Tofiq Yaqublu Rasim Əliyevin qətlindən yazdı

Qatil YAP rejimidir

Vicdan məhbusu, Müsavat başqanının müavini Tofiq Yaqublu jurnalist Rasim Əliyevin qətlindən yazıb. Yazını onun qızı Nigar Yaqublu özünün facebook səhifəsində paylaşıb. Yazıda deyilir:

Azərbaycanda daha bir jurnalist öldürüldü. Bu dəfəki qurban Rasim Əliyev oldu. Onun öldürülməsini hakimiyyətin sifariş etdiyini düşünmürəm. Ancaq bununla belə əsas günahkar yenə də YAP rejimidir. 1993-cü ildən bu yana tənqdiçi jurnalistikaya və jurnalistlərə qənim kəsilmiş bu rejim bu illər ərzində çoxlu sayda jurnalisti qətlə yetirmiş, döymüş, işgəncə vermiş, oğurlamış, girov götürmüş və şərləyərək həbs etdirmişdir. İndiyədək jurnalistlərə qarşı törədilmiş heç bir cinayətin üstü açılmamış, ictimaiyyətə tam açıq olan işlərdə isə əsas təqsirkarlar cəzalandırılmamışlar. Bunun nəticəsidir ki, jurnalistlər cəmiyyətin ən müdafiəsiz, arxasız və hüquqsuz təbəqəsi halına gətiriliblər. Ona görə də hər yerindən duran çəkinmədən jurnalistə qarşı cinayət törədə bilir. Əgər belə olmasaydı futbolçu Cavid Hüseynovun qohumları və tanışları ictimai yerdə, həm də videokameraların önündə jurnalist Rasim Əliyevi ölümcül döyməyə cəsarət etməzdilər. YAP hakimiyyəti illərdir ki, jurnalistlərə qarşı cinayətlər törədib və ətrafdakıları da bu işə stimullaşdırıb. Deyiləınləri nəzərə alaraq qətiyyətlə bəyan edirəm ki, jurnalist Rasim Əliyevin qatili YAP rejimidir!