Məmur oliqarxlar əhalini talamaq üçün hansı fəndlərə əl atır?
Vahid Məhərrəmov, Kənd təsərrüfatı mütəxəssisi
Bir neçə gün əvvəl Kənd təsərrüfatı naziri mətbuata müsahibə verərək, taxıl istehsalında məhsuldarlığın son 100 ilin rekord həcmində olduğunu deyib. Daha sonra o, fikrini belə davam etdirib: “30,5 bütün taxıldı, konkret buğdaya gəldikdə isə 31-dən artıq hər hektarda. Bilirsiniz, keçən il 22-dən bir az yuxarı olub. Ümumiyyətlə, 1913-cü ildən bəri olan, bu vaxta olan arxiv materiallarına əsasən, belə bir göstərici son 100 ildə olmayıb”.
Nazirin çıxışını dinləyərkən əvvəlcə belə qənaətə gəldim ki, bu ilin məhsuldarlığını 100 ilin rekordu kimi ictimaiyyətə təqdim etməklə məmur böyük təvazökarlıq edib. Lakin çıxışı sona kimi dinləyəndə anladım ki, nazir “1913-cü ildən bəri olan arxiv materiallarına əsaslanaraq” belə təmkinli çıxış edib. Əgər arxiv materiallarında Adəm Peyğəmbərin dövründən, yaxud ibtidai icma quruluşundan bu günə qədər məhsuldarlığı özündə əks etdirən sənəd olsaydı və yaxud elementar qeydiyyat aparılsaydı, biz belə “rekord” göstəricilərin tarixdə yalnız bizim məmurlara aid olduğunu çox asanlıqla subut edərdik. Hörmətli nazir də 100 illə məhdudlaşdırdığı rekordunu tam miqyasda göstərə bilərdi.
Apardığımız araşdırmalar onu deməyə əsas verir ki, taxılın, buğdanın məhsuldarlığı ilə bağlı səsləndirinlən rəqəmlər son 100 ildə heç bir nazirin və dövlət başçısının cürət edib səsləndirə bilmədiyi göstəricilərdi. Bu o demək deyil ki, Azərbaycanda hər hektardan 30 sentner məhsul götürmək mümkün deyil. Təcrübə göstərir ki, ölkə üzrə 30 sentner məhsul əldə etmək üçün heç əziyyət çəkməyə də ehtiyac yoxdur. Əslində, Azərbaycan şəraitində hər hektardan 30 sentner taxıl əldə etmək lovğalıq üçün ciddi əsas da vermir. Ölkəmizin torpaq-iqlim şəraiti hər hektardan 65-70 sentner məhsul əldə etmək imkanı verir. Digər ölkələrdə olduğu kimi, daha məhsuldar buğda, arpa və sair taxıl sortları yetişdirməklə və daha müasir texnologiyanı tətbiq etməklə, ölkəmizdə hər hektardan 80-90 sentner məhsul əldə etmək mümkündür. Bu göstəricilərə Avropa ölkələrində, Rusiyanın qabaqcıl təsərrüfatlarında uzun illərdir ki, nail olurlar.
Xalqdan gizlədilən “rekordlar”
Rekordlardan söz düşmüşkən istərdim ki, “arxiv materiallarına əsasən”, keçən 100 ildə kənd təsərrüfatında qeydə alınmış rekordlardan söhbət açaq. Hesab edirəm ki, kənd təsərrüfatı naziri rekorddan danışanda gərək sələfinin, əvvəlki nazirin rekordlarını da unutmasın, yada salsın. Ona görə ki, o da bir vaxt analoqu olmayan, rekord göstəriciyə imza atdığını demişdi. Indiki kimi yadımdadı, onun rekordu bir çox deputatları da coşdurmuşdu. Onlar o vaxt Ismət Abbasovun böyük nailiyyətlər əldə etdiyini və layiqincə mükafatlandırılmasını istəyirdilər. Taxılçılıqda 2008-ci ildə hər hektardan 27,9 sentner taxıl və hər hektardan 27,8 sentner payızlıq buğda istehsal olunduğu göstəricisini ortaya qoymaqla Ismət Abbasov 100 illiyin məhsuldarlıq rekordunu birinci qeyd etmişdi. Ortaya qoyduğu rəqəmlərə görə, deputatlar tərəfindən təriflənən Abbasov növbəti ildə də ən yüksək göstəricisini – 100 ilin rekord istehsal rəqəmini ictimailəşdirdi. 2009-cu ildə ölkədə 2 milyon 988 min 300 ton taxıl istehsalı rəqəmini elan etdi. Budəfəki rekord göstərici isə deputatları, məmurları yenidən coşdurdu, onlar özlərini saxlaya bilmirdilər, bəziləri sifətinə axan sevinc, təbəssüm göz yaşlarını silə-silə deyirdi: “Yaxın illərda Azərbaycan taxıl ixracatçısına çevriləcək”.
