Oliqarxiyanın “dəmir daban”ı

Bu gedişlə iqtidar özünə qəbir qazır…
 
“Tarixcilər və filosoflar üçün oliqarxiyanın qələbəsi həmişəlik həllni tapmayan tapmaca kimi qalacaq. Sosial təkamülün gedişatında ona yer yox idi. Onun gəlişi tarixi cəhətdən əsasız idi və qaçılmaz deyildi. O, tarixdə dəhşətli anomaliya, dərk olunmaz kuryoz kimi qalacaq”
 
(Cek London)
 
Cek Londonun kəşfi: “Dəmir daban” Bu roman oliqarxiyanın mahiyyətini tam çılpaqlığı ilə özündə əks etdirən ən dolğun siyasi-bədii publisistik əsərdir. İlk vaxtlar diqqəti çəlb etsə də, sonra uzun müddət unuduldu. Yazıldığı tarixdən, yalnız 30 il sonra 1940-cı illərdən başlayaraq baş verən ümumi proseslərin fonunda müəllif tərəfindən irəli sürülən proqnozların özünü doğrultması əsərin bədii dəyərini və ictimai, siyasi cəkisini artırdı. Ötən müddət ərzində, “Dəmir daban” tədricən “utopiyadan reallığa” çevrilməyə başladı və ilk antiutopik əsər kimi ədəbiyyat tarixində öz layiqli yerini tutdu. Əsər kapitalizmin ilkin kapital yığımı mərhələsində maliyyə oliqarxiyasının necə meydana gəlməsindən bəhs edir. Hadisələr üçüncü şəxsin- Evisin 1912-18-ci illərdə yazılan gündəlikləri əsasında onun Çiqako üsyanında həlak olmuş əri inqilabçı Ernest Everqardın dili ilə təsvir olunur.Yazıçı simbiyoz sistemlərdə murəkkəb ictimai münasibətləri, siyasi prosesləri və iqtisadi qanunauyğunluqları statistik oxucu üçün sadə anlaşıqlı bədii dilə çevirib təqdim edir və oliqarxları yetişdirən sistemin əsl mahiyyətini açır. Cek Londonu bir ədəbiyyat adamı kimi peşəkar siyasətçilərdən fərqləndirən ən böyük üstünlüyü də elə bundadır: o, baş verən itimai-siyasi proseslərə ideoloji aspekdən-solçu və ya sağçı kimi deyil, peşəkar bir yazıçı kimi yanaşır. Yaşamaq uğrunda mübarizənin ortaya çıxartdığı ilginc olayların anonsunu verir: “İnsan cəmiyyəti öz tarixi boyu heç vaxt indiki kimi belə qeyri – sabit vəziyyətdə olmayıb. Hardasa cəmiyyətin dərinliklərində gözlə görünməyən, nəhəng çevriliş yetişir. Bu prosesləri adam daha çox altıncı hiss ilə qavrayır. Sanki nə isə yerindən tərpənir – nəhəng, aydın olmayan, qəzəbli bir şey… Mən hansısa nəhəng və qəzəbli hadisələrin gəlişini gözləyirəm, onların kölgəsi artıq üfüqü qapadır. Bunu oliqarxiyanın təhlükəsi adlandıraq – mülahizələrimdə bundan irəliyə gedə bilmərəm. Onun xarakter və təbiətini hətta təsəvvür etmək belə çətindir… Göründüyü kimi Cek London gələn fəlakəti instinktiv olaraq hiss edir və bu, hisslərini əsərin əsas qəhrəmanı Ernestin dili ilə oxucusu ilə bölüşür, onu gözləyən təhlükədən xəbərdar edir: “Əgər bu mübarizədə onlar qalib gəlsə cəmiyyət onların dəmir dabanı altında əziləcək” . Əslində, Cek Londonun gözlədiyi, artıq kölgəsi üfüqü qapadan o hadisələr tarix üçün tamamilə yeni idi. Özünün dediyi kimi ”yeni nəsə
 
yetişir və gəlir, hətta onun xarakterini və təbiətini izah etmək belə cətindir.” O zaman üçün utopik görünənlər, nə yazıq ki, bu gün, artıq gerçək həyatımızın acı reallığına çevrilibdir. Cek Londonun yüz il bundan qabaq okeanın o tayında anonsunu verdiyi fəlakət yüz il sonra bu tayda, nəhayət, bizi də haqladı. Söhbət keçid dövründən- onun doğurduğu acı gerçəkliklərdən gedir…
 
Bu gerçəkliklərin mahiyyətini anlamaq üçün, heç olmasa keçdiyimiz 20 illik yola çox yox, qısa nəzər yetirib ən azı bir suala çavab tapmalıyıq: keçid adı altında biz hardan hara gəldik?!
 
