Xədicə İsmayılın işində ifadələr necə saxtalaşdırılıb?

«Prokurorluq MTN-ə məktub yazıb ki, bu işi nəzarətə götürsün. Tural Mustafayevin intihara cəhd etməsinin milli təhlükəsizliyimizə nə dəxli var?»

Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın işi üzrə məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən dünənki məhkəmə iclasında beş nəfər şahid qismində dindirilib ki, onların da üçü jurnalist olub.

Amma şahidlər dindirilməmişdən əvvəl Xədicə Ismayılın ötən məhkəmə iclasında qaldırdığı vəsatət müzakirə olunub. Həmin vəsatətdə jurnalist prokurorluğun Milli Təhlükəsizlik Nazirliyinə göndərdiyi məktubun surətinin ona da verilməsini istəyib. Sözügedən məktub Xədicə Ismayılın barəsindəki cinayət işinin materialları arasında var.

“Siz mənim hüquqlarımı pozursuz”

Vəsatətin müzakirəsi zamanı prokuror Ramazan Hadıyev həmin sənədin Xədicə Ismayıla verilməsinə etiraz edib: “Təqsirləndirilən şəxsə yalnız ona birbaşa aidiyyəti olan sənədlərin surətləri verilə bilər”.

Prokurora Xədicə Ismayıl belə cavab verib: “Sənədin mənə aidiyyəti yoxdursa, bəs bu cinayət işinin içində nə gəzir? Prokurorluq MTN-ə məktub yazıb ki, mənimlə bağlı işi nəzarətə götürsün. Başa düşmürəm, Tural Mustafayevin intihara cəhd etməsinin milli təhlükəsizliyimizə nə dəxli var?”

Məhkəmə vəsatəti təmin etməyib. Hakim qərarını belə əsaslandırıb ki, ibtidai istintaqın sonunda Xədicə Ismayıla iş materialları ilə tanış olmaq imkanı yaradılıb, həmçinin məhkəmə də bir sıra materialların surətlərini ona təqdim edib.

Jurnalist hakimin bu arqumentinə etiraz edib:

– Siz yalan məlumat verirsiz.

– Biz sənədləri sizə vermişik.

– Siz mənə istəmədiklərim sənədləri vermisiz, amma siyahıda göstərdiyim sənədlərin bir çoxunu verməmisiz. Istintaqın sonunda iş materialları ilə tanışlıq dövründə mənə vaxt məhdudiyyəti qoyulmuşdu. Mən məhkəməyə əlimdə heç bir sənəd olmadan, kor-koranə çıxarılmışam. Siz mənim hüquqlarımı pozursuz…"

“Mən ”Xədicə" sözünü deməmişəm…"

Bundan sonra şahidlər dindirilib. Dünən ilk ifadə verən şahid bu iş üzrə zərərçəkmiş qismində tanınan, Xədicə Ismayılova tərəfindən intihara cəhdə təhrik edildiyi iddia olunan Tural Mustafayevin keçmiş qayınanası Fərqanə Rəsulova olub. Qızı Şəfa ilə Tural Mustafayevin 11 il birlikdə yaşadığını, keçən il isə boşandıqlarını deyən Fərqanə Rəsulovanın sözlərinə görə, kürəkəni Bakıya gələndən sonra dəyişib.

Fərqanə Rəsulova ifadəsində bildirib ki, Xədicə Ismayılı tanımır, onun Tural Mustafayevlə münasibəti barədə də heç bir məlumatı yoxdur. Amma istintaqa ifadəsində yazılıb ki, qızı ona Turalın Xədicə ilə münasibəti olduğu və bu səbəbdən aralarında problem yarandığı barədə danışıb. Fərqanə Rəsulova bu barədə yazılanları təkzib edib: “Mən Xədicə sözünü deməmişəm…”

Şahidin ifadəsində “Meydan TV”nin adı çəkilsə də, vəkil Cavad Cavadovla sual-cavab zamanı aydın olub ki, o, ümumiyyətlə, “Meydan TV”nin nə olduğunu bilmir.

Qızının həyat yoldaşı ilə boşanmasının səbəbi barədə suala isə Fərqanə Rəsulova belə cavab verib: “Qızım dedi ki, Rövşanə (Turalın keçmiş nişanlısı) var həyatında…”

Keçmiş qayınanası Tural Mustafayevin intihara cəhd etməsinə görə də Rövşanə Rəhimlini günahlandırıb.

“Tural əlində zəhər küçələri gəzirdi”

Rövşanə Rəhimlinin anası Zemfira Əliyeva da dünən şahid qismində dindirilib. O bildirib ki, Tural Mustafayev içki qəbul edəndən sonra hərəkətlərinə nəzarəti tamamilə itirirdi: “Içəndə vurub dağıtmaq, intiqam almaq istəyirdi. May ayı idi, Rövşanə ilə mübahisələri olmuşdu, bir də gördük, ona asılmış ilgək şəkli göndərib. Qızım qorxdu ki, özünü asır. Tuz qaçdıq onun yaşadığı evə, gördük ki, stolun üstündə içki, yemək bişirib, ilgək evin içində asılıb, özü də oturub eyvanda. Dedim ki, ayıb deyil? Adamı belə qorxutmaq olar? Ondan sonra içkidən aralandı, nişan oldu. Amma sonra yenə öz bildiyini elədi. Bu adam arağı ac qarına içirdi…”

Şahidin sözlərinə görə, dəfələrlə mübahisələrdən sonra Rövşanə Turaldan ayrılmaq qərarına gəlib: “Bu adam əlində zəhər küçələri gəzirdi. Rayona valideynlərinə, qohum-əqrəbasına zəng eləyib dedim. Heç kim yaxın durmadı”.

