” müstəsna rol oynamışdı. Əslində, əlyazma formasında əl – əl gəzən bu əsər milli, mənəvi və ideoloji baxımdan məsələni həll etmişdi. İndi onu tarixi baxımdan əsaslandırmaq lazım idi və bunu da yuxarıda adlarını çəkdiyim tarixçilər böyük cəsarətlə etdilər. “Gülüstan” öz işini görmüşdü. Bəlkə də bədii cəhətdən o ideal deyildi, amma siyasi baxımdan, milli – mənəvi yaddaşın cilalanması baxımından əvəzsiz idi. Bu əsərdən sonra KQB Bəxtiyar müəllimlə onun özünün (sonralar elə övladların da) bildiyindən daha çox maraqlanırdı. Agent məlumatları, siyasi cəhətdən sayıq ədəbi simaların “donosları” əsasında arayışlar, hesabatlar hazırlanırdı.
Bəxtiyar müəllimin oğlu İsfəndiyar Vahabzadə yazır: “bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir”. İsfəndiyar bəyin bu fikrinin tarixi həqiqətlə heç bir əlaqəsi yoxdur. Bəxtiyar müəllimin milli tariximiz və taleyimizdə rolu kifayət qədər böyükdür, onun üçün əlavə xidmət uydurmağa heç bir ehtiyac yoxdur. Ayrı bir vaxt olsaydı bəlkə də belə şeylər olardı. Amma ötən əsrin 60 – cı illərində dövr dəyişmişdi. Xruşşov islahatları KQB – nin belini qırmış, onu cəmiyyətdə gözükölgəli bir quruma çevirmişdi. Həmin vaxt KQB millətçi təqib etməkdən daha çox profilaktika ilə məşğul idi və Bəxtiyar müəllimlə də o istiqamətdə iş aparılırdı. Həmin vaxt Sovet rəhbərliyi millətçiləri tutmaqdan daha çox millətçilik faktlarını gizlətməkdə maraqlı idilər. Çünki onlar SSRİ – də milli problemlərin həll olunduğunu bəyan etmişdilər. Hətta ötən əsrin 50 – ci illərinin sonlarında Moskva Mirzə İbrahimov və İmam Mustafayevi işdən uzaqlaşdıranda Xruşşov Rəyasət Heyətinin iclasında dedi ki, biz sizi millətçiliyə görə çıxarırıq, amma biz sizin əmrinizdə bunu yazıb öz əleydarlarımızın əlinə dəlil verə bilmərik ki, SSRİ-də millətçilik var.
Yeri gəlmişkən, post Stalin dövrü (1954 – 1959) Azərbaycanının ziyalı və hakimiyyət hekayətini işlədikdən sonra Axundov onilliyi ilə bağlı bütün bu məsələləri tarixi baxımdan işləmək istəyirdim. Ona görə respublika Milli Təhlükəsizlik Nazirliyinin arxivinə müraciət etmişdim. Əvvvəlcə MTN bu işə həvəslə razı oldu, yaxşı da materiallar topladılar, iki dəfə biz bu materialları müzakirə də etdik. Lakin son anda Prezident Aparatının göstərişi ilə onlar müxtəlif bəhanələrlə bu materialları verməkdən imtina etdilər. İndi mən Azərbaycanla bağlı (1959 – 1969) respublika KQB – nin illik hesabatlarını böyük çətinliklə Rusiya FTX – nin arxivindən almağa çalışıram. Bəxtiyar müəllimin “millətçi” kimi universitetdən uzaqlaşdırılmasına gəldikdə isə, bunun təqib məsələsi