Hətta buna Abbasov özü də inanmışdı, o, telekanallarda çıxış edərək, 2010-cu ildən başlayaraq Azərbaycanın taxıl ixrac edəcəyini bəyan etmişdi. Onu da qeyd etməliyəm ki, ölkə ictimaiyyəti üçün şəffaf, açıq olan “nailiyyətlər”, “rekord”larla yanaşı, tam məxfi, gizli saxlanılan əsl rekordların da sayı az deyildi. Elə həmin illərdə Ismət Abbasov ictimaiyyətdən gizli saxlanılan bir neçə rekorda imza atmışdı. Rekord məhsuldarlıq əldə olunan 2008-ci ildə Azərbaycana xarici ölkələrdən 368 milyon 379 min ABŞ dolları dəyərində buğda gətirilmişdi. Bu göstərici də son 100 illiyin ən yüksək idxal göstəricisi olmaqla yanaşı, həm də ölkənin ərzaq buğdasına olan ehtiyacının tam idxaldan asılı vəziyyətə salınması demək idi. Lakin bu hələ son deyildi. Məmur və deputatların verdikləri vədin əksinə olaraq, 2010-cu ildən ölkə nəinki taxıl ixracına başlamadı, əksinə, elə həmin ildə əvvəlki ilə nisbətən istehsal 100 ildə görünməmiş həddə – 987 min 800 ton azalaraq, 2 milyon tona düşdü. Sonrakı illərdə də ölkəyə idxal edilən taxılın həcmi artmağa başladı. Yalnız buğda idxalı analoqu olmayan, rekord səviyyədə artaraq, 2013-cü ildə 1 milyon 451 min ton təşkil etdi. Nazir idxal olunan məhsulun dəyəri ilə bağlı rekordu da yenidən təzələdi. Bu dəfə ölkəyə gətirilən buğdanın dəyəri 395 miyon 282 min ABŞ dolları təşkil etdi.
Kağız üzərindəki yalan uğurlar
Abbasovun digər sahədəki rekordları mətbuatda geniş işıqlandırılıb. Mənim bu haqda nəsə yazmaq fikrim yoxdu. Sadəcə, onu deyə bilərəm ki, ondan əvvəlki nazirlərin heç biri Ingiltərədə dəbdəbəli malikanə, maşın, Türkiyədə villa sahibi ola bilməyib. Bu da rekord göstərici sayıla bilər.