Təbii ki, Azərbaycanda keçid dövrünün “memarı” Əliyevlər, “ideoloqu” isə Ramiz Mehdiyevdir. O, palaz-palaz yazılar həsr edib təbliğ etdiyi “süveren demokratiya” ideyasını Rusiyadan-daha doğrusu, Putin hakimiyyətinin “ seri kardinal”ı hesab olunan Vladislav Surkovdan əxz etmişdi. Putinin hakimiyyətə birinci gəlişindən sonra Rusiyada tədbiq olunan “suveren domokratiya” modeli Surkovun beyninin məhsulu idi. Demokratiyaya alternativ kimi ortaya çıxan bu model, əslində “effektiv dövlətçilik” ideyası adı altında özünün əsl mahiyyətini imitasiyası ilə pərdələyirdi. Surkov öz aləmində, guya alternativ kimi Qərbin ”idarə olunan xaos” nəzəriyyəsinə qarşı Rusiyanın “idarə olunan demokratiya” nəzəriyyəsini irəli sürmüşdü. Azərbaycan hakimiyyəti də demək olar ki, bu ideyanı necə var, eləcə də götürüb, heç nəyi dəyişmədən, sadəcə yüngülvari əl gəzdirib “milli demokratiya” adı altında keçid dövrünün modeli kimi tədbiq etməyə başladı. Və ölkədə demokratik fon yaradıb pis- yaxşı müstəqil fəaliyyət göstərən bütün demokratik təsisatları dövlət himayəsi adı ilə nəzarətə götütüb, hər şeyin saxtasını yaratı: saxta müxalifət, saxta mətbuat, saxta QHT və s.
 
Putinin ikinci gəlişindən sonra isə hakimiyyət daxili siyasi kursunu dəyişdi: Putin “suveren demokratiya”dan və onun müəllifi Vladislav Surkovdan imtina edib, “yumşaq güc”dən “sərt güc” tədbiqinə keçdi. Maraqlıdır ki, Rusiyanın daxili siyasətini izləyən Azərbaycan və Putinin bütün hərəkətlərini təqlid edən İlham Əliyev ləngimədən elə atasının- Heydər Əliyevin daxili siyasi kursundan imtina edib “yumşaq güc”dən “sərt gücə” kecd aldı. V. Surkovun davamçısı kimi çıxış edən R. Mehdiyevi müəyyən mənada neytrallaşdırdı. Əslində, biz sosializmdən- ona xas istehsal üsulundan imtina edib, bizim üçün yeni, amma dünya üçün kifayət qədər köhnə olan kapitalizmə, daha doğrusu,” bazar iqtisadiyyatına” keçməyə başladıq. Amma… Burda bir haşiyəyə çıxıb arayış verim ki, bazar iqtisadiyyatı kapitalizmin son və ən təkmil formasıdır, ona görə də ad kimi bu termindən istifadə olunur. Nəzərə almaq lazımdır ki, klassik kapitalizm ilə bazar iqtisadiyyatı arasındakı fərq, az qala, feodalizmlə kapitalizm arasındakı fərq qədər böyükdür. Bazar iqtisadiyyatı kapitalizmin son təkmil formasıdır. Əslində Azərbaycan “ bazar iqtisadiyyatı” əvəzinə klassik kapitalizmə, daha doğrusu ,vəhşi kapitalizmə keçibdir. Artıq özəlləşdirmə ilə başlanan ilkin kapital yığımı neft bumundan sonra başa çataraq hakimiyyətin
 
mahiyyətini tamamilə dəyişdi: Siyasi hakimiyyətlə kifayətlənməyən hakim zümrə tədricən iqtisadi hakimiyyəti də ələ kerçib maliyyə oliqarxiyasına çevrildi. Bəli, bu amansız mübarizədə onlar qalib gəldi…Ernestin dediyi kimi indi toplumu DƏMİR DABANı altda əzir.
 
P.S. Artıq dünyada belə bir fikir formalaşıb ki, «neft milli sərvət yox, milli faciədir». Bu təkcə neftə aid deyil, istənilən milli sərvət effektli istifadə edilmədikdə millətin öz faciəsinə çevrilir, nəticədə toplum iki antaqonist qütbə- cəbhəyə bölünür və çoxluq azlığın DƏMİR DABANI altında əzilir. Bu açınacaqlı durum bəzən uzun sürsə də sonda, adətən sosial partlayışlar, çevrilişlər və ya inqilablarla müşahidə olunur. Başqa yolu yoxdur: Markosun dövründə Filippində, Məbudun dövründə Zairdə, Siad Barrenin zamanında Somalidə, İdi Aminin dövründə Uqandada, Sani Abaçinin dövründə Nigeriyada da belə olmuşdur.