ilə heç bir əlaqəsi yox idi. Həmin vaxt universitetdə çalışan alimlərin böyük əksəriyyəti doktorluq işlərini tamamlamaq üçün əmək haqqını almaq şərti ilə iki illik yaradıcılıq məzuniyyətinə buraxılırdılar və Bəxtiyar müəllim də Səməd Vurğunu yaradıcılıq yolu adlı doktorluq dissertasiyasını tamamlamaq üçün həmin məzuniyyət hüququndan istifadə etmişdi. Sadəcə bu qədər. “Gülüstan”la bağlı ikinci mif guya Heydər Əliyevin Bəxtiyar Vahabzadəni 60 – cı illərdə tutulmaq təhlükəsindən xilas etməsidir. Bu mifin də tarixi həqiqətlə heç bir əlaqəsi yoxdur. Dediyim kimi həmin vaxt Sovet İttifaqı millətçi axtarmaqda və cəzalandırmaqda o qədər də maraqlı deyildi. Heydər Əliyev də respublika təhlükəsizlik orqanlarının məsul işçisi və rəhbəri kimi bu ab – havanı yaxşı bilirdi və bu məsələlərə bu mövqedən yanaşırdı. Məsələn, 60-cı illərdə KQB – nin ədəbiyyat və incəsənətə yanaşması baxımından Heydər Əliyevlə, ondan əvvəl bu orqana rəhbərlik etmiş Semyon Sviqun arasında heç bir mahiyyət və məzmun fərqi yox idi. Hətta illik hesabatlara, bu hesabatların ədəbiyyat və incəsənətə aid olan bölmələrinə qədər münasibət eyni idi. Ona görə Heydər Əliyevin Bəxtiyar Vahabzadəni guya həbs təhlükəsindən qurtarması barədə deyilənlər mənasız söhbətlərdir. Əgər kimsə bu mövzuda mübahisə etməyə həvəs göstərsə mən KQB sənədlərinə dayanan faktları ortaya qoya bilərəm.
Burada bir haşiyə çıxmaq istəyirəm. Bu ilin yazında xarici səfərə gedərkən təyyarədə rus dilli jurnalların birində sevdiyim yazıçılardan olan Elçinin yubiley müsahibəsini oxudum. Ədalət naminə maraqlı müsahibə idi. Lakin düzünü deyim ki, müsahibənin bir yeri məni çox mütəəssir etdi. 60 – cılar nəslindən və ədəbiyyatından danışan zaman Heydər Əliyevin onlara qayğısını qabartmaq üçün Elçin müəllim deyir ki, biz hamımız Heydər Əliyevin şinelindən çıxmışıq. Şübhəsiz ki, həmin vaxt Sovet təhlükəsizlik orqanlarında çalışan rəhbər işçilərin geyim formasına uyğun olaraq Heydər Əliyevin də şineli var idi. Amma mən deyə bilmərəm ki, nə Bəxtiyar Vahabzadə, nə İsa Hüseynov, nə Sabir Əhmədov, nə də digər 60 – cılar (hətta Elçinin özü belə) həmin şineldən çıxmışdı. Əlbəttə, bu şinel məsələsi Qoqolun eyni adlı hekayəsinə dayanır. Ancaq hər necə olsa Qoqolun “Şineli” ədəbi şinel idi və bir hekayənin rus ədəbiyyatına təsirini özündə əks etdirirdi, KQB mundiri deyildi. Ədəbi prosesdə xidmətləri olan, böyük bir oxucu dairəsinin sevə – sevə oxuduğu bir nəslin çiyninə KQB şineli atmaq yüngül desək tarixi və ədəbi həqiqətdən uzaq hadisədir, keçmişi bugünkü konyukturaya uyğunlaşdırmaq cəhdidir.