Ümumiyyətlə, rekord məhsul istehsalı ifadələri H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet dövründə tez-tez işlədilərdi. Apardığımız araşdırmalar da göstərir ki, o vaxtdan indiyə qədər bir çox məhsullarla bağlı rekord göstəricilər hələ də yenilənməyib. Məsələn, 1979-cü ildə ilk dəfə pambığın məhsuldarlığı 30,8 sentner göstərildi. Sonrakı ildə də bu göstəricini nisbətən saxlamağa çalışsalar da, rekordu təzələmək mümkün olmadı. O vaxt az da olsa, qorxu var idi, indiki kimi rəqəmləri, göstəriciləri aşırı şişirtmək olmazdı. Həm də 1979-cu ildə buna “zərurət” var idi. Həmin il Heydər Əliyevə birinci dəfə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. Növbəti ildə təkrarlamağa ehtiyac da yox idi. Ona görə də sovet saxtakarları 1980-ci ildə pambığın məhsuldarlığını 30,2 sentner göstərməklə kifayətləniblər. Əvvəllər və sonradan pambığın məhsuldarlığını bu qədər şişirtmək, göstərmək mümkün olmayıb. Lakin saxtakarlar da əməllərindən əl çəkməyiblər. Pambıq “pripiskası” ilə yanaşı, üzümün istehsal göstəricilərinə də əl gəzdirməklə, Moskvanın gözünə yaxşı görünmək istəyiblər. Pambıq “pripiskasının” faydasını görənlər 1981-ci ildə üzümün məhsuldarlığını 101,7 sentner göstərməklə, bu sahədə də rekord yaradıblar.
Ümumiyyətlə, nazirin dili ilə desək, “1913-cü ildən bəri olan, bu vaxta olan arxiv materiallarına əsasən”, Azərbaycanda yetişdirilən bütün kənd təsərrüfatı məhsullarının əkin sahəsi, istehsalı, məhsuldarlığı, idxalı, ixracı və sair göstəricilər üzrə minlərlə rekordlar olub. Amma əksəriyyəti kağız üzərində… Bu “rekord”larla sahəyə məsul olan məmurlar yuxarıları aldadaraq, onlardan tərif, vəzifədə müddət, mükafatlar almağa nail olublar.
Məmur-oliqarxların talançılığı
Əgər 2015-ci ilin ümumi istehsal göstəricisi əvvəlki 100 ilin göstəricisindən yüksək olsaydı, bunu nailiyyət kimi qeyd etmək olardı. Birincisi, yuxarıda qeyd etdiyim kimi, nazirin sələfi Abbasov 2 milyon 988 min 300 ton taxıl istehsalı göstəricisilə rekordun əsasını qoyub. Builki 2,7 milyon ton taxıl istehsal göstəricisi həmin rekordu heç yeniləmək üçün də yetərli deyil. Idmandan fərqli olaraq, bu sahədə çəki önəmlidir. Bu sahədə əsas ölkənin ərzaq buğdasına olan tələbatının daxili istehsal hesabına ödənilməsidir. Buna isə fənd işlətməklə, rəqəm şişirtməklə nail olmaq mümkün deyil. Ilin əvvəlində heç bir ciddi əsas olmadan bu ildən Azərbaycan Dövlət Taxıl Fonduna tədarük edilən taxıl ehtiyatının həcmi artırıldı. Nazirlər Kabinetinin “Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” qərarına əsasən, Taxıl Fonduna yığılan ehtiyatın həcmi 750 min tona çatdırılıb. Əvvəllər isə bu ehtiyat 500 min ton təşkil edirdi.
Təəssüflə qeyd etməliyəm ki, Taxıl Fondunda buğda ehtiyatı əsasən xaricdən – digər ölkələrdən gətirilən məhsulların hesabına formalaşır. Ilin əvvəlində bu addımın atılmasına səbəb bəlkə də bu il buğda istehsalının az olacağı ilə bağlı verilən proqnozlar olub. Hökumətin bu qərarından sonra bu il Rusiyadan buğda idxalı əvvəlki ilə nisbətən 2 dəfə artırılıb.
