
«Zəkəriyyə Özü dövlətin əliylə qaçırıblar»
Ermənistan MTN-i rəsmi açıqlama yaydı
Türkiyənin iki prokuroru – Zəkəriyyə Öz və Cəlal Karanın Ermənistana qaçması xəbəri son iki gündə yerli mətbuatın ən çox müzakirə etdiyi məsələlərdəndir.
Prokurorlar Ukraynadadır?
Türkiyədəki səs-küylü cinayət işlərini («Ergenekon», «Böyük rüşvət əməliyyatı») araşdıran bu prokurorlar barəsində avqustun 10-da həbs qərarı çıxarılıb. Məhkəmənin bu qərarından cəmi bir neçə saat sonra Z.Öz və C.Kara ölkəni tərk ediblər. Prokurorların Türkiyənin Artvin bölgəsindən Gürcüstana, oradan da Ermənistana keçdiyi bildirilir. Məhkəmə prokurorları cinayət törətmək məqsədilə təşkilat qurmaqda və dövlət çevrilişinə cəhddə ittiham edib.
Bu gün Ermənistan Milli Təhlükəsizlik Nazirliyi prokurorlarla bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Nazirlik açıqlama verib ki, onlarda türk prokurorların Ermənistanda olması barədə hər hansı məlumat yoxdur. Gürcüstandakı bir mənbə isə Z.Öz və C.Karanın Ermənistanda yox, Ukraynada olduğunu bildirib.
«Qaçdı deməklə gündəmi dəyişirlər»
Prokurorlarla bağlı şok sayılacaq iddianı isə «Ergenekon» işi üzrə təqsirləndirilənlərdən biri – həmin dövrdə xərçəng xəstəliyindən dünyanısını dəyişən Kuddusi Okkırın həyat yoldaşı Sabriye Okkır səsləndiririb. S.Okkır bildirib ki, Z.Öz ölkədən qaçmayıb. Onu dövlətin əliylə qaçırıblar: «Zəkəriyyə Öz xaricə qaçmayıb, onu qaçırıblar. Gündəmi dəyişirlər. Köhnə hamam, köhnə tasdır. İşbirlikləri davam edir. Qaçıbsa, qaçmamışdan əvvəl harda idiniz? Niyə qarşısını almadız? Təkrar edirəm, onu qaçırıblar, dövlət qaçırıb. İndi olanlar da görüntü yaratmaq üçündür».
S.Okkır deyir ki, vaxtilə həyat yoldaşını ağır xəstə olduğunu bilə-bilə ölkədən qaça biləcəyi bəhanəsiylə həbsdən buraxmamışdılar: «Vəkilimiz
bu xahişlə prokuror Zəkəriyyə Özə müraciət etmişdi. Amma Öz bu müraciəti 2 saat sonra rədd etmişdi ki, ölkədən qaça bilər. Halbuki yoldaşım ağır xəstə idi, şüuru getmişdi. Belə insan necə qaça bilərdi? Bu, insanlığa sığmayan münasibət idi. Bunu bir insana layiq görənlər hələ də özlərinə müsəlman deyirlərsə, yazıqlar olsun! Bu sözlərim AKP yetkililərinə də aiddir».

Ərdoğan: «Tutulacaqlar və gəlib hesab verəcəklər»
Bu gün prezident Rəcəb Tayyib Ərdoğan da çıxışlarının birində prokurorlarla bağlı məsələyə toxunub. Ərdoğan bildirib ki, vaxtilə onu xaricə qaçmaqda ittiham edən xəyanət şəbəkəsinin üzvləri indi özləri Türkiyəni tərk ediblər: «Bu vaxta qədər bu xain şəbəkənin 100-dən artıq üzvü xaricə qaçıb. İndi də bəziləri Gürcüstan yolu ilə Ermənistana qaçıblar. Oradan da Allah bilir, hara qaçacaqlar. Türkiyə onların axtarışını davam etdirir. Yaxalanacaqlar və gəlib əməllərinin hesabını verəcəklər. Necə bölək, necə parçalayaq – ancaq bunu düşünürlər. Lakin heç nə əldə edə bilməyəcəklər».
İnterpolun axtarışına verildilər
Bu gün o da məlum olub ki, ölkəni tərk edən prokurorlar İnterpolun axtarışına veriliblər. Bu barədə qərar Bakırköy Prokurorluğundan Ədalət Nazirlyinə, oradan da Xarici İşlər Nazirliyinə göndərilib. Axtarış İnterpolun «qırmızı bülleteni» ilə həyata keçiriləcək.
Qeyd edək ki, Z.Özün vaxtilə Ərdoğanın yaxın adamlarından biri olduğu bildirilir. Türkiyə mətbuatının yazdığına görə, baş nazir işlədiyi dövrdə Ərdoğan ona «Mercedes» markalı zirehli avtomobil də hədiyyə edib. Lakin prokuror Özün Fətullah Gülən tərəfdarlarından olması sonradan tərəflər arasında soyuqluq yaradıb. Z.Özün 2013-cü ilin sonlarında «Böyük rüşvət əməliyyatının» istintaqında tutduğu prisipial mövqe, nazir oğlanlarının həbsinə sanksiya verməsi, hökumətə yaxın iş adamlarının ifşasından çəkinməməsi münasibətlərdəki soyuqluğu bir az da dərinləşdirib. Bundan sonra Öz nəinki «rühvət dosyesinin» araşdırılmasından və illərlə çalışdığı İstanbul Cümhuriyyət Prokurorluğundan uzaqlaşdırılıb, həmçinin prokuror kimi fəaliyyət göstərməsinə də qadağa qoyulub.
Gültəkin