
Vaxtilə Ərdoğanın yaxın adamı hesab olunan Zəkəriyyə Öz niyə hökumətin hədəfinə gəldi?
Mustafa Balbay: «Bir vaxtlar Ərdoğanın zirehli avtomobilinə minənlər indi axtarışdadılar»
Türkiyədəki səs-küylü cinayət işlərini araşdıran prokurorlardan üçü – Zəkəriyyə Öz, Cəlal Kara və Mehmet Yüzgeç barəsində avqustun 10-u axşam saatlarında həbs qərarı çıxarılıb. Bakırköy məhkəməsinin bu qərarından cəmi bir neçə saat sonra Z.Öz və C.Kara ölkəni tərk ediblər. Prokurorların Türkiyənin Artvin bölgəsindən Gürcüstana, oradan da Ermənistana keçdiyi bildirilir. Məhkəmə Türkiyə Baş Prokurorluğunun tələbini əsas götürərək hər üç şəxsi cinayət törətmək məqsədilə təşkilat qurmaqda və dövlət çevrilişinə cəhddə ittiham edib.
İş üzrə adı ən çox hallandırılan və diqqət mərkəzində olan prokuror Zəkəriyyə Özlə bağlı kifayət qədər maraqlı və ziddiyyətli məqamlar var. Z.Öz Türkiyənin ən qalmaqallı işlərindən olan «Ergenekon»un prokurorlarından idi və vaxtilə keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ da daxil olmaqla bir çox tanınmış ismin (hərbiçilər və mülki vətəndaşlar) «dövlət çevrilişinə cəhd»də təqsirləndirilərək həbsə atılmasında xüsusi xidmətləri olmuşdu. İndi isə özü məhz eyni maddə ilə ittiham olunur.
Fətullah Gülən amili və böyük rüşvət əməliyyatı
Zəkəriyyə Öz bir vaxtlar AKP hökumətinin və Rəcəb Tayyib Ərdoğanın yaxın adamı hesab olunurdu. Ərdoğan baş nazir olduğu dönəmlərdə prokurora zirehli «Mercedes» belə, bağışlamışdı. Lakin sonradan ortaya çıxan «paralel dövlət» qalmaqalı və Zəkəriyyə Özün Fətullah Gülənin adamı olması iddiaları tərəflər arasında münasibətləri soyutdu. Və prokuror Öz Ərdoğanın «qara siyahısına» düşdü.
«Ergenekon» davasının getdiyi vaxtlarda hökumət mediası Zəkəriyyə Özü qəhrəman kimi qələmə verməyə çalışır, onu «təmiz əllər prokuroru» adlandırırdı. Lakin sonradan hər şey dəyişdi və Öz AKP hökumətinin hədəfinə gəldi.
Bundan sonra Z.Özün başına gəlməyən qalmadı. Onu hədəfə gətirən təkcə Fətullah Gülənin adamı olması iddiaları deyildi. Ərdoğanı ən çox qəzəbləndirən Z.Özün 2013-cü ilin dekabrında Türkiyədə həyata keçirilən «böyük rüşvət əməliyyatı»nı araşdırarkən hökumətin və yüksək rütbəli məmurların ifşasına yönəlik fəaliyyəti idi. Məhz prokuror Öz həmin vaxt nazir oğlanlarının həbsinə sanksiya vermişdi. Ümumiyyətlə, Z.Öz də, Cəlal Kara da bütün dünyaya səs salmış bu rüşvət əməliyyatının araşdırılmasında tərəfsizlikləri və prinsipiallıqları ilə fərqlənirdi. İddialara görə, məhz bu səbəbdən onlar çox keçməmiş işin araşdırılmasından kənarlaşdırıldılar.
Zəkəriyyə Öz həmin vaxt həbs edilən nazir övladlarının ilkin ifadələrini dəyişdirilməsinə qarşı çıxmış, gecə saatlarında onların saxlanıldığı polis idarəsinə gedərək buna mane olmuşdu. Mətbuatın yazdığına görə, nazir övladlarını məsuliyyətdən azad etmək üçün polis idarəsində onların ilkin ifadələrini dəyişmək istəyirmişlər.

Ərdoğan hədələmişdi?