Bir çoxlarından fərqli olaraq, Bəxtiyar müəllim ötən əsrin 50 – ci illərində SSRİ – də gedən islahatların mahiyyətini düzgün başa düşmüşdü və həmin islahatların açdığı imkanlardan öz milləti üçün istifadə etməkdə maraqlı idi. Diqqət yetirin: 50 – ci illərin sonunda Nikita Xruşşov xam torpaq ideyasını gündəliyə gətirmişdi. Nəinki Sovet siyasəti, bütövlükdə Sovet ədəbiyyatı da bu ideyanın gerçəkləşmisinə tabe edilmişdi. Həmin vaxt Azərbaycan Yazıçılar İttifaqı bədii qəhrəman axtarmaq məqsədilə yaradıcılıq ezamiyyətlərinin çoxunu məhz xam torpaqlara verirdi. Bircə Bəxtiyar müəllimin qəhrəman axtarışı ilə bağlı yaradıcılıq ezamiyyəti üçün İttifaqa yazdığı ərizə istisnalıq təşkil edirdi. O, Yazıçılar İttifaqının Rəyasət Heyətinə yazırdı: “Mən çoxdan bəri böyük Azərbaycan şairi Məhəmməd Hadi haqqında mənzum pyes yazmaq üçün hazırlıq işləri görür, materiallar toplayıram. Hazırda Şamaxıda və Kürdəmirdə yaşayan Hadi ilə yaxın olmuş bir sıra adamlarla görüşmək, xatirələr toplamaq istəyirəm. Bu məqsədlə mənə bir aylıq Şamaxı və Kürdəmirə yaradıcılıq məzuniyyəti vermənizi xahiş edirəm”. Bəxtiyar Vahabzadə hələ 50 – ci illərin sonlarında bu ərizəsi ilə bir növ içində olduğu ədəbi dəstədən ayrıldı və Hadinin axtarışına çıxdı. O Hadinin ki, onun ədəbi siması KQB üçün çox bulanıq görsənirdi və onların gizli əli ilə elə həmin vaxt Əziz Mirəhmədovun Məhəmməd Hadinin romantikası haqqında yazdığı doktorluq dissertasiyası müdafiə zamanı pozulmuşdu. Tarix çox ədalətlidir. Ədəbi əsərlər üçün xam torpaqlarda хаm qəhrəman axtaranların heç birini yaddaşında saxlamadı, Şamaxı dağlarında və Kürdəmir düzlərində Hadini axtaran Bəxtiyar Vahabzadəni yadında saxladı. Ağıllı seçim etdiyinə görə bu onun haqqıdır. Mənim nəzərimcə, Azərbaycan ədəbi mühitində sosialist şablonundan düşündürən (bir az da milli) ədəbiyyata keçid poeziyada Bəxtiyar Vahabzadə, nəsrdə İsa Hüseynovun adı ilə bağlıdır. Bu mövzuda mübahisə etmək istəməsəm də, deməliyəm ki, Bəxtiyar müəllimin yuxarıda adlarını çəkdiyimiz poemaları və İsa Hüseynovun “Yanar ürək” povest bu missiyanı yerinə yetirdi. Məhz, Mirzə İbrahimov və Rəsul Rza (digərləri də var) kimi etibarlı ədəbi simaların dəstəyi ilə onların hər ikisinin yolu bağlanmadı. Amma o yolu bağlamağa həvəs göstərənlər çox idi.
