ardnf

Neft Fondu bir gündə 10 milyon dollar itirdi

Çin aktivlərinə qoyulan pullar batdı; Fondun yanlış qərarları son 2 ildə 100 minlərlə dollar itkiyə başa gəlib
 

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dünən – avqustun 11-də Çin Mərkəzi Bankının (ÇMB) milli valyuta – yuanın 2%-lik devalvasiyası ilə bağlı qərarından sonra 10 milyon dollar zərər edib.
 
Bu qərar Çinin ixrac potensialını artırmaq məqsədilə edilib. Qeyd edək ki, iyul ayında Çinin ixracı keçən ilin analoji dövrü ilə müqayisədə 8,3% azalıb.
 
Xatırladaq ki, ARDNF Çin aktivlərinə 3 mlrd. yuan (500 mln. dollar) həcmində investisiya yatırmaq üçün 2014-cü ildə ÇMB-dən müvafiq lisenziya alıb. Nəticədə bu ilin iyul ayında Çin dövlət istiqrazlarına investisiya həyata keçirilib. İnvestisiya yuanla baş tutduğundan, bu valyutanın bugünkü 2%-lik devalvasiyası dollar ekvivalentində ARDNF-ə 10 mln. dollar zərər vurub. Ekspertlər yuanın tədricən devalvasiya ediləcəyini proqnozlaşdırırlar (Report).
 
 
“Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Çin aktivlərinə pul yatırması yanlış qərar idi”. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban xəbəri şərh edərkən belə deyib. Onun sözlərinə görə, bu, çox böyük itkidir. Belə ki, vəsaitlər bu il iyulun əvvəlində yatırılıb və bir ay ərzində 10 milyon dollar itirilib.
 
“May ayından hər kəs Çin bazarını tərk edirdi. Heç kim Çin iqtisadiyyatının gələcəyinə inanmır”, – deyə İlham Şaban qeyd edib. 
 
İnvestorları qaçırdan əsas səbəb Çin şirkətlərinin borcunun həddindən yüksək olmasıdır. "Standard&Poor's" agentliyinin məlumatına görə, hazırda Çin şirkətlərinin borcu 16,1 trilyon dollara bərabərdir və yaxın beş ildə bu borc 28,8 trilyon dollara qalxacaq. Agentliyin ekspertlərinin fikrincə, bu, ölkə ümumi daxili məhsulunun (ÜDM) 160%-inə bərabərdir və ABŞ-ın analoji göstəricisindən iki dəfə yüksəkdir. 2014-cü ilin yekununa görə, Çinin ÜDM-i 10 trilyon dollar ətrafında olub. O, ÜDM-i 17 trilyon dolları ötən ABŞ-dan sonra dünyanın ikinci iqtisadiyyatının sahibidir.
 
Ekspertlər ehtimal edir ki, şirkətlərin borcunun həddindən yüksək olması Çin iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir: "Uzun illər Çin məmurları iqtisadiyyatın real sektoruna kapital axınının artırılması üzrə tədbirlər görürlər. Hazırda qiymət səviyyəsi durmadan aşağı düşür, gəlirin artım tempi azalır. Belə şəriatdə Çin şirkətləri borclarını ödəməkdə çətinlik çəkirlər. Bu, Çin iqtisadiyyatının sərt tənəzzülünə səbəb ola bilər", – deyə İsveçrənin "UBS" bankının Çindəki filialının aparıcı iqtisadçısı Van Tao bildirib.
 
Təəssüf ki, ARDNF təmsilçiləri bu nüansları nəzərə almayıblar və Azərbaycan xalqına məxsus 500 milyon dolları ciddi risk altına salıblar. İlham Şaban düşünür ki, ARDNF əmlak yatırımlarında da bu cür yanlış proqnozlara yol verir: “Məsələn, 2013-cü ildə Moskvadakı “QUM”un binasına 144 milyon dollar vəsait yatırılıb, indi qiyməti 40 milyon dollara düşüb. Ümumiyyətlə, onda Moskva, Seul, Paris və Londonda alınmış əmlaklara 800-900 milyon dollar vəsait yatırılmışdı, indi onların toplam qiyməti 300 milyon dolları keçmir. Həmin əmlaklar alınan ərəfədə bütün dünya ekspertləri neftin həmin vaxtkı yüksək qiymətlərinin köpük olduğunu, qiymətlərin düşəcəyini və əmlak qiyümətlərini salacağını deyirdi. Amma ARDNF-də heç kim buna fikir vermədi”,- deyə İlham Şaban vurğulayır (ans press).