Akademikin istefasına akademik müdaxilə

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun rəhbəri, akademik Tofiq Hacıyevin bu günlərdə rezonansa səbəb olmuş qalmaqallı istefasının səbəbi bəlli olub.

Bu barədə moderator.az saytına AMEA Rəyasət Heyətinin adının çəkilməsini istəməyən üzvü məlumat verib. 
 
Onun bildirdiyinə görə, Azərbaycan dilinin inkişafıyla bağlı dövlət proqramına uyğun olaraq aparılan islahatların tərkib hissəsi kimi struktur dəyişikliyi aparmaq niyyəti akademikə baha başa gəlib. Belə ki, iki il əvvəl ləğv edilərək başqa şöbəyə birləşdirilmiş dialektologiya şöbəsini bərpa etmək istəyi institut direktorunun qalmaqallı istefasına səbəb olub. 
 
Maraqlıdır ki, institutda sırf Azərbaycan dilçiliyi ilə bağlı yeni şöbənin yaradılması təşəbbüsü institutun elmi şurasında müzakirə olunaraq təsdiqlənib və AMEA Rəyasət Heyətinə təqdim olunub. AMEA vitse – prezidenti, akademik İsa Həbibbəyli və elmi katib Teymur Kərimli də bu təşəbbüsü alqışlayanlardan olub. Amma hansısa gözəgörünməz qüvvə belə bir təşəbbüsün gerçəkləşmsinə mane olub. 
 
Bir məntiqsizlik də ondan ibarətdir ki, təxminən bir ay əvvəl AMEA RH – də fəaliyyəti müsbət qiymətləndirilən Dilçilik İnstitutu və onun direktoru haqqında birdən – birə mənfi rəy formalaşdırılmağa başlayıb. 
 
İstefanın daha bir səbəbi isə vəzifəsindən azad olunmuş Məhəbbət Mirzəliyevanın yuxarılarda dəstək görən inadkarlığı olub. İlk əvvəl onun özünün haqlı olduğunu sübut etməyə çalışması AMEA rəhbərliyinin müqavimətinə səbəb olsa da sonda Prezident Administarsiyasındakı bəzi iri ranqlı məmurların Məhəbbət xanımı müdafiə etməsi vəziyyətin 180 dərəcə dəyişməsinə səbəb olub. 
 
Mənbə onu da bildirir ki, uzun illər Dilçilik İnstitutunda çalışmış və adı daim müxtəlif intriqalarda hallanan M. Mirzəliyevanı Multukulturalizm üzrə dövlət müşaviri, akademik Kamal Abdulla da dəstəkləyib və məhz onun müdaxiləsi sonda akademik Tofiq Hacıyevin istefasına səbəb olub.