Rüşvət qalmaqalının qızğın vaxtında – 2014-cü ilin yanvarında Zəkəriyyə Öz mətbuat konfransı keçirərək o vaxt baş nazir vəzifəsini tutan Rəcəb Tayyib Ərdoğanın ona hədə-qorxu gəldiyini bildirmişdi. Öz qeyd etmişdi ki, son olaylardan sonra Ərdoğan onun yanına iki nəfər göndərərək xəbərdarlıq edib: «Bursadakı otellərin birində görüşdüyüm bu şəxslər mənə dedilər ki, hörmətli baş nazir sənə çox qəzəblənib, haqqında ağır sözlər deyir. Və bir məktub yazaraq ondan üzr istəməyimi, hökumətə qarşı araşdırmaları dərhal dayandırmağımı istəyir. Əks təqdirdə zərər görəcəyimi, vəzifəmdən kənarlaşdırılacağımı bildirir. Mənə İstanbul Polis İdarəsinə niyə getdiyimi və bunun hər kəsi qəzəbləndirdiyini də dedilər. Bildirdim ki, rüşvət əməliyyatı çərçivəsində saxlanılan şəxslərin İstanbul Polis İdarəsində ifadələrinin və onlara veriləcək sualların dəyişdirildiyi barədə xəbər aldım. Bunu araşdırmaq üçün idarəyə gedib sualları möhürlü zərfdə təslim aldım. Baş nazirin göndərdiyi adamlara dedim ki, ən pis halda ölə bilərəm, bu halda da peşəmin şəhidi olaram. Bu cavabımdan sonra mənə çox zərər görəcəyimi dedilər».
Bütün bunlardan sonra Z.Öz həqiqətən də cəzalandırıldı. O da, Cəlal Kara da İstanbul Cümhuriyyət Prokurorluğundan çıxarılaraq əyalət prokurorluğuna göndərildi, sonradan oradan da uzaqlaşdırıldılar. Qeyd edək ki, «rüşvət dosyesi»ndə Türkiyənin 4 nazirinin, onların övladlarının və AKP hökumətinə yaxın xeyli sayda iş adamının adı keçirdi.
Prokuror adından məhrum oldular
Bu ilin mayında adıçəkilən prokurorlara növbəti zərbə gəldi. Hakimlər və Prokurorlar Ali Şurasının qərarı ilə Zəkəriyə Öz, Cəlal Kara və Mehmet Yüzgeçin prokuror kimi fəaliyyət göstərməsinə qadağa qoyuldu. Həmin vaxt Z.Öz qərarı siyasi sifariş adlandıraraq Şuranın səlahiyyətlərinə qarşı qəsb həyata keçirdiyini bildirmişdi.
«Şura Konstitusiyanı və qanunları çeynəyərək müdafiə olunmağımıza belə, imkan yaratmadan, «yuxarıdan» gələn göstəriş əsasında bu qərarı çıxarıb» deyə, Öz qeyd etmişdi.
İndi isə hər kəsi ən çox maraqlandıran keçmiş prokurorların niyə məhz Ermənistana qaçması, yaxud bu xəbərin nə dərəcədə doğru olmasıdır.
«Ergenekon» qurbanları danışdı: «İlahi ədalətdir»
Yeri gəlmişkən, Zəkəriyyə Özün Ermənistana qaçması xəbəri yayılandan sonra «Ergenekon» işinin məşhur simalarından olan bir neçə nəfər mətbuata açıqlama verib.
Mustafa Balbay bildirib ki, bir vaxtlar Ərdoğanın zirehli avtomobilinə minənlər indi axtarışa veriliblər: «Bizi illərlə həbsdə saxladılar. İndi özləri ölkədən qaçırlar. O, böyük bir tələnin görünən hissəsi idi. İlahi ədalət bərqərar oldu. Əgər bir damcı da olsa hüquqa xidmət göstərmək istəyirsə, o tələnin detallarını, həmin vaxt Ərdoğanla keçirdiyi görüşləri açıqlasın».
«Ergenekon» qurbanlarından Mehmet Ali Çelebinin Öz barədə fikirləri isə belə olub: «Onlar səhər açılmamış insanların evinə hücum etdilər,
amma səhərlərin birində də vətəndən qaçmaq məcburiyyətində qaldılar. Hüququ zülmə alət etdikləri üçün hüquqdan qaçmalı oldular. Çox ah aldılar. Hara getsələr də, o ah onları təqib edəcək».


Gültəkin