Ta 50-ci illərdən başlayaraq Azərbaycan ictimai fikri üçün iki Bəxtiyar var. Birincisi şair Bəxtiyar, ikincisi isə alim Bəxtiyar. Özü də, onun haqqında yazanlar da həmişə şair Bəxtiyarın alim Bəxtiyar üzərində qələbəsini qabardırlar. Amma bu o demək deyildi ki, o zəif alim idi. Onun Səməd Vurğunun həyat və yaradıcılığı, lirikası haqqında yazdığı namizədlik və doktorluq dissertasiyaları, sonralar eyni adlı monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığının ən sanballı əsərlərindən sayıla bilər. Bəxtiyar müəllimin 1956 – cı ildə nəşr edilmiş “Xalq şairi Səməd Vurğun” və 1968-ci ildə nəşr edilmiş “Səməd Vurğun” monoqrafiyası ədəbi tənqidin ən parlaq nümunələri idi. Həmin əsərlər heç bir ədəbiyyatşünaslıq əsərindən zəif deyil, sadəcə digərləri ilə müqayisədə yox, məhz, şair Bəxtiyarın daim artan nəhəngliyi fonunda tədricən onun alimliyi kiçik görünməyə başladı. Budur səbəb. İndiki ifadə tərzi ilə desək Bəxtiyar müəllim Səməd Vurğunun fanatı idi. Bu fanatlığa görə hələ 1955 – ci ildə Moskvada “Literaturnaya qazeta”da rus tənqidçisi V. Ponedelnik Bəxtiyar Vahabzadəni kəskin şəkildə tənqid etmişdi. Səməd Vurğun haqqındakı məqalələrin birində Bəxtiyar müəllim yazmışdı ki, “kim Səməd Vurğunun poeziyasını sevmirsə, o, ana vətəni də sevə bilməz”. Həmin dövrdə Səməd Vurğun Sovet ədəbiyyatının sütunlarından sayılsa da, Bəxtiyar müəllimin bu fikri partiya orqanlarının hiddətinə, ədəbi “bossların” etirazına səbəb olmuşdu. Bu məqaləni müzakirə etmək üçün 1955 – ci ilin mayında Moskvadan gələn ədəbi tənqid nümayəndələrinin iştirakı ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində “Yazıçılar İttifaqında” vəziyyət adı altında iki günlük müşavirə keçirilmişdi. Mövzu Yazıçılar İttifaqında vəziyyət olsa da, əsas hədəf Bəxtiyar Vahabzadənin Səməd Vurğun haqqında Sovet ideologiyası baxımından zərərli hesab edilən məqaləsi idi. İlk dəfə olaraq sözün tam mənasında Bəxtiyar müəllimin “aşını və suyunu” məhz bu müşavirədə verdilər. Onun KQB-nin maraq dairəsinə daxil olması da bilavasitə bu müşavirədən sonra başladı.
Milli irsə münasibət onun həyat qayəsi idi. 1957 – ci ilin dekabrında respublika fəallarının yığıncağında Bəxtiyar müəllim hamıdan fərqli bir çıxış elədi. Əslində fəallar yığıncağı Nikita Xruşşovun “Kommunist” jurnalında dərc edilmiş ədəbiyyat və incəsənətin xalqa “yaxınlaşdırılması” haqqında olan sistemsiz məqaləsinin müzakirəsinə həsr edilmişdi. Yığıncaqda “Yanar ürək” povestinə görə hamı İsa Hüseynovun üzərinə düşmüşdü. Bəxtiyar müəllim xam torpaqdan yazılmış mənasız bir əsərin təriflənməsi və İsa Hüseynovun ürək çırpıntılarından ərsəyə gəlmiş, ilk dəfə olaraq Azərbaycan Sovet ədəbiyyatında rəhbər partiya işçisinin mənfi obrazı yaradılmış bir əsərin bu qədər tənqid edilməsini doğru saymadı. O, öz çıxışında klassik Azərbaycan yazıçılarının ev muzeylərinin, xatirə yerlərinin mövcud olmamasının səbəbini fəallar yığıncağında iştirak edən respublika rəhbərliyindən soruşdu. Bəxtiyar müəllim dedi: “1954-cü ildə Gürcüstan və Ermənistan şairləri ilə Tiflisdə Azərbaycan şairlərinin görüşü oldu. Biz orada olan zaman şairlərin ev muzeylərinə getdik. Hətta, İlya Çavçavadzenin bircə damla qanı düşən yerdə ona abidə qoyulmuşdur. Bizim klassiklərin isə ev muzeyi belə yoxdur. Mirzə Fətəli Axundovun ev muzeyi bərbad haldadır. Əbdürrəhim bəy Haqverdiyevin qəbri axır vaxtlara qədər məlum deyildi”. Həmin dövrdə 32 yaşı yenicə tamam olmuş gənc bir şairin çıxışı bütövlükdə yığıncağın istiqamətini dəyişdi, onun milli ehtiyaclar məcrasına yonəltdi.
