Milli Şura üzvü Gültəkin Hacıbəyli Facebook səhifəsində jurnalist Rasim Əliyevin ölümünü səhiyyə üçün rusvayçılıq kimi qiymətləndirib və ona lazımı tibbi yardımı göstərməyən həkimləri ittiham edib: "Haqq, ədalət, vicdan, qanun jurnalist Rasim Əliyevin ölümündə onu vəhşicəsinə döyənlər qədər məsuliyyət daşıyan tibb işçilərinin cəzalandırılmasını da tələb edir. Rasimin başına gələn faciə, əslində, bütün səhiyyəmizin rüsvayçılığıdır. Rasimin üç qabırğasının sındığını bilə-bilə onun daxili orqanlarını müayinə etməmək hətta Afrika səhiyyəsi üçün də ayıb bir şeydir. Bu nakam gəncin üç daxili orqanı- dalağı, mədəaltı vəzi və ağciyərləri ciddi zədələndiyi üçün onda daxili qanaxma olub, ölümlə çarpışan gəncə isə "indi həkim, rentgen yoxdur, sabah gəlib baxarlar" deyiblər. Bu dəhşətdir, ancaq hər gün bir ana və uşaq ölümü xəbəri eşitdiyimiz, adi doğuşun ölüm risqinə çevrildiyi, pulsuz, yiyəsiz xəstənin ölümə məhkum edildiyi ölkəmizdə bu, heç birimizi təəccübləndirmədi,. Ancaq, çox nahaq yerə. Sabah həkim özbaşınalığının, məsuliyyətsizliyinin, savadsızlığının, biganəliyinin qurbanı hər birimiz ola bilərik. Heç olmasa balalarımız naminə susmayaq. Axı heç kimin övladı həkimə müraciət zərurətindən sığortalanmayıb. Rasimin qatili olan həkimlərin də cəzalanmasını tələb edirik!
Rasim Əliyevi döyənlər və hadisənin səbəbkarı olan futbolçu Cavid Hüseynov- cəmi 6 nəfər həbs edilib. Rasim həyəcan təbili çalanda, təhdid edildiyini deyəndə hüquq-mühafizə orqanları tədbir görsəydi, indi o həyatda idi və bu məsuliyyəti heç kim onların boynundan ata bilməz. Ancaq Rasimi ölümünə döyənlərin hamısının həbs olunmasını müsbət hal kimi təqdir edirəm. Biz nöqsanları deməklə bərabər, hakimiyyətin azacıq da olsa müsbət addımını görəndə bunu qeyd etməyin, hətta təqdir etməyin kompleksini yaşamırıq. Ümid edirəm ki, hakimiyyət də bu kompleksdən qurtulacaq və ictimai fikirlə, əslində isə haqqın tələbi sonadək hesablaşmağa özündə qətiyyət tapacaq".


