YAP hakimiyyətinə daha bir nümunə

Gürcüstan hökuməti qaçıqınlar üçün olimpiya kəndi alır, Azərbaycanda isə olimpiya kəndləri istifadəsiz qalıb

Təsadüfi deyil ki, dövləti “böyük ailə” adlandırırlar. Necə ki, hər bir ailənin tələbatını, ehtiyaclarını, problemlərini ailə başçısı həll edir, eləcə də xalqın arzu və istəklərini, hüquqlarını da dövlət öz üzərinə götürür. Seçkilər də ona görə keçilir ki, vətəndaş onun adından danışa biləcək, onun problemlərin həll edəcək, hüquqlarını qoruya biləcək hökuməti seçsin.

Deməli, dövlət hər bir vətəndaşın söykənə biləcəyi, qapısını əminliklə döyəcəyi bir ünvandır. Amma Azərbaycanda uzun müddətdir ki, dövlət anlayışı yoxa çıxıb və hökumət mafioz dəstə kimi hərəkət edir. Yəni vətəndaşın arxalanacağı məhkəmə sistemi, səhiyyə sistemi, təhsil sistemi yoxdur. Hakimiyyət korrupsioner bir sistem yaradıb və xalqı istismar etməklə məşğuldu. Milyonlarla insan bir qrup şəxsin əsarətində yaşamağa məhkum edilib. Bugünə qədər müşahidə edilməyib ki, vətəndaşın xeyrinə hansısa qərar qəbul edilsin, qanun layihəsi müzakirəyə çıxarılsın və s.

Çünki, iş başında olan qüvvələr xalqın seçdiyi şəxslrə deyil. Saxtakarlıqla hakimiyyəti zəbt etmiş qüvvələrdi. Bir anlıq ətrafda baş verənlərə nəzər salanda, bizim nə qədər geridə qaldığımız aydın görünür. Təkcə qonşu Gürcüstana nəzər salanda az müddətdə nə qədər yol qət etdiklərini, beynəlxalq aləmdə imic qazandıqlarını görmək olar.

Bugünlərdə məlum oldu ki, Gürcüstan hökuməti qaçqınlarla bağlı yeni layihəyə imza atıb. Belə ki, Gürcüstan hökuməti qaçqınlar üçün olimpiya kəndində yeni korpusların alınması üçün danışıqlar aparır. Bu məsələ baş nazir Irakli Qaribaşvili ilə “Xualinq qrup”un prezidenti Mi Enxua ilə danışıqların əsas mövzusu olub. Hökumət artıq olimpiya kəndində 8 korpus alıb, bu mənzillər qaçqın ailələrinə veriləcək. Əlavə korpusların alınması ilə bağlı danışıqlar yaxın vaxtda başa çatacaq.

Söhbət hansısa hegemon ölkədən getmir. Heç bir sərvəti olmayan, 4-5 milyard büdcəsi olan dövlətdən gedir. Amma hökumət fərqindədir ki, vətəndaşa qayğı göstərməyə borcludur. Ona görə də bütün vasitələrlə problemin həlinə çalışır. Azərbaycanda təkcə son aylar evsizliklə bağlı xeyli faktlar ortaya çıxıb. Məsələn, şəhid ailəsinin yaşadığı komadan, evsizlik səbəbindən özünü “Qaçqınkom”un qarşısında yandıran köçkündən, Buzovna qəsəbəsində 135 ailənin yaşadığı bərbad binadan xəbər tutduq. Ümumiyyətlə, ölkədə evsizlikdən əziyyət çəkən 100 minlərlə ailə var. Gənc ailələr evsizlik səbəbindən dağılır, yaxud evsizliyə görə insanlar ailə qura bilmirlər. Hansıki, hər il Gül bayramına çəkilən xərclə, mənasız layihələrə xərclənən milyonlarla bu məsələni kökündən həll etmək olar. Yaxud Azərbaycanda boş qalan, heç bir məqsəd üçün istifadə edilməyən xeyli binalar var və bu binaları vətəndaşa təklif etmək olar. Eyni zamanda bizim ölkədə də Olimpiya kəndi var. “Koroğlu” metrosunun yaxınlığında 100-lərlə ailənin yaşaya biləcəyi binalar tikilib və bu binalar istifadəsizdi. Həmin binaları vətəndaşa vermək olmazmı? Əcnəbiyə göstərilən diqqətin 1 faizini öz vətəndaşımıza niyə göstərmirik?

Gürcüstan hökuməti qaçqınları yerləşdirmək üçün danışıqlar aparır, bizim hökumətimiz fantastik şərtlərlə ipoteka krediti verir. Heç kimə sirr deyil ki, ipoteka kreditlərindən yararlanmaq olduqca çətin prosedurdu. Həm ipoteka üçün ayrılan məbləğ azdır, həm ödənişlər yüksəkdir, həm də sənədlərlə bağlı şərtlər ağırdı. Yəni hökumətin ən yaxşı layihəsi də vətəndaşı ağır sınaqlardan keçməyə məcbur edir.

Bir anlıq fikirləşək ki, bu qədər var-dövlət Azərbaycanın deyil, Gürcüstanın payına düşüb. Əminliklə demək olar, o zaman Gürcüstanda 1 nəfər də işsiz vətəndaş olmazdı, əhalinin sosial vəziyyəti indikindən 10 dəfə yaxşı olardı və ölkə vətəndaşları dolanışıq üçün paytaxata, başqa ölkələrə üz tutmazdı.

Çünki, Gürcüstan hökuməti xalqa xidmət edir və hökumət komandasının beynində “necə oğurlayım” planı yoxdur. 

Bəli, “neft və milyonlar səltənətində” milyonlarla ac, evsiz, işsiz insan var. Hakimiyyət komandası isə dünyanın müxtəlif yerlərində bahalı villalar almaq yarışına girişib.

Deməli, mütləq bu ölkədə xalqın hakimiyyəti olmalıdır. Bunu da yalnız xalq təmin edə bilər.

Akif