Bəxtiyar müəllimin yaradıcılığı haqqında çox söz deyilib. Mən onun yaradıcılığını hərtərəfli dəyərləndirmiş peşəkar filoloqların sözündən güclü bir söz deyəcəyimə əmin deyiləm. Amma bircə onu vurğulamaq istəyirəm ki, o, millətinin yaşam tərzini dəyişmək istəyirdi, ölmək üçün yaşamaq fəlsəfəsini dirilmək üçün ölmək fəlsəfəsi ilə əvəzləmək istəyirdi. Bununla da mənasız, çarəsiz bir həyat tərzindən, milli dirilik amallarına hədəflənmişdi. Bunun üçün yanmaq gərək idi, elə onun özü kimi yanmaq.
Yaşamaq-yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.
Milli taleyimizdə roluna, xidmətlərinə görə xalq ondan çox şey umurdu və böyük fədakarlıqlar etsə də müxtəlif səbəblər ucbatından bəzi məqamlarda susmağa meyllənirdi. Yaxın dostları bu məqamlarda Bəxtiyar müəllimi bu susqunluqdan ayırmaq üçün müxtəlif vasitələrə əl atır, onu xalqın gözləntilərini doğrultmağa səfərbər edirdilər. Heç unutmuram, bir dəfə söz demək məqamı gələndə dostları onu hərəkətə gətirmək üçün çox təbliğat apardılar, çox misallar çəkdilər. Axırda ona söz deməyə mənəvi haqqı çatan dostlarından biri digərlərinə dedi ki, niyə düşmüşünüz Bəxtiyarın üstünə. Bəxtiyar qalıb vicdanı ilə övladları arasında. Bu söz onu çox möhkəm tutdu və bundan sonra bu iki tərəf arasında seçim məqamı gələndə Bəxtiyar müəllim bu seçimi həmişə vicdanının xeyrinə etməyə çalışırdı. Bir məsələdə onun böyüklüyünə bir balaca xal düşdü. Vaqif Hüseynov respublikadan gedəndən sonra Heydər Əliyev onun evini Bəxtiyar müəllimə təklif etdi. Ev nə qədər yaxşı yerdə olsa da, əlbəttə, Bəxtiyar müəllim o evi qəbul etməməli idi. Onsuz da ona istədiyi yerdə ev verəcəkdilər və Vaqif Hüseynovun evini də qəbul edən tapılacaqdı. Amma həmin evin Bəxtiyar Vahabzadəyə verilməsi yaxşı nümunə deyildi. Bir vaxtlar akademik Musa Əliyevi də akademiyanın prezidenti vəzifəsindən çıxarandan sonra onun evini başqa bir akademikə verdilər. Amma Azərbaycan ziyalılarının həyatında belə xoşagəlməz nümunələr elə də çox olmayıb. Bunu elə belə ziyalılarımızın, bu tipli məsələlərdə səhv etməmələri üçün xatırlatmalı oldum. Bilirəm bu xatırlatmaya görə məndən inciyənlər də tapılacaq, lakin həqiqətdən heç hara yayınmaq mümkün deyil.
İndi 90 illiyi tamam olan bu böyük dərd daşıyıcısı sözün tam mənasında Bəxtiyar idi. Keçdiyi həyat yoluna, milli və mənəvi taleyimizdəki yerinə, ədəbi şöhrətinə, dediyi sözün məna yükünə, istək və arzularına, bir də Zabul – Segahın mayəsinə dəfn olunduğu görə Bəxtiyar idi. O Bəxtiyarlıqdan təmsil etdiyi millətə də bir az pay düşürdü. Çünki özünü həmişə millətin zərrəsi hesab edirdi."
(Moderator.az)


