Əliyevin neft-qaz mesajının sirri

Dünyanı təbii sərvətlərlə şirnikləndirib vətəndaşa həmin sərvətləri unutdurmaq siyasəti

Təcrübə göstərir ki, avtoritar və korrupsioner rejimlər özünü ifşa etmədən addımlaya bilmir. Yəni belə hökumətlər hər addımda əvvəlki addımı təkzib edir və absurd siyasət yürüdür. Azərbaycanda da eyni vəziyyət hökm sürür. Hakimiyyət dini tolerantlıqdan danışa-danışa dindarları şərləyərək həbs edir, mətbuat azadlığından danışdığı halda, jurnalsitlərin fəaliyyətini məhdudlaşdırır, iqtisadi inkişafdan danışdığı vaxtda, kütləvi ixtisarlar, valyuta ehtiyatlarının azalması, əhalinin borclanması prosesi baş verir. Uzun illərdi YAP hakimiyyəti yalanı həqiqət kimi sıramağa çalışır. Amma artıq vaxt yetişib və hakimiyyətin yalanı ayaq tuta da bilmir.

Bugünlərdə ölkə başçısı Ilham Əliyev növbəti özünüifşaya imza atdı. Belə ki, ölkənin gündəmini Ilham Əliyevin “neft və qazı unutmalıyıq” ifadəsi zəbt etdi. Bu fikir mətbuatda, sosial şəbəkələrdə, sadə vətəndaşlar arasında müzakirə mövzusu oldu. Ən maraqlısı isə budur ki, Ilham Əliyev bir müddət öncə “bizim güclü enerji resurslarımız var və dünya Azərbaycanla əməkdaşlıqda maraqlıdır” təbliğatını aparırdı. Sonuncu müşavirədə isə ölkə başçısı “bizim neftimiz, qazımız var. Bizim Avropadan yox, Avropanın bizdən asılılığı mövcuddur” söyləmişdi.

Qısa bir zaman kəsiyində prezidentin fikirlərindəki 180 dərəcəlik dəyişimi gördünüzmü? Biz hər dəfə deyirik ki, müşavirədə səslənən fikirlər daxili auditoriyanı çaşdırmaq üçündür. Indi də açıq şəkildə bildirilir ki, neft və qaz dövrü bitdi. Onsuz da vətəndaşın bu təbii sərvətlərdən payı yox idi. Indi neftin qiyməti 48 dollara düşəndən sonra rəsmi şəkildə elan edirlər ki, vətəndaş neftdən əlini üzsün. Hətta bədbəxt qazı da “ölmüş”lər siyahısına yazdılar. Ancaq bir qədər əvvəl hakimiyyət təmsilçiləri Avropanı qazla təhciz etməkdən, yeni layihələrdən dəm vururdular.

Uzun illər ərzində neftdən gələn milyardlar hakimiyyət komandasının varlanmasına, dünyada müəyyən şəxslərin ələ alınmasına, ölkənin bölüşdürülməsinə, yaltaqlığın, rüşvətin çiçəklənməsinə, vətəndaşın bank girovuna çevrilməsinə xidmət etdi. Indi isə neft gəlirləri azalıb, qeyri-neft sektoru can verir və hakimiyyət yaranmış boşluğu vətəndaşın hesabına doldurmaq istəyir.

Artıq sosial-iqtisadi böhran qapımızı döyür və hakimiyyət hələ də öz avtoritar mahiyyətindən uzaqlaşmaq istəmir. Beləliklə, ölkə başçısı etiraf etməlidir ki, bu günə qədər xalqa verilən vədlər, səslənən fikirlər yalan imiş, heç bir inkişaf olmayıb, sadəcə olaraq neftdən gələn milyardlar cəmiyyətə inkişaf kimi təqdim edilib. Eyni zamanda onu da etiraf etməlidir ki, bu milyardlardan dövlətin və millətin rifahı üçün deyil, komandanın aşırı varlanması üçün istifadə olunub.

Məsələ burasındadır ki, “nefti unudun” mesajı həm də cəmiyyətə “səfalətə həzır olun” xəbərdarlığıdır. Çünki, neftdən gələn gəlirləri sığortalaya biləcək ikinci bir uğur göstəricisi yoxdur. Bu illər ərzində neftdən başqa heç bir sahəyə diqqət göstərilmədi. Hakimiyyət elə bildi ki, neft həmişə 140 dollar olacaq və təbiətin bizə verdiyi töhfəni öz uğurları kimi təqdim edəcəklər. Amma zaman göstərdi ki, hakimiyyət təbiətin bu lütfündən yalnız dövləti zəiflətmək üçün istifadə etdi.

Doğrudan da biabırçı reallıqdı. Bir tərəfdən enerji resurslarımızın çoxluğundan, Avropanın bizə möhtac olduğundan danışırlar, o biri tərəfdən neft erasının bitdiyini etiraf edirlər.

Bir sözlə, vətəndaş 100 milyardlarla vəsaiti, hakimiyyətin oğurluğunu unutmalıdır. Hakimiyyət isə cəmiyyətə yeni yalanlar paylamağa davam etməlidir. Ən “şedevr” siyasət isə budur ki, hakimiyyət dünyanı neft-qazla şirnikləndirdiyi halda, ölkə vətəndaşına bu sərvətləri unutmağı məsləhət görür.

Samir