“Xədicənin adı çəkilməyib, müstəntiq saxtakarlıq eləyib”

Dünən dindirilən növbəti şahid “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadova olub. O bildirib ki, 2010-cu ildə “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyinin Kadrlar Şöbəsilə xidməti müqavilə bağlayıb və qonorar əsasında radio ilə əməkdaşlıq edib.

Dindirmə zamanı məlum olub ki, Esmira Cavadovanın istintaqa ifadəsində onun radio ilə 2009-cu ildə müqavilə bağladığı qeyd olunub. Jurnalist bu ziddiyyəti belə izah edib: “Həmin gün bizi çox ekstremal vəziyyətdə aparıb dindirdilər. Bazar günü səhər saat 7-də polislər tökülüşdü qapımıza, apardılar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə. Müqaviləyə radiodan kimin imza atdığı yadımda deyildi. Mən Kənan Əliyevin (”Azadlıq" radiosunun Azərbaycan xidmətinin keçmiş rəhbəri) adını dedim. Sonra evə gəlib müqaviləyə baxanda gördüm ki, Kadrlar Şöbəsinin rəhbəri imzalayıb. Hətta müstəntiqə dedim ki, istəsəniz, gətirib müqaviləni göstərə də bilərəm…"

O da məlum olub ki, iş materiallarındakı ifadədə müqavilənin Xədicə Ismayılla bağlandığı yazılıb. Esmira Cavadova qətiyyən Xədicənin adını çəkmədiyini və bu barədə yazılanların həqiqətə uyğun olmadığını bildirib: “Bu ağ yalandı. Mən Kənan Əliyevin adını çəkmişdim. Müstəntiq saxtakarlıq eləyib”.

Jurnalist Fərəh Əliyeva da dünən dindirilib. O bildirib ki, “Azadlıq” radiosunda “Internews”un layihələrində fəaliyyət göstərib. Ona görə də müqaviləni bu təşkilatla bağlayıb. Əməkhaqqını da “Internews”dan alıb.

“Orada yazılanların heç birini mən deməmişəm”

Dünən dindirilən sonuncu şahid “Meydan TV”nin əməkdaşı, vaxtilə Tural Mustafayevlə birlikdə kirayə evdə qalmış Cavid Abdullayev olub. O, ifadəsində bildirib ki, Tural Mustafayev ona heç vaxt Xədicə Ismayılla aralarında hər hansı problem barədə şikayətlənməyib. Turalın intihara cəhd etməsinin səbəbinə gəlincə, Cavid Abdullayev bunu onun psixoloji problemlərilə əlaqələndirib: “Roşka ilə (Rövşanə Rəhimli) münasibətləri pis idi…”

Cavid Abdullayevin məhkəmədə dediklərilə cinayət işindəki ifadəsi arasında kəskin ziddiyyətlər olub. Bu səbəbdən onun ifadəsi elan edilib. Həmin ifadədə Tural Mustafayevin işlə təmin olunmasında Xədicə Ismayılın ona problem yaratdığı, ayrılandan sonra barəsində xoşagəlməz rəy yaratdığı barədə fikirlər yer alıb.

Cavid Abdullayev ümumiyyətlə, bu cür ifadə vermədiyini məhkəmənin diqqətinə çatdırıb: “Orada yazılanların heç birini mən deməmişəm. Müstəntiq məni 4 saat yaxın saxladı, özü yazdığını verdi ki, al qol çək. Mən indi məhkəmədə verdiyim ifadəni təsdiq edirəm”.

“Mənim telefon danışıqlarıma qulaq asan adam gedir və…”

Daha sonra Xədicə Ismayıl hakimə müraciət edərək, həftədə, heç olmasa, bir gün məhkəmə iclaslarına fasilə verilməsini istəyib: “Həbsdə olsam da, mənim də hüquqlarım var. Həbsdə olan şəxs gündə iki saat açıq havada olmaq hüququna malikdir. Amma mən bu gün neçə saat bu məhkəmənin zirzəmisində pis qoxuda saxlanılmışam. Axşam məhkəmədən aparılanda artıq gəzinti yeri qapalı olur.

Mənim həftədə iki dəfə telefonla danışmaq hüququm var. Amma mən məhkəmədən aparılanda gec olur. Məsələn, dünən təcridxanaya çatanda baxmayaraq ki, telefon otağı açıq idi, mənə izadə vermədilər. Başa düşürəm ki, mənim telefon danışıqlarıma qulaq asan adamın iş saatı başa çatdığına görə həmin vaxt o, çıxıb getmiş olur və mən də bu səbəbdən danışa bilmirəm.

Və nəhayət, mənim həftədə bir gün ailə üzvlərimlə görüşmək imkanım var. Şənbə və bazar günləri qadınlara görüş verilmir. Həftə içi də siz hər gün məhkəmə keçirirsiz deyə, mən ailəmlə görüşə bilmirəm.

Ona görə də xahiş edirəm ki, bütün bunları nəzərə alıb, məhkəmə iclaslarına həftədə bir gün fasilə verəsiz, qalan günlər də iclasları yarım gün keçirəsiz".

Məhkəmə prosesi bu gün davam edəcək.

Aytən