Aclıq arzusu

Qidalanmaq, yaşamaq üçün ən vacib şərtdir. Məhz buna görə də insan acdığını hiss edə bilir və dərhal mədənin təlabatını ödəyir. Amma aclıq hissi yalnız mədə ilə bağlı olanda faciə başlayır. Cəmiyyət o zaman gülüstana çevrilir ki, insanlar həm də azadlıq, həqiqət, ədalət acı olurlar. Kiminsə haqsızlığa məruz qalması, ölkənin talan edilməsi, dəyərlərin tapdanması səni narahat etmirsə, deməli, mənəvi bağlar qırılıb. Mədəmiz ac olanda keçirdiyimiz narahatlıq, əsəbilik hissini, cəmiyyətimiz uçuruma yuvarlananda da keçirməliyik. Dadlı xörəkdən həzz aldığımız kimi, haqsızlığa etiraz etməkdən də həzz almalıyıq. 2 gün ac qaldığımız halda necə halsız oluruqsa, biganəlik, susqunluq da bizi halsız etməlidir. Mədəmiz aclıqdan ağrıdığı kimi, qəlbimiz də mübarizədən kənarda qaldığımız üçün ağrımalıdı.

Əslində bəşəriyyət mənəviyyat aclığını hiss edən insanların sayəsində mövcuddur.

“Bu gün yemək yeməmişəm, acından ölürəm” dediyimiz kimi, “bu gün haqsız yerə həbs olunmuş insanlar haqqında heç nə etməmişəm, ruhum acıbdı” deməyi bacarmalıyıq.

Təəssüflər olsun ki, uzun illər yürüdülən siyasət cəmiyyətə yeni “dəyər”lər gətirdi və bu “dəyər”lər həqiqi dəyərləri  inkar etdi. Vəziyyət o həddə çatdı ki, başı aşağı əymək köləllik yox, fərasət kimi dəyərləndirildi. Insanlar bütün orqanlarını mədəyə əsir saldılar. Əslində “çörək pulu” ifadəsi də köləliyin cəmiyyətə inteqrasiyası dövründə yarandı. Məsələ burasındadır ki, kütləvi mədələşmə müsbət  personajları arzuolunmaz şəxsə çevirdi. Bu ölkədə döyüş filmlərinin həvəskarı olan milyonlarla insan var. Adamlar   zülmlə mübarizə aparan, quldur dəstəsini məhv edən,  çətinliklərə baxmayaraq missiyasını davam etdirən film qəhrəmanlarını acgözlüklə izləyirlər. Belə film qəhrəmanlarının fotolarını alırlar, disklərini axtarırlar, geyimlərindən istifadə edirlər və s. Yəni müsbət  personajlara hər kəs rəğbətlə yanaşır. Amma real həyatda belə qəhrəmanların fəaliyyəti qiymətləndirilmir. Əksinə, zülmlə mübarizə aparanlara, haqsızlığa etiraz edənlərə qarşı biganəlik var. Gecə-gündüz Hollivud filmlərinə baxıb həzz alanlar, bütün həyatını risqə qoyan adamlara məsləhət verməyə çalışırlar. Məsələn, tez-tez “onsuz da heç nə düzələn deyil”, “bu hökuməti yıxmaq olmaz” kimi pessimisit fikirlər eşidirik. Insanlarda döyüşə girmədən təslim olmaq əhvalı mövcuddur. Deməli, yuxarıda haqqında danışdığımız mənəvi aclıq sıradan çıxır və bütün boşluqları maddi nemətlər doldurur.

Insanların informasiya almağa, dövləti idarə edənlərin kimliyini araşdırmağa, ölkənin gəlir və itkilərini hesablamağa da tamahı düşməlidi. Bizə elə gəlir ki, siyasətə qarışmamaq ölkədə baş verənlərə biganə qalmaqdır. Hansıki,  vətəndaşın tam biganəliyi bumeranq effekti verir və fərdlərin zərərinə işləyir. Vətəndaşın üzərinə düşən məsuliyyəti hiss etməməsi, şəxsin acdığını hiss etməməsi kimidir. Əgər acdığını hiss etmirsənsə, deməli, orqanizm funksiyasını itirməyə başlayır. Cəmiyyətdə də hissiyyatın ölməsi eyni fəsadları verir.

Ona görə də hamınıza aclıq arzulayıram. Çünki, hamınızın toxluğu, xoşbəxtliyi, işıqlı gələcəyi aclıqdan asılıdır. Bu gün neçə nəfərin ruhu acıb? Neçə adamın qəlbinin mədəsi ağrayır? Kaş hərəmizin bir tikə həqiqətə tamahı düşəydi. Kaş hamımız acgözlüklə ədalətdən bir dişlək almaq istəyəydik.