Vahid Məhərrəmov: «İdxal hesabına bolluq yaratmaqla, daxili istehsalı gizlədirlər»
Hökumət iddia edir ki, bu il taxılçılıqda yeni rekord müəyyənləşib. Dövlət Statistika Komitəsinin məlumatına görə, taxıl sahələrinin 99,2 faizi biçilib, hər hektardan 30,5 sentner olmaqla, 2766006 ton taxıl yığılıb. O cümlədən, 539715 hektar buğda sahəsinin 99,5 faizi biçilərək, hər hektardan 31,3 sentner məhsul götürülüb.
“Göstərilən tarixə taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 33,8 faiz, o cümlədən buğda üzrə 30,4 faiz yüksəkdir. Qeyd edək ki, bu, taxılçılıqda rekord göstəricidir”, – deyə “Azərbaycan” qəzeti yazıb.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, ölkədə taxıl istehsalı ilə bağlı dəqiq məlumat əldə etmək mümkün deyil. Çünki təbiət hadisələrinə görə, bu məsələyə əvvəlcədən qiymət vermək çətindir: “Bu il yağışların artması nəticəsində bir sıra təsərrüfatlarda məhsul nisbətən çox olmuşdu. Aqrotexniki qaydalara əməl olunan sahələrdə məhsuldarlıq çox olub. Bir çox sahələrdə isə toxum keyfiyyətsiz olub, eləcə də birinci suvarma vaxtında aparılmayıb və səpin gecikdirilib. Zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilməyib, hətta elə sahələr vardı ki, orada hektardan 1 tona yaxın məhsul əldə edilib. Bu il keçən ilə nisbətən təxminən 100 min hektara yaxın əkin sahəsi azalıb. Nazirlik öncədən sahələrə baxış keçirməli, nə qədər məhsul və məhsuldarlıq gözləndiyini müəyyən etməliydi. Proqnozlar öncədən verilməmişdi”.
Ekspert qeyd edir ki, fevral ayında Taxıl Fondunda əvvəlki ilə nisbətən ehtiyat taxılın həcmi 250 min ton artırılıb: “Burada nazirliyin təşəbbüsü də var idi. Əvvəl 250 min ton idisə, bu ilin fevralında 500 min tona çatdırmışdılar. Bunu da məhsulun az olacağını təxmin etməklə daha çox idxal hesabına az olan istehsalı ört-basdır etmək üçün etmişdilər”.
Ekspert yada salır ki, bu ilin 6 ayında ölkəyə rekord həcmdə buğda idxal olunub. O, ölkədə idxal hesabına bolluq yaratmaqla daxildə istehsalın az olmasını gizlətmək məqsədinə nail olunduğunu da vurğulayır.
Nigar


