“Üsyankar səfir” barəsində həbs qərarı çıxarıldı

Arif Məmmədov Interpol xətti ilə axtarışa verildi

Azərbaycanın Avrora Şurası və Avropa Ittifaqındakı daimi nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov barəsində həbsli axtarış qərarı çıxarılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Arif Məmmədov qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dövlət vəsaitini mənimsəmə və ya israf etməklə talamasında, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı və digər cinayətlərdə ittiham olunur.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün Interpolun Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Arif Məmmədov 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi barədə “Facebook” səhifəsində yazdığı statusdan sonra hədəfə gəlib. Arif Məmmədov bu hadisəsinin günahkarı kimi məmurları ittiham etmişdi. Keçmiş səfirin bu statusu hakimiyyət düşərgəsində qiyam kimi dəyərləndirildi və ona qarşı kampaniyaya start verildi. Arif Məmmədov isə mövqeyindən geri çəkilməyərək hakimiyyətə qarşı sərt bəyanatlarla çıxış etdi. Bununla da keçmiş səfir iqtidarın bir nömrəli düşməninə çevrildi. Onun cinayətdə ittiham olunması və axtarışa verilməsinin kökündə əslində hakimiyyətə qarşı çıxması dayanır.