Bu ilin fevral ayından Rusiya hökuməti dünya bazarında mövcud olan qiymətdən fərqli olaraq, hər ton buğda üçün 37 avro əlavə qiymət müəyyən etdi. Ancaq Rusiya buğdasının baha olmasına baxmayaraq, Azərbaycan daha çox maliyyə ödəməklə buğdanı Şimal qonşumuzdan idxal edib. Gətirilən buğdanın həcmi çox olmaqla yanaşı, qiyməti də baha başa gəlib. Indi isə çox baha qiymətə idxal etdikləri buğdanı yüksək qiymətə də təklif edirlər. Dünya bazarında 1 ton buğdanın qiyməti 169-170 dollar olduğu halda, Azərbaycanda qiymət 250 dollar civarındadır. Bunu da məmurların yaratdığı süni qiymət rekordu kimi qeyd etmək olar. Ölkədə qiymətin bu səviyyədə saxlanmasında marağı olan qüvvələr, inhisarçılar, oliqarx-məmurlar var. Heç şübhəsiz ki, Dövlət Taxıl Fonduna yığılan ehtiyatın həcminin 750 min tona çatdırılmasına da həmin oliqarx-məmurlar təşəbbüs göstərib. Rekord səviyyədə – 750 min ton 7-8 aylıq buğda ehtiyatının dövlət hesabına yaradılması birmənalı olaraq, korrupsiyaya, talançılığa yol açır. Dövlət hesabına fondda bu qədər məhsul ehtiyatı yaratmaq yalnız oliqarx-məmurların merkantil maraqlarına xidmət edir. Hər halda, hökumət məmurları da bundan bəhrələnməmiş deyillər.
Istehsalın azalmasını ört-basdır eləmək üçün manipulyasiya
Nazir 2015-ci ilin məhsuldarlığını əvvəlki ilin göstəricisi ilə müqayisə edir. Nəzərə almaq lazımdır ki, sələfinin vaxtında – 2013-cü ildə hər hektardan 26,8 sentner məhsul istehsalı göstərildiyi halda, 2014-cü ildə özünün dediyi kimi, “22-dən bir az yuxarı” rəqəmlə faktiki göstərici enmişdi. Lakin bu uğursuzluğu əvvəllər dilə gətirmədikləri halda, indi rəqəmin kiçik olmasından istifadə edərək müqayisə üçün istifadə edirlər. Əslində isə taxıl istehsalının 2014-cü ildə əvvəlki ilə nisbətən 575 min ton azalması haqda danışmırdılar, indiyədək susurdular.
Əlbəttə, istehsalla bağlı rəqəmləri məmurlar özləri uydurduqları üçün uzun-uzadı bu haqda yazmağa, buna vaxt sərf etməyə dəyməz. Dəqiq olan odur ki, ölkəyə bu il son 100 ildə rekord dəyərdə buğda idxal olunub. Azərbaycana 2015-ci ilin ilk 6 ayı ərzində 187 milyon 556 min ABŞ dolları dəyərində buğda idxal olunub. Buna baxmayaraq, deyd etdiyim kimi, buğdanın və unun qiyməti ölkə bazarında hələ də rekord səviyyədə yüksək olaraq qalır. Digər tərəfdən, bu il Dövlət Taxıl Fonduna yığılan ehtiyatın süni olaraq artırılması kənd təsərrüfatı nazirliyinə imkan yaratdı ki, artan idxal hesabına azalan istehsalı ört-bastır etsin. Bu hal manipulyasiya üçün geniş imkan yaratdı. Ona görə də ortada heç nə olmadığı halda, məmurlar manipulyasiyaya əl atıb taxılın məhsuldarlığı ilə bağlı göstəriciləri uyduraraq, iş görüntüsü yaratmağa cəht edirlər. Bu ilin “kənd təsərrüfatı ili” elan olunması onlarda yeni-yeni “rekordlar” uydurmağa həvəs yaradır.
Kənd təsərrüfatı idman arenası deyil. Bu çox ciddi sahədir. Kənddə milyonlarla insanlar yaşayır, çalışır, ömür sürür, bu məkan onların həyat tərzidir. Deməli, kənd təsərrüfatı həm də sosial sahədir.
Digər tərəfdən, kənd təsərrüfatı ölkəni ərzaqla təmin edən ən vacib sahədir. Bu sahə ilə bağlı rəqəm sadalayanlar, hər 3 aydan bir kənd təsərrüfatında üç, beş, on beş faiz “artım olub” deyənlər kənd təsərrüfatının funksiyasını, mahiyyətini, təyinatını anlamalıdır.